Qış aylarında ölüm halları nə üçün artır? - AÇIQLAMA

2024 və 2025-ci illərdə yanvar-dekabr ayları üzrə doğulanların və ölənlərin rəsmi statistikasına əsasən, ölüm halları xüsusilə qış aylarında-yanvar, fevral və dekabrda daha yüksəkdir.
Məsələn, 2024-cü ilin yanvarında 5 518, fevralında 4 877, dekabrında isə 5 264 ölüm qeydə alınıb. 2025-ci ildə də oxşar dinamika müşahidə olunur: yanvarda 5 727, fevralda 4 734, dekabrda isə 5 252 ölüm halı baş verib. Yay aylarında isə (iyun-avqust) ölüm göstəricilərinin nisbətən aşağı düşdüyü görünür.
Belə ki, 2024-cü ilin iyununda 4 256, iyulunda 5 514, avqustunda isə 4 395 ölüm qeydə alınıb. 2025-ci ildə isə iyunda 4 252, iyulda 5 594, avqustda 4 957 ölüm halı baş verib. Göründüyü kimi, bəzi aylarda (xüsusilə iyulda) nisbi artım olsa da, ümumi mənzərədə yay göstəriciləri qış ayları ilə müqayisədə daha aşağıdır.
Bu tendensiya hər iki il üzrə təkrarlanır və mövsümi təsirin mövcudluğunu göstərir. Maraqlıdır, ölüm halları niyə soyuq aylarda isti aylarla müqayisədə çox olur?
Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, terapevt Zakir Quliyev bildirib ki, soyuq aylarda ölüm hallarının daha çox olmasının bir neçə əsas səbəbi var. Onun sözlərinə görə, ilk növbədə, aşağı temperatur ürək-damar sisteminə əlavə yük salır:

"Soyuq havada damarlar daralır, qan təzyiqi yüksəlir və bu da infarkt və insult riskini artırır. Xüsusilə yaşlı insanlarda və xroniki xəstəliyi olanlarda bu təsir daha güclü olur. Qış mövsümündə qrip və digər tənəffüs yolu infeksiyaları daha geniş yayılır. İnsanlar daha çox qapalı məkanlarda bir arada olduqları üçün viruslar asanlıqla ötürülür. Zəif immun sistemi olan şəxslər üçün bu infeksiyalar ağırlaşmalara və bəzən ölümə səbəb ola bilər. Soyuq hava ağciyərlərə də mənfi təsir göstərir. Astma, bronxit və digər tənəffüs xəstəlikləri qışda kəskinləşə bilər. Havanın quru və soyuq olması nəfəs yollarını qıcıqlandırır və xəstəlik riskini artırır".
Mütəxəssis qeyd edib ki, qışda yol-nəqliyyat qəzaları və sürüşmə nəticəsində travmalar da arta bilir:
"Qar və buz örtüyü həm piyadalar, həm də sürücülər üçün təhlükə yaradır. Bundan əlavə, bəzi insanlar üçün mövsümi depressiya və sosial təcrid də sağlamlığa dolayı təsir göstərir. Gün işığının azalması psixoloji vəziyyətə təsir edə, bu da ümumi sağlamlıq vəziyyətini zəiflədə bilər".
"Ümumilikdə, soyuq aylarda həm bioloji, həm də sosial amillər birlikdə təsir göstərərək ölüm hallarının isti aylara nisbətən artmasına səbəb olur",–Z.Quliyev qeyd edib.
Firuzə Əliyeva
Sfera.az
