"Əvvəl yas sahibinin yanında olardılar, indi ehsan yeyib qayıdırlar" - Nələr dəyişib?

Azərbaycanlıların gündəlik həyatında son illərdə bir sıra vərdişlər dəyişib. Ən nəzərəçarpan dəyişikliklərdən biri insanların real ünsiyyətdən tədricən virtual ünsiyyətə keçməsi, sosial münasibətlərin və ənənəvi mərasimlərin əvvəlki formasını itirməsidir.
Sfera.az-a İctimai və mədəniyyət xadimi, Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, www.kitabxana.net – Mir Cəlal Paşayev adına Milli Virtual-Elektron Kitabxana portalının yaradıcısı, Prezident təqaüdçüsü, yazıçı-kulturoloq Aydın Xan Əbilov açıqlamasında bildirib ki, bu dəyişiklik təkcə Azərbaycana deyil, bütün dünyaya xas prosesdir.

Onun sözlərinə görə, əvvəllər insanlar daha çox kollektiv şüura, sosial yardımlaşmaya və üzbəüz ünsiyyətə meylli olsalar da, hazırda virtual aləm gündəlik həyatın əsas hissəsinə çevrilib:
“İndi insanlar daha çox virtual vərdişlərə yiyələnirlər, elektron və internet dünyasına müraciət edirlər. İnsanlar sosial şəbəkə və messencerlər vasitəsilə bir-biri ilə elektron ünsiyyət qurmağa çalışırlar. Artıq ictimai düşüncə və sosial həyat bir çoxlarımız üçün qapalı olub və vərdişlərin özlərinin də buna uyğun olaraq dəyişməsinin şahidi oluruq”.
Aydın Xan Əbilov qeyd edib ki, bu dəyişikliklər mərasim mədəniyyətində də özünü göstərir. Onun sözlərinə görə, əvvəllər toy və yas mərasimləri insanların bir-biri ilə daha uzunmüddətli sosial bağ qurmasına imkan verirdi:
“Əvvəllər toy olanda, yas olanda insanlar çoxlu mərasimlərdə iştirak edirdilər. Yas mərasimlərində cümə günlərində, ölənin üçündə, qırxında, ilində insanlar yas sahibinin yanında olmağa çalışırdılar. Bu, həm mənəvi, həm sosial, həm psixoloji, həm də dini baxımdan əhəmiyyət daşıyırdı. İndi isə bəzən sadəcə iki saat gedib ehsan yeyib yenidən öz virtual yuvamıza qayıdırıq”.
Kulturoloq bildirib ki, bununla yanaşı, Azərbaycan cəmiyyətində əvvəllər geniş yayılmış bir sıra mənfi vərdişlər də zamanla aradan qalxıb. O, qohumlar arasında evlilik, erkən nikahlar, qız qaçırma, toylarda münaqişə yaratmaq, ailədaxili sərt münasibətlər və digər halları buna nümunə göstərib.
Onun sözlərinə görə, bu prosesdə həm qanunvericiliyin sərtləşməsi, həm də yeni nəslin dünyaya daha açıq olması mühüm rol oynayıb:
“Yeni nəsil dünyaya açıldı və gördü ki, dünyaya bircə dəfə gələn insan toylarda dava salmaqla, özünü göstərməklə və digər mənfi xüsusiyyətlərlə tanınmır. Əksinə, yeniliklər etməklə, startaplar yaratmaqla, perspektivli işlər ortaya qoymaqla özünü tanıtdırır”.
Aydın Xan Əbilov vurğulayıb ki, əvvəlki nəsillərdə sosial münasibətlərdə müəyyən mənfi stereotiplər də vərdişə çevrilmişdi. Qonşu ilə torpaq üstündə mübahisə etmək, ailədə gəlinə və kürəkənə təzyiq göstərmək, qudalar arasında üstünlük nümayiş etdirmək kimi davranışların da nəsildən-nəslə ötürüldüyünü deyib.
Kulturoloq yalnız mənfi deyil, müsbət vərdişlərin də tədricən aradan çıxdığını qeyd edib:
“Vaxtilə çox gözəl vərdişlərimiz olub. Xəstə adamların yanında olmaq, Novruz bayramında qocalara baş çəkmək, ehtiyacı olan ailənin evini təmizləmək, əkinçilikdə bir-birinə kömək etmək, toyda yemək hazırlanmasında iştirak etmək, yasda bir-birinə yardım etmək, çadır qurmaq kimi adətlər vardı. Təəssüf ki, bunların bir çoxu artıq aradan çıxıb”.
Aydın Xan Əbilovun fikrincə, bütün bunlarla yanaşı, cəmiyyətə yeni və müsbət vərdişlər də daxil olub. Könüllülük, sosial yardım və müxtəlif ictimai təşəbbüslərdə iştirak buna nümunədir.
“Hadisə baş verən zaman bizim insanlar yenə də bir-birinə kömək edirlər. Yanğın olanda, müharibə zamanı birləşə bilirlər. Bunlar da gözəl vərdişlərdir”, – deyə o bildirib.
Kulturoloq qeyd edib ki, texnologiyanın inkişafı insanların gündəlik davranışlarına da ciddi təsir göstərib. Onun sözlərinə görə, hətta eyni evdə yaşayan insanlar belə bəzən bir-biri ilə messencerlər vasitəsilə əlaqə saxlayırlar:
“Əvvəllər kənd yerində qışqıra-qışqıra danışa bilirdiksə, indi şəhər yeridir və çalışırıq ki, sakit danışaq. Hətta bina evlərində bir otaqdan digər otağa WhatsApp və messencerlər vasitəsilə zəng edib fikrimizi söyləyir, etirazımızı bildirir və ya çay gətirməyi xahiş edirik”.
Aydın Xan Əbilov hesab edir ki, vərdişlərin dəyişməsindən qorxmaq lazım deyil. Onun fikrincə, hər dövrün və hər nəslin özünəməxsus davranış modeli formalaşır:
“Dünya dəyişdikcə vərdişlər də dəyişəcək. Hələ çoxlu vərdişlər gələcək, yeniləri ilə əvəzlənəcək, bir çoxları isə sıradan çıxaraq tarixin yaddaşına gedəcək. Buna hazır olmalıyıq. Hər zamanın, hər nəslin öz vərdişləri olur. Bu xüsusiyyətlər insanların həyat tərzi, xarakteri və toplumun qazandığı dəyərlərlə formalaşır”.
Firuzə Əliyeva






