Trendə aldanıb pul xərcləyənlər: Psixoloqdan FOMO xəbərdarlığı

Sosial şəbəkələrin gündəlik həyatımıza təsiri artdıqca, alış-veriş vərdişlərimiz də köklü şəkildə dəyişir. Hazırda rəqəmsal platformalarda sürətlə trendə çevrilən məhsullar istehlakçı davranışını idarə edən əsas qüvvəyə çevrilib. Bir çox hallarda insanlar real tələbatı olmayan əşyaları sadəcə "hamıda var" deyə və ya alqoritmlərin təzyiqi ilə almağa meyil edirlər. Real ehtiyac olmadığı halda sadəcə kütləvi trendə qoşulmaq istəyi insanların qərarvermə mexanizminə ciddi təsir göstərir.
Sfera.az xəbər verir ki, psixoloq Aytən Ələkbərova insanların ehtiyacları olmadığı halda trend məhsulları almasında sosial medianın və psixoloji amillərin mühüm rol oynadığını bildirib.
Psixoloq qeyd edib ki, sosial media dövründə insanlar məhsulları bəzən real ehtiyaclarına görə deyil, ətrafdakı insanların seçimlərinə uyğunlaşmaq və trenddən geri qalmamaq üçün alırlar.

A.Ələkbərovanın fikrincə, xüsusilə yeni məhsullar barədə sosial mediada yayılan məlumatlar insanlarda maraq və almaq istəyi yaradır. O, buna nümunə olaraq hələ təqdim edilməyən “iPhone 18”lə bağlı süni intellekt əsasında hazırlanan görüntülərin və məhsulun funksiyaları barədə yayılan məlumatların insanlarda əvvəlcədən maraq formalaşdırdığını deyib:
“Bəzi hallarda insanlar yüksək məbləğ ödədikləri məhsulun əvəzinə həmin vəsaiti daha uzunmüddətli dəyər yaradan əmlaka və ya digər ehtiyaclara yönəldə biləcəklərini düşünmürlər. Onun fikrincə, telefonun zədələnməsi və ya ekranının sınması kimi hallarda məhsulun dəyərinin azalması da nəzərə alınmalıdır. Bu davranışın əsas səbəbləri arasında FOMO, yəni fürsəti qaçırmaq qorxusu, trend bitmədən məhsulu əldə etmək istəyi və müəyyən qrupa aid olmaq ehtiyacı dayanır. Xüsusilə gənclər arasında populyar olan məhsula sahib olmaq insanda status və özünüifadə vasitəsi kimi qəbul edilə bilər. Bu, insanın beynində öz-özünə yaratdığı bir proqramdır. İnsan düşünür ki, bundan təcili istifadə etməliyəm”.
Psixoloq hesab edir ki, sosial mediada məhsulların təkrar-təkrar nümayiş etdirilməsi də onların insanlar üçün daha tanış və etibarlı görünməsinə səbəb olur:
“Bu, marketinqdə istifadə olunan əsas mexanizmlərdən biridir və məhsulun sosial mühitdə özünü təsdiqləməsi ilə də əlaqəlidir. Bu cür alışlar emosional alış kimi də qiymətləndirilə bilər. İnsanlar bəzi hallarda məhsulu ona ehtiyac duyduqları üçün deyil, trendin yaratdığı həyəcanı yaşamaq üçün alırlar”.
İradə Elsevər






