Məktəb xərcliyi nə qədər olmalıdır? – Psixoloqdan AÇIQLAMA

Məktəblərin açılması ilə valideynləri düşündürən əsas məsələlərdən biri də uşaqların gündəlik xərcliyi və məktəbdə qidalanmasıdır.
Verilən xərcliyin miqdarı, bufetdən alınan məhsullar və evdə hazırlanan qidanın seçimi uşağın büdcə vərdişlərinə də təsir edir.
Psixoloq Aytən Ələkbərova Sfera.az-a açıqlamasında bildirib ki, 1-4-cü sinif şagirdləri üçün valideynlərin uşaqlarına evdən yemək qoyması daha məqsədəuyğundur.

Bununla yanaşı, uşağa müəyyən miqdarda xərclik verilməsi onun özgüvəninin artmasına və kiçik yaşlarından pulu idarə etməyi öyrənməsinə kömək edə bilər:
“Valideyn bunu uşaq üçün oyun şəklində də edə bilər. Məsələn, “Bizim sənə verdiyimiz puldan sən həftənin axırına qədər hansı qənaəti edə bildin? Özünə növbəti həftəyə hansı büdcəni yığa bildin?” deyə soruşa bilər. Bu baxımdan valideynlər bunlara diqqət etsələr, övladlarının gələcək maliyyə sistemini xaotik yox, düzgün və nizamlı şəkildə inkişaf etdirə bilərlər”.
O qeyd edib ki, məktəb bufetlərində qiymətlər barədə konkret məlumat olmadığı üçün uşağa 1 və ya 5 manat xərclik verilməsini dəqiq müəyyənləşdirmək mümkün deyil.
Əsas məsələ uşağın mövcud xərclərə uyğun büdcə formalaşdırmağı və onu necə idarə etməyi öyrənməsidir. Psixoloq deyib ki, bu prosesdə valideynlərlə yanaşı, ibtidai sinif müəllimləri də uşaqlara dəstək olmalı və kömək göstərməlidirlər.
Bu yolla uşaqlar həm pulu idarə etməyi, həm də müəyyən kapitala sahib olmağın yollarını öyrənə bilərlər.
A.Ələkbərova böyük sinif şagirdləri üçün də maliyyə idarəçiliyinin vacib olduğunu vurğulayıb:
“10-cu, 11-ci, hətta 8-ci sinifdən sərbəst şəkildə müəllim yanlarına getmək, repetitorlarla hazırlanmaq, kurslara getmək valideynin yalnız müəllimə və kurslara xərclədiyi pul kimi yox, övladının qidası ilə bağlı xərclərin də artmasına gətirib çıxarır. Bu baxımdan onlar pulu necə idarə etməyi də öyrənməlidirlər”.
Psixoloqun sözlərinə görə, uşaqlar ilk növbədə pulun idarə edilməsinin psixoloji tərəfini anlamalıdırlar:
“Pulu qazanmaq asandır, amma onu xərcləmək çətindir. Onlar bunun psixoloji olaraq öhdəsindən gəlməyi ilk olaraq anlamalıdırlar ki, növbəti illərdə, daha sonrakı yaşlarda müəyyən səhvlərə yol verib borclanmaya doğru addım atmasınlar”.
İradə Elsevər
Sfera.az




