Bu konservlər ölüm səbəbi ola bilər - XƏBƏRDARLIQ

Qida Təhlükəsizliyi Agentliyinin məlumatına əsasən, ötən ay ən çox qida zəhərlənməsi pomidor turşusundan olub. Bildirilib ki, 2026-cı ilin yanvar ayı ərzində agentliyə qida zəhərlənməsi halları ilə bağlı ümumilikdə 28 müraciət daxil olub.
Müraciətlər agentliyin əməkdaşları tərəfindən qanunvericiliyin tələblərinə uyğun olaraq araşdırılıb. "Aparılmış kliniki qiymətləndirmə nəticəsində 12 halda qida zəhərlənməsi faktı öz təsdiqini tapıb.
Müraciətlər üzrə ümumilikdə 43 nəfər zərərçəkən şəxs qeydə alınıb. Onlardan 20 nəfərdə qida zəhərlənməsi diaqnozu kliniki olaraq təsdiqlənib", - məlumatda qeyd olunub.
Təsdiqini tapmış zəhərlənmə hallarının əhəmiyyətli bir hissəsi məişət şəraitində hazırlanmış pomidor turşusunun istehlakı ilə əlaqəli olduğu bildirilib.
Zəhərlənmələrin qarşısını almaq üçün hansı tədbirlər görülməlidir?
Sfera.az-a bu barədə açıqlama verən toksikoloq Aynur Məmmədova qida zəhərlənmələri içərisində ən ağır gedişli və ölüm faizinin yüksək olan xəstəliklərdən birinin botulizm olduğunu söyləyib:

“Botulizm botulotoksin infeksiyası nəticəsində yaranır. Vurulan botoksla eyni deyil, amma eyni toksinin bir növüdür. Botulotoksin beyindən gələn sinir impulslarını bloklayır və ağır fəsadlara səbəb olur. Bu, tənəffüs dayanması, bağırsaqlarda atoniya, udqunmanın pozulması, görmənin zəifləməsi və ən təhlükəlisi tənəffüsün dayanması kimi ciddi problemlər yaradır. Botulizm ən çox ev şəraitində hazırlanmış konservləşdirilmiş məhsullardan yaranır. Pomidor, xiyar, leço və digər ev bağlamalarında botulotoksin əmələ gələ bilər. Bu infeksiya anaerob, yəni havasız mühitdə inkişaf edir. Səbəblər arasında ərzaqların düzgün yuyulmaması, sterilizasiya qaydalarına əməl edilməməsi və konservləşdirmə zamanı temperatur rejiminin düzgün seçilməməsi dayanır. Market məhsullarında botulizmin nadir hallarda rast gəlinməsinin səbəbi isə onların yüksək temperatur və təzyiq altında, xüsusi avadanlıqla hazırlanmasıdır. Bu şəraitdə mikroorqanizmlər məhv edilir”.
Toksikoloq əlavə edib ki, son vaxtlar botulizm halları artıb və yaxın zamanda bir gənc oğlan botulizmdən vəfat edib:
“Digər xəstələr isə vaxtında tibbi müdaxilə nəticəsində xilas olunublar, bəziləri süni tənəffüs aparatına qoşulmuşdu. Tövsiyə olunur ki, ev şəraitində konservləşdirilmiş məhsullardan mümkün qədər uzaq durulsun. Əgər bağlanıbsa, açarkən diqqətli olmaq lazımdır. Bankanın suyunun şəffaf olub-olmamasına baxılmalıdır. Məhsulun yumşalıb-yumşalmadığı yoxlanmalıdır. Qapaqda paslanma, hava keçirmə əlaməti olmamalıdır. Açarkən hava çıxışı hiss olunmalıdır. Əgər şübhəli vəziyyət varsa, həmin məhsul atılmalıdır. Qeyd edim ki, botulizmin ilk əlamətləri ürəkbulanma və qusmadır. Sonradan görmədə bulanıqlıq, tor görmə, sanki pərdə arxasından baxırmış kimi hiss və yuxarı göz qapaqlarının sallanması müşahidə olunur. Belə olan halda səs tutulur, burunvari çıxır eyni zamanda, udqunma çətinləşir. Xəstə su içərkən maye burundan geri gələ bilər. Bu əlamətlər varsa, mütləq xəstəxanaya müraciət olunmalıdır. Müalicədə ilk növbədə botulotoksinə qarşı zərdab vurulur və daha sonra xəstə nəzarət altında saxlanılır”.
Fidan Hacızadə
Sfera.az
