İşəgötürənlərin əsas sualı: "Xarici dil bilirsiniz?"

Azərbaycanda əmək bazarında xarici dil biliklərinə tələbat artır. Bir çox peşələr üzrə işəgötürənlər namizədlərdən xarici dil bilmələrini istəyirlər.
Sfera.az xəbər verir ki, sosioloq Nail Cəlil bildirib ki, xarici dil tələbi bütün fəaliyyət sahələri üçün eyni dərəcədə vacib deyil.
Onun sözlərinə görə, bəzi işlərdə Azərbaycan dilində səlis, ədəbi və işgüzar ünsiyyət qurmaq bacarığı kifayət edir.
Nail Cəlil sənaye, qida istehsalı, enerji məhsullarının ixracı və turizm kimi sahələrdə xarici dil biliklərinə ehtiyacın daha çox olduğunu deyib:
“Amma digər sahələrin əksəriyyəti bu və ya digər formada xarici firmaların, xarici təşkilatların və xarici müəssisələrin fəaliyyəti ilə əlaqəlidir. Ölkə xaricinə həm intellektual, həm də istehsal məhsulu çıxarmaq istəyiriksə, bu sahədə tələbat artır”.

O qeyd edib ki, Azərbaycan dilini bilmək mütləqdir, lakin müəyyən fəaliyyət sahələrində xarici dil tələbi qaçılmazdır:
“Dünyada hazırda ünsiyyətin, işgüzar və rəsmi ünsiyyətin ən çox aparıldığı dillərdən biri olan ingilis dilini bilmək məqsədəuyğundur. Regional dil kimi rus dili də müəyyən üstünlük və təsir imkanı qazandırır. Süni intellekt və yeni texnologiyalar xarici dil bilməklə bağlı bəzi məhdudiyyətləri aradan qaldırsa da, dili səlis bilmək işçi üçün əlavə üstünlük olaraq qalır. Bu, araşdırma aparmaq, müxtəlif resurslara çıxış əldə etmək və internet texnologiyalarından daha geniş istifadə etmək imkanları yaradır”.
Sosioloq hesab edir ki, xarici dil seçimi şəxsin peşəsinə uyğun olmalıdır. Onun fikrincə, sosioloq, psixoloq və politoloq kimi mütəxəssislər üçün xarici dillərdə elmi mənbələri orijinaldan oxumaq xüsusi əhəmiyyət daşıyır.
O vurğulayıb ki, xarici dil bilmək mütəxəssisin beynəlxalq əmək bazarına və beynəlxalq ünsiyyət məkanına inteqrasiyasını da asanlaşdırır:
"Ixtisas biliyinin bir neçə dildə tətbiq edilməsi əmək bazarında rəqabət qabiliyyətini artırır. Dil bilməyən şəxslərin bu səbəbdən ruhdan düşməsinə ehtiyac yoxdur. Dil öyrənməyin yaş həddi yoxdur və insan istənilən yaşda yeni dil öyrənə bilər. Azərbaycan dilinin qorunmasının və daha dərindən mənimsənilməsinin vacibliyini də vurğulayıb. Ana dilini inkişaf etdirməklə yanaşı, digər dilləri də öyrənmək qloballaşan və rəqabəti artan əmək bazarında insanlara əlavə imkanlar yaradır”.
İradə Tağızadə






