Sİ telefon qiymətlərində dəyişiklik yaradacaq? - AÇIQLAMA

Sİ telefon qiymətlərində dəyişiklik yaradacaq? - AÇIQLAMA
Kateqoriya məlum deyil
T

Süni intellekt (Sİ) sektorunda artan tələbat operativ yaddaş (RAM) bazarında ciddi təzyiq yaradıb və bu prosesin smartfon qiymətlərinə birbaşa təsir edəcəyi gözlənilir. “International Data Corporation” (IDC) tərəfindən yayımlanan yeni hesabatda bazarın görünməmiş böhranla üzləşdiyi bildirilir.

 

Hesabata əsasən, qlobal smartfon bazarı 2026-cı ildə 12,9 faiz kiçilə bilər ki, bu da pandemiya dövründəki geriləməni üstələyə bilər. Süni intellekt tətbiqləri üçün məlumat mərkəzlərində artan yaddaş tələbatı RAM tədarükünü azaldıb və istehlakçı cihazlarının istehsalını risk altına salıb.

 

Artan xərclər xüsusilə büdcəli modellər istehsal edən şirkətlərə təsir edir. Bəzi istehsalçılar texniki göstəriciləri azaltmağa, digərləri isə ucuz modelləri bazardan çıxarmağa başlayıblar.

 

Maraqlıdır, süni intellektə artan tələbatın RAM bazarına yansıması telefon qiymətlərinə necə təsir edəcək? İstehsalçılar bu böhranın təsirini azaltmaq üçün hansı alternativ addımları ata bilər?

 

Süni intellekt və informasiya-kommunikasiya texnologiyaları üzrə mütəxəssis Ümid Salay Sfera.az-a açıqlamasında bildirib ki, süni intellekt texnologiyalarının sürətli inkişafı yarımkeçirici sənayesində, xüsusilə də yaddaş komponentlərinə olan tələbatı ciddi şəkildə artırıb. Onun sözlərinə görə, Sİ modellərinin işləməsi və təlimi böyük həcmli operativ yaddaş tələb edir:

 

 

“Bu isə RAM istehsalına olan tələbatı yüksəldir və bazarda təzyiq yaradır. Belə vəziyyətlər texnologiya sektorunda ilk dəfə baş vermir. Məsələn, bir neçə il əvvəl kriptovalyuta “mining” dalğası zamanı da oxşar proses yaşanmışdı. İnsanlar kütləvi şəkildə GPU və digər komponentləri alırdı, nəticədə kompüter hissələrinin qiymətləri ciddi şəkildə artmışdı. RAM bazarında da buna bənzər bir tələb artımı müşahidə olunur. Bu təzyiq birbaşa olaraq smartfon istehsalçılarına təsir edir”.

 

Mütəxəssis vurğulayıb ki, müasir telefonlarda artıq süni intellekt əsaslı funksiyalardan istifadə olunur və bu da yüksək RAM konfiqurasiyası tələb edir:

 

“Müasir telefonlarda kamera emalı, səs köməkçiləri, lokal Sİ modelləri və real vaxt analitikası geniş istifadə olunur. Bu funksiyalar daha çox operativ yaddaş tələb etdiyinə görə istehsalçılar telefonlara daha yüksək RAM konfiqurasiyası yerləşdirirlər. RAM komponentlərinin qiyməti yüksəldikcə isə bu artım son məhsulun qiymətinə də müəyyən dərəcədə təsir edə bilər. Ümumilikdə, süni intellektin inkişafı texnologiya bazarında yeni tələb dalğası yaradır və bu, müəyyən dövrlərdə komponent qiymətlərinə təsir edə bilər. Lakin tarix göstərir ki, yarımkeçirici sənayesi bu cür dalğalara nisbətən tez uyğunlaşır. İstehsal həcmləri artdıqca və yeni texnologiyalar tətbiq olunduqca bazar yenidən balanslaşır. Ona görə də RAM bazarında yaranan təzyiq daha çox keçid mərhələsi kimi qiymətləndirilir”.

 

Niyaz Hacıyev

Sfera.az

PAYLAŞ