"Ailə institutu zəifləyib, TV ekspertləri isə..."

Televiziyada yayımlanan bəzi ailə-məişət yönümlü sosial proqramlar cəmiyyətdə ciddi müzakirələrə səbəb olur. Bu verilişlərdə ailədaxili problemlərin, xəyanət, zorakılıq və şəxsi münasibətlərin açıq şəkildə nümayiş etdirilməsi ailə institutuna zərər vuran davranışların normallaşdırılması kimi qiymətləndirilir.
Bir çox ekspertin fikrincə, bu tip proqramlar ailə dəyərlərini qorumaq əvəzinə, əksinə, münaqişəni təşviq edir və nəticə etibarilə boşanmaların artmasına dolayısı təsir göstərir.
Həqiqətən, bu tip verilişlərdə ailədaxili münaqişələrin açıq şəkildə nümayiş etdirilməsi ailə institutunun zəifləməsinə səbəb ola bilərmi? Bu proqramlarda təqdim olunan ailə münasibətləri cəmiyyətdə hansı sosial davranışları təşviq edir?
Sfera.az-a bu haqda açıqlama verən sosioloq Naib Niftəliyevin sözlərinə əsasən, şou yaratmaq məqsədi ilə atılan bu addımlar ailə dəyərlərinə ciddi təsir edir. Onun fikirlərinə görə, statistika göstərir ki, ailələrin 60 faizi televiziya qarşısında 6-8 saat vaxt keçirir və bu həm yaşlı təbəqəyə, həm də uşaqlara, böyüklərə aiddir:

“İnternet texnologiyaları bu təsiri qismən zəiflədir, lakin tam aradan qaldırmır və buna görə də televiziyanın maarifləndirici təsiri ilə yanaşı, neqativ, mənfi təsirləri də təəssüf ki, mövcuddur. Yəni bu təsir əhalinin ən azı 50 faizini fəal şəkildə əhatə edir. Statistik və sosioloji tədqiqatlar bunu birbaşa təsdiqləyir. İndi biz bu faktların üzərində çox dayanmaq istəmirik, amma bəlli olan odur ki, ailə institutu son illərdə əhəmiyyətli dərəcədə zəifləyir. Boşanmalar kəskin artır. Təxminən qurulan hər iki ailədən biri boşanma riski ilə üzləşir. Bu isə böyük bir mənfi tendensiya və ailə institutunu zəiflədən əsas faktorlardan biridir. Düşünürəm ki, təbliğatın, maarifləndirmənin və kənar təsirlərin ailə institutuna sirayət etməsi, burada da televiziyanın müəyyən dərəcədə mənfi təsirlərinin artması müşahidə olunur. Düzdür, televiziyanın müsbət maarifləndirici rolu qalır, amma bununla bərabər təbliğatın, təqdimatın və ya ailə problemlərinin sosial həll modelinin düzgün seçilməməsi televiziyanın bu istiqamətdə funksiyalarını kifayət qədər sarsıdır, ləngidir və bu mənada mənfi dinamikanı gücləndirən amilə çevrilir”.
Ekspert televiziyada sosioloji xidmətin vacibliyindən bəhs edib. N. Niftəliyevin fikrincə, bu, peşəkarlıq baxımından önəmlidir:
“Yəni istənilən halda dəvət olunan ekspertlərin öz yanaşması da burada hər zaman doğru olmur. Söhbət ondan gedir ki, burada peşəkarlıq faktoru çox önə çəkilməlidir. Və təbii ki, bu, dolayı yox, birbaşa təsirdir. Yəni dəyərlərin qorunmasına mənfi təsir göstərən, cəmiyyətə birbaşa zərər vuran amillər sırasındadır. Düşünürəm ki, ekspertlər burada daha ehtiyatlı mövqe nümayiş etdirməlidirlər. Çünki çox zaman bu prosesin icraçılarına çevrilir, bilərəkdən və ya bilməyərəkdən bu mexanizmin tərkib hissəsi olurlar. Belə hallarda ekspertlər dolayısı ilə televiziya verilişlərinə bu tip davranışlara haqq qazandırmaqdan başqa çıxış yolu görmürlər. Düşünürlər ki, əks mövqe sərgiləsələr, efirə dəvət olunmayacaqlar. Amma unudurlar ki, efir məkanı ağıllı, düşüncəli və fikrini ciddi şəkildə ifadə edən hər bir mütəxəssis üçün açıqdır.
Sosial şəbəkələr, “YouTube”, “Facebook”, “TikTok” və digər platformalar təkcə əyləncə üçün deyil, həm də maarifləndirici fəaliyyət göstərən şəxslər üçün kifayət qədər imkan yaradır. Elə buna görə də televiziyanın özü də bu sosial şəbəkələrə geniş şəkildə istinad edir. Düşünürəm ki, bu istiqamətdə ağıllı, etik, normal və maarifləndirici yanaşma yeganə düzgün həll yolu ola bilər. Bu baxımdan sosioloqların və televiziya mütəxəssislərinin önləyici iş görməsi vacibdir. Televiziyaların hər birində sosioloji xidmət olmalıdır. Sosial-psixoloji məsələlər və kütləvi təhsil imkanları ciddi şəkildə inkişaf etdirilməlidir. Əks halda televiziya kütlənin arxasınca gedərsə, yalnız kütlə maraqlarını ifadə edərsə, əhalinin zəif təbəqəsini mənfi təsirlərlə yükləmiş olar. Bu isə televiziya kanallarının imicinə, nüfuzuna, orada çalışan jurnalist və mütəxəssislərin peşəkarlıq səviyyəsinə, nəticə etibarilə ailə dəyərlərinə və cəmiyyətin bütövlüyünə zərər vurur”.
N.Niftəliyev sonda tamaşaçıya həyəcanı tərbiyəedici formada yaşatmalı olmağın labüdlüyünü qeyd edib.
Bəsti Rəfizadə
Sfera.az
Mövzu: Elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması
Qeyd: Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb


