Qadınlar aliment üçün boşanır? - Deputatın çıxışı etiraz yaratdı

Qadınlar aliment üçün boşanır? - Deputatın çıxışı etiraz yaratdı
Kateqoriya məlum deyil
T

Milli Məclisin deputatı Fazil Mustafa çıxışı zamanı bəzi qadınların məhz aliment almaq məqsədilə boşandıqlarını iddia edib. Bu açıqlama sosial şəbəkələrdə və ictimai mühitdə müxtəlif reaksiyalar doğurub. Vətəndaşların bir qismi bu fikri dəstəkləsə də, bir çoxları bunun ümumiləşdirilmiş və reallığı tam əks etdirməyən yanaşma olduğunu bildirib.


Qeyd edək ki, Azərbaycanda aliment məsələləri Ailə Məcəlləsi ilə tənzimlənir. Aliment, valideynlərin nikah statusundan asılı olmayaraq, uşağın saxlanılması üçün ödənilməli olan vəsaitdir. Əgər aliment sabit pul məbləği formasında təyin olunursa, məbləğ adətən uşağın yaşayış minimumu göstəricisinə uyğun müəyyən edilir. 2026-cı il yanvarın 1-dən etibarən Azərbaycanda 1 uşaq üçün nəzərdə tutulan alimentin minimum aylıq məbləği 260 manat təşkil edir. Bu məbləğ, uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumunun artması ilə əlaqədar olaraq 246 manatdan 260 manata qaldırılıb.

 

Bəs doğrudanmı qadınlar aliment almaq üçün boşanır? Mövcud qanunvericilik və iqtisadi reallıq bu iddianı nə dərəcədə əsaslandırır?


Sfera.az-a bu haqda açıqlama verən 10 saylı Mediasiya Təşkilatının mediatoru Vəfa Seyfullayeva aliment almaq üçün nikah pozmağa ehtiyac olmadığını qeyd edib:


“Mediator olaraq öz təcrübəmdə deyə bilərəm ki, qadınların boşanmaq üçün əsas məqsədi sadəcə aliment almaq deyil. Əslində boşanma qərarları daha çox münasibətdəki problemlər, zorakılıq, emosional soyuqluq, etibar və gələcək uşaqların rifahı ilə bağlı olur. Əlbəttə ki, aliment məsələsi də boşanma zamanı önəmli rol oynaya bilər, çünki uşaqların maddi təminatı valideynlər arasında razılaşdırılmalıdır. Amma bu, qadınların boşanmaq üçün əsas motivasiyası deyil. Əksər hallarda, qadınlar həyatlarında təhlükəsizlik, hörmət və uşaqların sağlam mühitdə böyüməsi üçün qərar verirlər”.

 

 

Mütəxəssis öz təcrübəsində nadir hallarda belə situasiya ilə üzləşdiyini vurğulayıb:


“Mənim təcrübəmdə də nadir hallarda “yalnız aliment almaq” üçün boşananlar olub, çox vaxt bu, mövcud problemlərin bir nəticəsi kimi ortaya çıxır. Əksinə, aliment məsələsi boşanma prosesində tərəflər arasında razılaşma və uşaqların hüquqlarının qorunması üçün bir vasitədir, məqsəd deyil. Cəmiyyətimizdə hələ də “qadın boşanırsa, məqsəd puldur” kimi stereotiplər mövcuddur. Deputat da bu stereotipi qeyd edərək çıxış etmiş ola bilər, amma bu, mediator təcrübəsi ilə dəstəklənən bir fikir deyil”.


Bəsti Rəfizadə
Sfera.az

PAYLAŞ