“Sabah Residence” küləyə tab gətirmədi - VİDEO

“Sabah Residence” küləyə tab gətirmədi - VİDEO
Kateqoriya məlum deyil
T

Bakının Bayıl qəsəbəsində yerləşən və premium yaşayış kompleksi kimi təqdim olunan “Sabah Residence” bu dəfə fasad problemi ilə gündəmə gəlib.

Sfera.az bildirir ki, sentyabrın 7-də paytaxtda güclənən külək nəticəsində binanın fasad örtüyünün bir hissəsi qoparaq yerə düşüb. Hadisə zamanı xəsarət alan olmadığı bildirilir. Maraqlıdır ki, söhbət sıradan bir yaşayış binasından yox, özünü yüksək standartlar, müasir texnologiyalar və premium həyat tərzi ilə təqdim edən kompleksdən gedir. Layihənin rəsmi təqdimatında “Sabah Residence” üçün müasir memarlıq, yüksək texnoloji standartlar və rahatlıq xüsusi vurğulanır. Kompleksin fasadının renovasiyasını həyata keçirən şirkət isə istifadə olunan fiber-beton materialının yüksək davamlılığı və hava şəraitinə qarşı dayanıqlılığı ilə seçildiyini bildirir.

Belə olan halda ortaya kifayət qədər ciddi sual çıxır: əgər fasad həqiqətən yüksək davamlı və hava təsirlərinə davamlı materiallarla hazırlanıbsa, adi güclü külək zamanı onun bir hissəsinin qopmasına nə səbəb olub?

Məsələnin yalnız küləyin gücü ilə izah edilməsi də kifayət qədər əsaslı görünmür. Çünki çoxmərtəbəli yaşayış binalarında fasad elementlərinin bərkidilməsi, konstruksiyanın külək yüklərinə hesablanması və materialların təhlükəsizliyi birbaşa insanların həyat və sağlamlığı ilə bağlı məsələdir. Üstəlik, “Sabah Residence”in adı ilk dəfə deyil ki, narazılıqlar və mübahisələrlə gündəmə gəlir. 2018-ci ildə Bayıl sakinləri kompleksin tikintisi ilə əlaqədar evlərinin sökülməsi, kompensasiya və mülkiyyət hüquqları ilə bağlı narazılıqlarını ifadə ediblər. Həmin dövrdə bir sıra sakinlər şirkətlə məhkəmə çəkişməsində olduqlarını bildiriblər. Daha əvvəl kompleksin tikintisində çalışan ekskavator operatoru Qafarov Ədalətin də iş zamanı xəsarət aldığını və sonradan müalicə xərcləri ilə bağlı şirkətdən narazı qaldığını bildirdiyi barədə məlumat yayılıb.

2023-cü ildə “Fortis Group” MMC-nin “Sabah Residence” MTK-nı məhkəməyə verdiyi barədə məlumat yayılıb. İş müqavilə öhdəliklərindən, o cümlədən alqı-satqı müqavilələrindən irəli gələn mübahisə ilə bağlı olub. 2024-cü ildə isə “Almet Holding” MMC-nin “Sabah Residence” MTK-ya qarşı məhkəməyə müraciət etdiyi barədə məlumat dərc edilib. Həmin iş korporativ mübahisə kimi təqdim olunub.

“Sabah Residence” kimə məxsusdur?

Mediada yayılan məlumatlara görə, “Sabah Residence” MTK-nın təsisçisi “Qala Group” MMC-dir. Şirkətin direktoru və qanuni təmsilçisi kimi isə Abil Səfərov göstərilir. Məlumatlara əsasən, “Qala Group” MMC-nin təsisçisi və müşahidə şurasının sədri Orxan Mustafayevdir. O, Azərbaycan Milli Elmlər Akademiyası İnsan Hüquqları İnstitutunun keçmiş direktoru, mərhum professor Rövşən Mustafayevin və IV çağırış Milli Məclisin deputatı olmuş Aytən Mustafayevanın oğlu kimi təqdim olunur. Mediada yer alan məlumatlarda həmçinin “Qala Group” MMC və “Sabah Residence” MMC-nin “İdeal Concept Group” şirkətinə daxil olduğu, Orxan Mustafayevin isə həmin şirkətin prezidenti olduğu qeyd edilir.

İndi isə yeni sual ortaya çıxır: illərdir “premium”, “müasir” və “yüksək standartlı” yaşayış kompleksi kimi təqdim olunan binanın fasadı niyə küləyə tab gətirməyib?

Ən vacibi isə budur: bu dəfə heç kimin xəsarət almaması problemin kiçik olması demək deyil. Fasad örtüyünün aşağıda insanların və avtomobillərin olduğu əraziyə düşməsi daha ağır nəticələrə səbəb ola bilərdi.

İctimaiyyətin bilməli olduğu əsas məqamlar da bunlardır: fasadın hansı hissəsi qopub, hadisəyə texniki səbəb nə olub, konstruksiyanın külək yükünə davamlılığı yoxlanılıbmı və binanın digər fasad elementləri hazırda təhlükəsizdirmi?

Sfera.az məsələ ilə bağlı “Sabah Residence”in rəhbərliyinin və aidiyyəti qurumların mövqeyini öyrənməyə çalışacaq.

Firuzə Əliyeva

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR