İkinci hamiləlik qadınların beynində dəyişikliyə səbəb olur - TƏDQİQAT

Amsterdam Universiteti Tibb Mərkəzinin (UMC) alimləri müəyyən edib ki, qadınlar ikinci dəfə hamilə qaldıqda onların beynində diqqətin idarə olunması ilə bağlı əlaqələrdə mühüm dəyişikliklər baş verir.
Sfera.az “BBC”yə istinadən xəbər verir ki, araşdırmaya görə, bu dəyişikliklər anaların diqqətini daha yaxşı cəmləməsinə və eyni anda bir neçə uşağa qayğı göstərməsinə kömək edir.
Daha əvvəlki tədqiqatlar ilk hamiləlik zamanı beynin analığa hazırlıq üçün dəyişdiyini göstərsə də, yeni nəticələr ikinci hamiləliyin də ayrıca və “unikal” təsirə malik olduğunu ortaya qoyub. Tədqiqat çərçivəsində 110 qadın izlənilib.
Onlar üç qrupa bölünüb: ilk dəfə ana olanlar, ikinci uşağını dünyaya gətirənlər və ümumiyyətlə uşağı olmayan qadınlar. Hamiləlikdən əvvəl və sonra aparılan beyin skanları dəyişikliklərin dəqiq xəritəsini çıxarmağa imkan verib. Məlum olub ki, ikinci dəfə hamilə qalan qadınlarda diqqətin idarəsi və duyğulara reaksiyaya cavabdeh sinir əlaqələrində daha çox dəyişiklik baş verib.
Tədqiqatçılardan Milou Stratof bu proseslərin bir neçə uşağa eyni vaxtda baxmaq üçün faydalı ola biləcəyini bildirib. Araşdırma həmçinin psixi sağlamlıqla əlaqəni də ortaya qoyub. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, dünyada hamilə qadınların təxminən 10%-i, yeni doğum etmiş qadınların isə 13%-i, əsasən, depressiya olmaqla psixi pozuntular yaşayıb. Alimlər müəyyən edib ki, beynin xarici qatında baş verən struktur dəyişikliklər peripartum depressiya, yəni hamiləlik və ya doğuşdan sonrakı depressiya ilə əlaqəlidir.
İlk dəfə ana olanlarda bu əlaqə daha çox doğuşdan sonrakı dövrdə, ikinci dəfə ana olanlarda isə hamiləlik zamanı daha güclü müşahidə olunub. UMC-nin hamiləlik beyin laboratoriyasının rəhbəri Elseline Hoekzema bildirib ki, hər hamiləlik qadın beynində fərqli iz buraxır və beyin yalnız ilk deyil, ikinci hamiləlikdə də yenidən uyğunlaşır. Tədqiqatçılar hesab edir ki, nəticələr doğuşdan sonrakı depressiyanın səbəblərini daha yaxşı anlamağa və analara göstərilən tibbi və psixoloji yardımın təkmilləşdirilməsinə kömək edəcək.
Bəsti Rəfizadə
Sfera.az
