"Qadın və kişinin iş şəraiti eyniləşdirilməməlidir" – Ekspert

Uşaq sahibi olduqdan sonra əmək bazarından müəyyən müddət uzaqlaşan qadınlar işə qayıdarkən bir sıra çətinliklərlə üzləşirlər. Karyera fasiləsi iş təcrübəsinin davamlılığına, peşəkar inkişaf imkanlarına və gələcək əməkhaqqına təsir etməklə yanaşı, qadınların əvvəlki vəzifə və maaş səviyyəsinə qayıtmasını da çətinləşdirir.
Sosioloq Mail Yaqub Sfera.az-a açıqlamasında bildirib ki, qadınların analıq məzuniyyətindən sonra əmək bazarına qayıtmasında psixoloji amillər də rol oynayır.
Onun sözlərinə görə, uzun fasilədən sonra işə adaptasiya qadınlar üçün çətinləşə bilər:
"Qadınların iş şəraitinə xüsusi yanaşılmalı, onlar üçün müəyyən güzəştlər tətbiq edilməlidir. Qadın və kişinin iş şəraitinin eyniləşdirilməsi doğru deyil və qadınlar daha az işləsələr belə, əməkhaqqı baxımından kişilərlə bərabər imkanlara malik olmalıdırlar".

O, bu məsələdə dövlət səviyyəsində qadınlara xüsusi diqqət göstərilməsinin vacibliyini vurğulayıb.
Məsələyə psixoloji aspektdən yanaşan psixoloq Həsənağa Səlimzadə isə deyib ki, qadınların uzunmüddətli fasilədən sonra əmək bazarına qayıdışı zamanı psixoloji uyğunlaşma prosesi də nəzərə alınmalıdır:

"Analıq məzuniyyətindən sonra işə qayıdan qadınlarda özünəinamın azalması, yeni iş şəraitinə uyğunlaşmaqla bağlı narahatlıq və peşəkar bacarıqlarının əvvəlki səviyyədə olmadığı düşüncəsi yarana bilər. Bu amillər qadının əmək bazarına yenidən inteqrasiyasını çətinləşdirir".
Psixoloq söyləyib ki, bu çətinliklərin aradan qaldırılması üçün qadınlara işə qayıtdıqdan sonra psixoloji dəstək göstərilməli, onların yeni iş mühitinə tədricən uyğunlaşmasına şərait yaradılmalıdır.
İradə Elsevər






