Bir neçə stansiyalıq yuxu: Metro sərnişinləri niyə yuxuya gedir?

Bir neçə stansiyalıq yuxu: Metro sərnişinləri niyə yuxuya gedir?
Kateqoriya məlum deyil
T

Səhər və axşam saatlarında metropolitenlə hərəkət edənlər üçün bu mənzərə artıq adi hala çevrilib.

Belə ki, vaqona daxil olan kimi oturacaqda gözlərini yuman, başı önə əyilmiş və ya çiynini şüşəyə söykəyərək yuxuya gedən sərnişinlərə demək olar ki, hər qatarda rast gəlmək mümkündür.

Bəziləri cəmi bir-iki stansiya ərzində mürgüləyir, bəziləri isə son dayanacağa qədər yuxudan oyanmır.

Maraqlıdır, insanlar niyə məhz metroda bu qədər rahat yuxuya gedirlər?

Sfera.az xəbər verir ki, metroda yuxululuğu artıran əsas amillərdən biri qatarın ritmik hərəkətidir. Elmi araşdırmalar göstərir ki, davamlı vibrasiya, monoton səs və yüngül yellənmə beynin yuxuya keçidini sürətləndirir. Bu təsir elmdə "rocking effect" kimi tanınır. Körpələrin yellənərkən daha rahat yatması da eyni mexanizmlə izah olunur.

Metroda gözlərini yumub qəfil ayılan insanların bəziləri isə əslində dərin yuxuya getmirlər. Onlarda "mikroyuxu" adlanan hal baş verir. Bu zaman beyin cəmi bir neçə saniyəlik fəaliyyətini minimuma endirir. İnsan başının irəli əyildiyini hiss edib qəfil ayılır və çox vaxt yatdığını belə anlamır.

Maraqlı məqamlardan biri də odur ki, metroda yatan insanların əksəriyyəti öz dayanacağını qaçırmır. Alimlər bunu beynin tam fəaliyyətini dayandırmaması ilə izah edirlər. Beyin ətraf mühitdən gələn siqnalları müəyyən səviyyədə emal etməyə davam edir və insanın düşəcəyi stansiyaya yaxınlaşdıqda onu oyada bilir.

Yaponiyada metroda yatan insanlar adi qarşılanır. Hətta bunun xüsusi adı da var - "inemuri". Bu anlayış "iştirak edə-edə yatmaq" mənasını verir və bəzi hallarda insanın çox işlədiyinin göstəricisi kimi qəbul edilir.

Cənubi Koreya, Çin, Böyük Britaniya və ABŞ-də də ictimai nəqliyyatda yuxuya gedən sərnişinlərə tez-tez rast gəlinir. Xüsusilə Tokio, Seul, Pekin, London və Nyu-York kimi böyük şəhərlərdə uzun iş saatları, saatlarla davam edən yol və intensiv həyat tempi bu halın əsas səbəbləri hesab olunur.

Bakıda da bu mənzərənin tez-tez müşahidə edilməsinin əsas səbəblərindən biri uzun yol məsafələridir. Şəhərin bir çox sakini işə çatmaq üçün hər gün bir neçə nəqliyyat vasitəsini dəyişir, bəzən isə yolda bir saatdan çox vaxt keçirir. Erkən oyanmaq, iş yükü və gündəlik yorğunluq metro vaqonlarını bir çox sərnişin üçün qısa müddətli istirahət məkanına çevirir.\\azxeber.com

PAYLAŞ