"Azərbaycanda iri şəhərlər yaradılmalıdır" - Ekspert

"Azərbaycanda iri şəhərlər yaradılmalıdır" - Ekspert
Kateqoriya məlum deyil
T

Azərbaycanda son illər şəhər əhalisinin sayında artım, iri şəhərlərdə isə məskunlaşmanın genişlənməsi müşahidə olunur. Mövcud tendensiyalar urbanizasiya proseslərinin qarşıdakı illərdə də davam edəcəyini göstərir.

Sfera.az xəbər verir ki, urbanist Anar Əliyevin sözlərinə görə, urbanizasiya təkcə Azərbaycanda deyil, dünya üzrə müşahidə olunan tendensiyadır:

"Bu, dünya üzrə gedən tendensiyadır və Birləşmiş Millətlər Təşkilatı da dünya əhalisinin şəhərlərə köçünün artdığını qeyd edir. Hazırda dünya üzrə orta statistik insanların 65-70 faizi şəhərlərə köçüb".

Urbanist qeyd edib ki, bu tendensiya Azərbaycana da gəlib çatıb:

"İnsanlar böyük şəhərlərə axışır və artıq kənd həyatından imtina edirlər. Bu prosesə yalnız problem kimi deyil, eyni zamanda bir fürsət kimi baxmaq lazımdır".

Urbanist hesab edir ki, urbanizasiya prosesinin Azərbaycandakı proyeksiyasını nəzərə almaqla, ölkənin inzibati bölgələrini yenidən formalaşdırmaq və daha iri mərkəzlər yaratmaq mümkündür. Onun sözlərinə görə, bunun üçün müxtəlif bölgələrdə yeni və daha böyük şəhər mərkəzlərinin yaradılması nəzərdən keçirilə bilər.

A.Əliyev bildirib ki, ölkənin cənubunda və qərbində, həmçinin şimalında Gəncə şəhərinin miqyasında yeni şəhərlərin yaradılması mümkündür:

"Eyni yanaşma Qarabağ üçün də tətbiq oluna bilər. Bu istiqamətdə araşdırmalar aparmaqla yaxşı və iri şəhər mərkəzləri yaratmaq mümkündür. Əsas məqam ondan ibarətdir ki, urbanizasiya proseslərinin davam etməsi böyük ehtimalla qarşıdakı dövrdə də müşahidə olunacaq".

İradə Elsevər

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR