Məşhurları davamlı izləmək: bu xəstəlikdir, yoxsa heyranlıq?

Məşhurlara qarşı həddindən artıq heyranlıq və sosial mediada onlarla bağlı məzmunu davamlı izləmək bəzi hallarda insanın gündəlik həyatına və real münasibətlərinə mənfi təsir göstərə bilər. Mütəxəssislər bu cür bağlılığın ifrat həddə çatdıqda asılılıq xarakteri ala biləcəyi barədə xəbərdarlıq edirlər.
Sfera.az xəbər verir ki, Türkiyənin klinik psixoloqu Jülide Unutmazın sözlərinə görə, sosial media məşhurların gündəlik həyatını daha əlçatan göstərərək insanlarda onlara qarşı emosional yaxınlıq hissini gücləndirə bilər.
O deyib ki, zaman keçdikcə insanlar izlədikləri məşhuru həqiqətən tanıdıqlarını düşünə və emosional sərmayələrini yalnız bir şəxsə yönəldə bilərlər. Bu bağlılığın güclənməsi real həyatda qurulan münasibətlərə laqeyd yanaşılmasına, sosial həyatdan uzaqlaşmağa və gündəlik fəaliyyətlərin pozulmasına səbəb olur.
Psixoloq bu vəziyyətin psixologiyada “parasosial münasibət” adlandırıldığını bildirib. Mütəxəssis qeyd edib ki, xüsusilə sosial medianın təsiri ilə fanat mədəniyyəti daha da geniş yayılıb və bu maraq bəzi insanlarda izlədikləri məşhurla emosional yaxınlıq hissinin yaranmasına gətirib çıxarır:
“Parasosial münasibətlər hər zaman zərərli deyil. Belə münasibətlər insana ilham, motivasiya və mənsubiyyət hissi verə bilər. Lakin bağlılıq həddindən artıq gücləndikdə və real həyatdakı münasibətləri əvəz etməyə başladıqda problem yarana bilər”.
J.Unutmazın fikrincə, valideynlər qadağanedici və mühakiməedici yanaşma əvəzinə, gənclərin izlədiyi məzmunu anlamağa və onlarla açıq ünsiyyət qurmağa çalışmalıdırlar.
İradə Elsevər






