Çin avtomobillərinin zəif tərəfləri - Ustaların RƏYİ

Çin avtomobillərinin zəif tərəfləri - Ustaların RƏYİ
Kateqoriya məlum deyil
T

Son illər Azərbaycan bazarında Çin istehsalı olan avtomobillərin sayı sürətlə artır. Münasib qiymət, zəngin texnoloji təchizat və müasir dizayn bu markaları alıcılar üçün cəlbedici edir. Lakin avtomobil ustaları və bazar iştirakçıları bildirirlər ki, bəzi modellərdə keyfiyyət və etibarlılıqla bağlı ciddi problemlər müşahidə olunur.

 

Maraqlıdır, Çinin istehsal etdiyi ən problemli avtomobillər hansılardır?

 

Sfera.az xəbər verir ki, Çin avtomobili idarə edənlərin və ustaların sosial şəbəkələrdə yazdıqlarına görə, bazarda ən çox problem yaşanan Çin markalarından biri Changan hesab olunur.

 

Mütəxəssislər bildirirlər ki, bu markanın bəzi modellərində elektron sistem xətaları, sensor və multimediya problemləri, zəif səs izolyasiyası, plastik detalların tez sıradan çıxması kimi hallar daha çox müşahidə edilir.

 

Eyni zamanda, aşağı komplektasiyalı BYD modelləri ilə bağlı da şikayətlər var. Ustaların sözlərinə görə, xüsusilə büdcə seqmentində təqdim olunan versiyalarda elektrik sistemində xırda, lakin təkrarlanan nasazlıqlar, ekran donmaları, sensor problemləri, ehtiyat hissələrinin gec tapılması halları sürücüləri narazı salır.

 

Bununla yanaşı, bazarda olan digər Çin markalarında da oxşar problemlər müşahidə edilir. Ustalar bildirirlər ki, əsas çətinlik mexaniki hissələrdən çox, elektron sistemlərlə bağlıdır.

 

Deyilənlərin əsasını öyrənmək üçün avtomobil ustası Sahil Ağabəyli ilə əlaqə saxladıq.

 

S. Ağabəyli saytımıza açıqlamasında bildirib ki, son zamanlar Azərbaycanda Çin avtomobillərinə qarşı həvəs artıb.

 

Onun sözlərinə görə, insanların əksəriyyəti Çin avtomobillərinə üstünlük verirlər, lakin bu avtomobillərin mənfi tərəfi də var:

 

“O qiymətə o komplektasiya digər avtomobillərdə olmadığına görə belə seçim edilir. Demək olar ki, bütün funksiyalar Çin avtomobillərində var, qiyməti də hər kəs üçün uyğundur. Dəmirçi və rəngsazlar Çin avtomobillərini o qədər də bəyənmirlər. Detalları həddindən artıq nazik olduğuna görə onların üstündə işləmək çox çətindir. Əgər avtomobilin zədəsi varsa, zəhmət haqqı daha çox olur. Eyni hadisə başqa avtomobilin başına gəlsə, daha az əzilən olur, nəinki Çin avtomobili. Təmir premium avtomobillərdə 1-2 minə başa gəlirsə, Çin avtomobillərində bu qiymət 10 minə qədər çıxa bilir”.

 

Usta qeyd edib ki, Çin avtomobillərinin qiymət və model fərqi sadəcə komplektasiyaya görə dəyişir, hamısının ehtiyat hissələri eyni dərəcədə zəiflikdədir.

 

Firuzə Əliyeva  
Sfera.az

PAYLAŞ