Azərbaycandan xaricə köçənlərin sayı azalıb - RƏQƏMLƏR

Azərbaycanda miqrasiya prosesləri ilə bağlı son statistik göstəricilər ölkədən gedənlərin sayında müəyyən azalma olduğunu göstərir.
Sfera.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ötən il Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları tərəfindən daimi yaşamaq üçün Azərbaycana 3436 nəfərin gəldiyi, ölkədən isə 2015 nəfərin getdiyi qeydə alınıb.
Beləliklə, miqrasiya saldosu müsbət olub və 1421 nəfər təşkil edib.
2024-cü ilin göstəricilərinə nəzər saldıqda isə həmin il ölkəni tərk edənlərin sayının daha yüksək olduğu görünür. Belə ki, 2024-cü ildə daimi yaşamaq üçün Azərbaycandan gedənlərin sayı 2298 nəfər olub. Bu isə o deməkdir ki, 2025-ci ildə ölkədən gedənlərin sayı əvvəlki illə müqayisədə 283 nəfər azalıb.
Statistik məlumatlar göstərir ki, miqrasiya edənlər arasında gənclər yenə də üstünlük təşkil edir. 2024-cü ildə ölkəni tərk edənlər arasında 20-24 yaş arası 221 nəfər, 25-29 yaş arası 354 nəfər, 30-34 yaş arası isə 369 nəfər olub. Bu da göstərir ki, miqrasiya prosesində ən fəal qrup əmək qabiliyyətli gənclərdir.
Gedilən istiqamətlərə gəldikdə isə əsas üstünlük yenə iki ölkənin payına düşür. 2024-cü ildə ölkəni tərk edənlərin 30,8 faizi Rusiyaya, 19,9 faizi isə Türkiyəyə üz tutub.
Ümumilikdə, açıqlanan rəqəmlər göstərir ki, miqrasiya saldosu müsbət olaraq qalsa da, 2025-ci ildə ölkədən gedənlərin sayında azalma müşahidə olunur. Bununla belə, gənclərin miqrasiya prosesində aktivliyi davam edir və bu məsələ sosial-iqtisadi baxımdan diqqətdə saxlanılmalıdır.
Bəsti Rəfizadə
Sfera.az
