İl sonunda mənzillərin qiyməti kəskin artacaq?- AÇIQLAMA

2026-cı ilin yanvar ayında Bakıda mənzil bazarında qiymət artımı qeydə alınıb. Ötən ilin dekabr ayı ilə müqayisədə paytaxt üzrə orta qiymətlərdə təxminən 1-2 faiz civarında yüksəliş müşahidə olunub.
Yanvar ayında bazarda aktivliyin nisbətən artması və ipoteka müraciətlərinin çoxalması da qiymətlərin yüksəlməsinə təsir edən amillər sırasında göstərilir.
Bu tendensiya aylıq olaraq davamlı xarakter ala bilərmi? Belə olsa il sonunda mənzil bazarnda mənzərə necə olacaq?
Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən əmlak eksperti Elnur Azadov bildirib ki, 1-2 faizlik dinamikanın dəyişməsi adətən ciddi struktur dəyişiklik kimi qiymətləndirilmir:

“Bazar dinamikasında əsaslı dəyişikliklər adətən illik göstəricilər əsasında müəyyən edilir. Yəni aylıq 1-2 faizlik artım və ya azalma daha çox cari dalğalanma xarakteri daşıyır və bunu fundamental dönüş nöqtəsi kimi qiymətləndirmək doğru olmaz. Bundan əlavə, qısa müddətli faiz dəyişikliklərinin dəqiqliyini izləmək və onların davamlı olub-olmadığını müəyyənləşdirmək də çətin olur.Bildirmək lazımdır ki, son illərin orta illik qiymət artımı ümumi nəticələrə əsasən 12-15 faiz arasında dəyişir. Digər mühüm məqam isə son iki ayda daşınmaz əmlak qiymətlərində müşahidə olunan artımın Bakı şəhərində aparılan söküntü işləri ilə əlaqələndirilməsidir. Dövlət vəsaitinin bir hissəsinin kompensasiya ödənişləri formasında bazara daxil olması tələbi artırır. Nəticə etibarilə, bu amil qiymətlərin yüksəlməsinə təsir göstərə bilir”.
Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatında göstərilib ki, 2025-ci ilin yanvar-dekabr aylarında Azərbaycanda mənzil bazarında qiymətlər 2024-cü ilin yanvar-dekabr ayları ilə müqayisədə 12.2 % artıb. Bu artım ilkin mənzil bazarında 12.7 %, təkrar bazarda isə 12.2 % səviyyəsində qeydə alınıb.
Əlavə olaraq, 2025-ci ilin IV rübündə mənzil qiymət indeksi 2025-ci ilin III rübünə nisbətən 3,1 % artıb, o cümlədən ilkin mənzil bazarında 4,3 %, təkrar mənzil bazarında isə 3 % artım müşahidə olunub.
Fidan Hacızadə
Sfera.az
