Reytinq uğrunda yarış: Televiziya verilişləri bayağılaşır

Reytinq uğrunda yarış: Televiziya verilişləri bayağılaşır
Kateqoriya məlum deyil
T

Azərbaycanda televiziya məkanına münasibətdə ictimai narazılıq açıq şəkildə hiss olunur. Sosial şəbəkələrdə, mediada və gündəlik söhbətlərdə ən çox səslənən fikir budur ki, yerli kanallarda ailə-məişət qalmaqalları üzərində qurulan verilişlərin sayı kəskin artıb. Tamaşaçıların böyük hissəsi hesab edir ki, bu tip proqramlar insanları nəinki maarifləndirmir, əksinə ailə dəyərlərini bayağılaşdırır, cəmiyyətin estetik zövqünü aşağı salır və gənclərin ailə haqqında təsəvvürlərini dəyişdirir.


Sfera.az bildirir ki, vaxtilə televiziya həm də mədəniyyət məktəbi sayılırdı. İnsanlar yeni musiqi öyrənir, sənətkar tanıyır, muğamı, klassikanı, estrada tarixini televiziyadan mənimsəyirdi.

 

Bu gün isə efir vaxtının böyük hissəsi konflikt, qeybət, xəyanət və ailədaxili qalmaqal üzərində qurulan şoularla doldurulur. Bunu görmək üçün əvvəlki illərin proqramlarını xatırlamaq kifayətdir.


Məsələn, Nanə Ağamalıyevanın ATV kanalında yayımlanan “Nanəli” verilişi uzun müddət reytinq liderlərindən biri idi. Proqram şou xarakterli olsa da, qalmaqal üzərində qurulmurdu. Sənət adamları, müğənnilər dəvət olunur, canlı musiqi səslənir, söhbət sənətdən gedirdi. Tamaşaçı bu verilişə qalmaqala yox, atmosferə görə baxırdı.

 

 

Eyni aparıcının təqdim etdiyi “Xalq paradı” və ATV televiziyasında yayımlanmış “7 tamam” layihələri də xatırlanır. Estrada və pop musiqi nümayəndələrinin canlı çıxışları efirin əsas məzmunu idi. Bu proqramlar həm reytinq yığır, həm də səviyyəni aşağı salmırdı. 

 

 

Bu siyahıya “Ovqat”, “Dəyirmi masa”, “Danışır musiqi”, “Muğam klubu” və digər maarifləndirici proqramları əlavə etmək olar. Bəzi layihələrdə gənc xanəndələr tanınır, ustadlar danışır, muğamın tarixi izah edilirdi. Bu gün muğamın UNESCO siyahısına düşməsi ilə fəxr edən cəmiyyət həmin maarifçilik məktəbinin məhz televiziya vasitəsilə formalaşdığını çox vaxt unudur. Hazırda isə bu səviyyədə analitik-musiqili proqram efirdə demək olar yoxdur.

 

 

 

Televiziya sahəsində illərlə çalışmış Leyla Quliyevanın “Söhbət musiqidən gedir” layihəsi qalmaqal yox, söhbət və təqdimat üzərində qurulub. Bu gün həmin veriliş efirdə demək olar ki, görünmür. Halbuki həm yaş, həm təcrübə, həm də tamaşaçı yaddaşı baxımından bu aparıcılar hələ də televiziya üçün aktiv resurs hesab olunur. Həmçinin, Səyyarə Sərrafın “Ovqat” proqramı da şairlərin, yazıçıların, aktyorların qatıldığı, səmimi ədəbi söhbətlərin yer aldığı, şeirlər, ədəbi deyişmələrin baş tutduğu layihələrdəndir.

 


Beləliklə, problem yalnız “köhnə verilişlər yaxşı idi” fikri deyil. Məsələ televiziyanın funksiyasının dəyişməsidir. Əvvəllər TV zövq formalaşdırırdı, indi isə ailə-məişət mövzularının həll edən “məhkəmə zalı”na çevrilib. Reytinq uğrunda yarış efiri qısamüddətli diqqət gətirən, lakin uzunmüddətli mədəni təsiri olmayan məzmuna yönəldib.


Hətta aparılan sorğularda belə cəmiyyətdə iki fikrin mövcud olduğunu görmək mümkündür. Məsələn, bir tərəf “tamaşaçı bunu istəyir” deyir, digər tərəf isə “tamaşaçıya göstərilən budur” fikrini müdafiə edir.


İnsanlar televiziyaya baxarkən zövq almalıdır. Artan narazılıqlarla bağlı vətəndaşlar tərəfindən rəsmi qurumlara da müraciətlər edilib. Audiovizual Şura yayımladığı açıqlamada bildirib ki, bəzi televiziya proqramları və aparıcılarla bağlı şikayətlər daxil olur, hətta bəzi müraciətlərdə kanalların bağlanması tələb edilir.
Lakin qurum qeyd edib ki, hər hansı proqramın efirə çıxması və ya bağlanması, aparıcının işdən çıxarılması və mövzu seçimi redaksiyanın daxili siyasətidir və Şuranın birbaşa səlahiyyətinə aid deyil. Audiovizual Şura yalnız qanun pozuntusu aşkarlandıqda inzibati tədbir görə bilər və ümumi tövsiyələr verir. Yəni tənzimləyici qurum da faktiki olaraq bildirir: “məzmun seçimi kanalların öz məsuliyyətidir”.


Bəs problem necə həll olunmalıdır?


Reytinq yalnız qalmaqalla ölçüləndə, efir qaçılmaz olaraq aşağı zövqə uyğunlaşır. Halbuki keçmiş təcrübə göstərir ki, musiqi-mədəniyyət verilişləri də yüksək izlənmə toplaya bilir. İzlənmə statistikasında keyfiyyətli proqramlar üstünlük qazanmadıqca televiziya məzmunu dəyişmir. Televiziya nəticə etibarilə baxılanı istehsal edir.


Amma tarix göstərir ki, vaxtilə musiqi və mədəniyyət proqramları olanda da hamı baxırdı. Deməli problem tamaşaçının zövqündə yox, efirin seçimindədir.


Bəsti Rəfizadə
Sfera.az

 

PAYLAŞ