Azərbaycanda süni intelektdən daha çox istifadə olunan sahələr - AÇIQLAMA

Son illərdə süni intellekt texnologiyalarının inkişafı dünyanın bir çox ölkəsində olduğu kimi Azərbaycanda da müxtəlif sahələrdə iş proseslərinə təsir göstərməyə başlayıb. Dövlət qurumlarından tutmuş bank sektoruna, təhsil müəssisələrindən marketinq və media sahəsinə qədər müxtəlif istiqamətlərdə süni intellekt əsaslı həllərin tətbiqi genişlənir. Bu texnologiyalar məlumatların daha sürətli emalı, xidmət keyfiyyətinin artırılması, xərclərin optimallaşdırılması və qərarvermə prosesinin təkmilləşdirilməsi baxımından yeni imkanlar yaradır.
Maraqlıdır, Azərbaycanda süni intellekt hansı sahələrdə daha çox istifadə edilir?
Məsələ ilə bağlı süni intellekt mütəxəssisi Ümid Salay Sfera.az-a açıqlama verib.
Onun sözlərinə görə, süni intellektin tətbiqi artıq Azərbaycanda yalnız fərdi texnologiya seçimindən çıxıb, sistemli transformasiya mərhələsinə qədəm qoyub:
“Azərbaycanda süni intellektin tətbiqi artıq "görəsən nə vaxt gələcək?" sualından "bu gün kimə, nə qədər kömək edir?" sualına keçib. Mənim müşahidəmə görə, bu gün Sİ ən sürətli şəkildə gündəlik iş axışlarını dəyişən sahələrdə yayılır: təhsil, marketinq, media, kontent istehsalı, biznes əməliyyatları və rəqəmsal xidmətlər. Ağır sənaye transformasiyasından öncə, insanların hər gün toxunduğu proseslərdən başlayır və bu, əslində düzgün ardıcıllıqdır. Dövlət səviyyəsindəki addımlara baxanda da bu strateji yönü aydın görmək olur. 2025-2028-ci illər Süni İntellekt Strategiyasında innovasiya, məlumat əsaslı idarəetmə, kadr hazırlığı, dövlət-özəl sektor əməkdaşlığı, data təhlükəsizliyi və etik idarəetmə kimi istiqamətlər prioritet kimi müəyyənləşdirilib”.

Mütəxəssis süni intellektin ən çox hansı sahədə istifadə edildiyini də bildirib:
“Birinci böyük sahə təhsildir. Sİ təlimləri, müəllimlər üçün adaptiv alətlər, fərdiləşdirilmiş öyrənmə yanaşmaları getdikcə daha çox müzakirə olunur. Mən özüm müəllimlər, tələbələr və müxtəlif peşə qrupları üçün Sİ dərsləri keçdiyim üçün bunu praktik olaraq görürəm: insanlar artıq Sİ-ni sadəcə maraqlı texnologiya kimi yox, öyrənmə və iş bacarığını artıran vasitə kimi qəbul etməyə başlayırlar. Bu mentalitet dəyişikliyi texnologiyanın özündən daha vacibdir. İkinci istiqamət isə marketinq və kontent istehsalıdır. Sosial media postlarından reklam mətnlərinə, vizual konseptlərdən kampaniya planlarına qədər süni intellektdən istifadə edilir. Sİ bu sahədə işin yerini almır, amma ideyadan icraata gedən yolu əhəmiyyətli dərəcədə qısaldır. Xüsusilə kiçik komandalar üçün Sİ artıq "böyük komandanın edə biləcəyi işi az resursula görmək" imkanına çevrilib. Üçüncü sahə isə media və jurnalistikadır. Mətn hazırlığı, başlıq variantları, transkripsiya, xülasə, mənbə araşdırması bunlar Sİ-nin real dəyər yaratdığı nöqtələrdir. Lakin burada əsas xətt aydındır: mənbə yoxlaması, kontekst, etik məsuliyyət və son redaktə insanda qalmalıdır. Dördüncü sahə isə biznes və korporativ idarəetmədir. Hesabat hazırlığı, sənəd xülasəsi, daxili kommunikasiya, müştəri cavabları, araşdırmalar da Sİ ilə optimallaşdırılır. Ən vacib keyfiyyət dəyişikliyi isə budur: Sİ artıq fərdi köməkçi deyil, komanda daxilindəki iş axışının struktural bir elementinə çevrilir.
Beşinci istiqamət də dövlət xidmətləri və rəqəmsal idarəetmədir. 2026-2028-ci illər üçün rəqəmsal inkişaf fəaliyyət planı elektron hökumət, süni intellekt və innovasiya prioritetlərini əhatə edir. Bu, gələcəkdə Sİ-nin dövlət xidmətlərində, məlumat analizində və qərardəstək sistemlərində daha fəal rol oynayacağını göstərir. Daha dərin mərhələ isə hələ qarşıdadır: səhiyyə, kənd təsərrüfatı, logistika, sənaye və dövlət idarəçiliyində Sİ-nin sistemli tətbiqi. Lakin bu sahələr üçün yalnız texnologiya yetərli deyil. İnfrastruktur, məlumat bazaları, tənzimləmə çərçivəsi və kadr hazırlığı paralel inkişaf etməlidir. Mənim fikrimcə, Azərbaycan üçün növbəti həqiqi imtahan budur: insanlar sadəcə Sİ alətlərindən istifadə etməyi yox, öz peşələrini Sİ ilə yenidən qurmağı öyrənməlidirlər. Bu fərq kritikdir. Çünki alət istifadəçisi ilə alət arxitekti arasındakı məsafə gələcəkdə rəqabət üstünlüyünü müəyyən edəcək olan məsafədir”.
Bəsti Rəfizadə
Sfera.az
