Çox yeyib arıqlamaq mümkündür? – Diyetoloqdan MARAQLI ÜSUL

Daha çox qida qəbul etməsinə baxmayaraq arıqlamaq istəyənlər üçün maraqlı üsul açıqlanıb. Diyetoloq Eliza Harlou bunun üçün “həcmli qidalanma” prinsipindən istifadə etməyi tövsiyə edib.
Sfera.az xəbər verir ki, mütəxəssis bu barədə “Yahoo”ya açıqlamasında danışıb.
Diyetoloqun sözlərinə görə, bu qidalanma üsulunun əsas məqsədi az kalorili, lakin həcm baxımından çox olan qidaları rasiona daxil etməklə ümumi kalori qəbulunu azaltmaqdır. Beləliklə, insan həm daha çox qida qəbul etmiş kimi hiss edir, həm də arıqlama prosesini dəstəkləyə bilər.
Harlou bildirib ki, “həcmli qidalanma” insanı daha çox meyvə və tərəvəz yeməyə alışdırır. Çünki bir çox insan gündəlik rasionunda bu məhsullara kifayət qədər yer vermir.
Diyetoloq hesab edir ki, bu üsul kalori hesablamadan daha az enerji qəbul etməyə kömək edə bilər. Bu isə kalori saymağın bəzi insanlar üçün stresli və çətin olması baxımından üstünlükdür. Lakin mütəxəssis xəbərdarlıq edib ki, yalnız az kalorili qidalara üstünlük vermək faydalı yağların çatışmazlığına səbəb ola bilər. Bu səbəbdən rasionda qoz-fındıq, toxumlar və avokado kimi məhsulların olması tövsiyə edilir.
Onun sözlərinə görə, bu qidaların tərkibində beyin, ürək, gözlər, oynaqlar və immun sisteminin sağlamlığını dəstəkləyən omeqa-3 yağ turşuları var.
Bəs nə yemək olar?
Harlou “həcmli qidalanma” prinsiplərinə uyğun qəlyanaltı kimi çiy tərəvəzlər və humus, giləmeyvələr, popkorn, kəsmik və meyvələri tövsiyə edib. Diyetoloq həmçinin tərəvəzləri mümkün qədər çox yeməyə əlavə etməyi məsləhət görüb. Məsələn, omletə ispanaq əlavə etmək, isti yeməklərdə spagetti və düyünün bir hissəsini kabaçki və ya gül kələmi ilə əvəzləmək mümkündür.
Bununla belə, mütəxəssis sağlam qidalanmada yağları tamamilə rasiondan çıxarmağın düzgün olmadığını vurğulayıb. Əsas məqsəd daha çox həcmli və qidalı, lakin nisbətən aşağı kalorili məhsullara üstünlük verməkdir.
İnci
Sfera.az






