Böyük şəhərlərin yeni problemi: Subayların sayı artır

Azərbaycanda gənclərin evlənmə yaşı getdikcə yüksəlir. Mənzil və iş problemi, maddi çətinliklər, karyera hədəfləri, eləcə də dəyişən sosial və psixoloji amillər bir çox gəncin ailə qurmaq qərarını təxirə salmasına səbəb olur.
Sfera.az xəbər verir ki, mövzu ilə bağlı sosioloq Nail Cəlil bildirib ki, gənclərin ailə qurmaq qərarını təxirə salmasına iqtisadi, sosial və psixoloji amillərin məcmusu təsir edir.
Onun sözlərinə görə, bir çox gənc ailə qurmazdan əvvəl sabit gəlir əldə etməyə, mənzil sahibi olmağa və daimi iş tapmağa çalışır:
“Bu proses vaxt apardığından evlilik qərarı da təxirə salınır. Son illər xarici vətəndaşlarla evliliklərin artmasının səbəblərindən biri də iqtisadi motivlər və insanların daha yaxşı həyat şəraiti axtarmasıdır”.

N. Cəlil bildirib ki, təhsil səviyyəsinin yüksəlməsi, cəmiyyətin sosial strukturunda baş verən dəyişikliklər və ailə məsuliyyətinə daha ehtiyatla yanaşılması da evlilik yaşının artmasına təsir göstərir.
"Bu tendensiya xüsusilə Bakı, Sumqayıt və Gəncə kimi böyük şəhərlərdə daha qabarıq müşahidə olunur”, - deyən sosioloqun fikrincə, psixoloji baxımdan qərarsızlıq, emosional yetkinliyin gec formalaşması, sağlam münasibət qurmaqda çətinliklər və tərəflərin gözləntilərinin üst-üstə düşməməsi də ailə qurmağı çətinləşdirən amillər sırasındadır.
O, son dövrlərdə yaş fərqi böyük olan şəxslər arasında evliliklərin artmasının da seçim imkanlarını məhdudlaşdırdığını və müəyyən ziddiyyətlər yaratdığını söyləyib.
N. Cəlil hesab edir ki, problemin həlli üçün gənclərin məşğulluq imkanları genişləndirilməli, mənzil proqramlarının əlçatanlığı artırılmalı və ailə institutunun sosial dayaqları gücləndirilməlidir:
“Gənclərin karyera planları ilə ailə hədəfləri arasında balans yaradılarsa, evliliklərin gecikməsi də azalacaq”.
Sosioloq əlavə edib ki, ümumilikdə evlilik üçün optimal yaş 25–27, ən gec isə 28 yaş hesab oluna bilər. O bildirib ki, bu yaş həddi keçdikdən sonra ailə qurmaq prosesində müəyyən çətinliklər və ziddiyyətlər yarana bilər.
İradə Elsevər
Sfera.az







