"Üstünlüklər yalnız Naxçıvana şamil edilir, bəs digələri?" - Deputatdan ETİRAZ

"Bizə təqdim olunan 2026-cı ilin büdcə-vergi paketi “islahat” kimi təqdim edilir, amma tərəfimizdən edilən dərin təhlil göstərir ki, bu, islahat kiçik sahibkarın çiyninə əlavə yük yükləyəcək".
Sfera.az xəbər verir ki, bunu deputat Razi Nurullayev parlamentin bugünkü plenar iclasında gələn ilin büdcə zərfinə daxil olan layihələrin müzakirəsi zamanı deyib.
Onun sözlərinə görə, xüsusilə fərdi sahibkarlar üçün təklif edilən yeni sosial sığorta mexanizmi iqtisadiyyatın ən həssas təbəqəsini – kiçik dövriyyəli biznesi zərbə altına salır:
"Bir çox təqdimatları müxtəlif formatlarda dinləmişəm, aydın görünür ki, yeni model kiçik dövriyyəli sahibkar üçün maliyyə yükünü artıracaq, qeyri-formal sektora keçid riskini yüksəldəcək, hətta fəaliyyətin dayanması ehtimalını artırır. Bu düzəlişlər vətəndaşın gündəlik dolanışığını təhlükəyə ata bilər. Muzdlu işçilərə gəlincə, burada da eyni yanlış yanaşmanın davam etdiyini görürük. Əməkhaqqı artmadan vergi yükü artırılır və bu da “cəmi 3 faiz artım” kimi təqdim edilir. Halbuki mövcud 30 faizlik yüklənmə 37 faizə qalxır və bu, rəsmi şəkildə insanların gəlirindən daha çox vergi tutulması deməkdir".
R.Nurullayev qeyd edib ki, bu addım əmək müqavilələrinin ləğvini və kölgə iqtisadiyyatına axını daha da sürətləndirəcək:
"Əslində, əməkhaqqı artmadan vergi artımı sosial siyasət deyil, sosial təzyiqdir. Aksizlər üzrə dəyişikliklər də iqtisadi məntiqə söykənmir. İçməli spirtdə və alkoqollu içkilərdə 0.2 manatlıq, energetik içkilərdə 0.2 manatlıq, siqaretdə 9.5 manatlıq artım, mobil cihazlara görə 20 manatlıq aksiz, 7 ildən köhnə avtomobillərin idxalında əmsalın benzin üçün 1.2-dən 1.5-ə, dizel üçün 1.5-dən 2-yə qaldırılması – bütün bunlar birbaşa bazarda qiymət artımı deməkdir. İnflyasiyanın yüksək olduğu bir dövrdə belə addımların atılması sadəcə səhv deyil, vətəndaşın cibinə ciddi təsir edəcək addımdır".
Millət vəkili ictimai iaşə sektoruna da diqqət çəkib:
"POS-terminal dövriyyəsinin 50 faizinin ƏDV-dən azad edilməsi və sadələşdirilmiş verginin 8 faizdən 6 faizə endirilməsi üç il müddətinə nəzərdə tutulub. Sual yaranır: üç ildən sonra nə olacaq? Bu sektorun üç il nəfəs almasına imkan yaradıb, sonra yenidən boğmaq planı hansı məntiqə əsaslanır? İctimai iaşə pandemiyadan, inflyasiyadan, xammal bahalaşmasından zərbə alıb, indi də vergi rejiminin qeyri-sabitliyi ilə üz-üzə qoyulur. Belə şəraitdə, məhz uzunmüddətli sərmayə qoymaq istəyənlərin sayı ciddi şəkildə azalacaq".
Deputat nəzərə çatdırıb ki, Naxçıvan üzrə 2026-2036-cı illər üçün tətbiq edilən geniş vergi və sosial güzəştlər paketi isə ümumiyyətlə iqtisadi ədalət baxımından suallar yaradır:
"Mənfəət, əmlak, torpaq, dividend, idxal vergilərindən tam azadolma, sosial sığorta yükünün dövlət tərəfindən kompensasiyası və digər üstünlüklər yalnız Naxçıvana şamil edilir. Bəs digər regionlar? Elə regionlarımız, rayonlarımız var ki, Naxçıvan qədər çətin vəziyyətdədir. Bu yanaşma regional balansı pozur və vergi siyasətini selektiv alətə çevirir. Güzəşt iqtisadi inkişaf üçündürsə, o zaman bütün geri qalmış regionlara tətbiq olunmalıdır – təkcə bir regiona yox. Bəli, layihədə bəzi müsbət toxunuşlar var. Kirayə gəlirləri üzrə verginin 14 faizdən 10 faizə endirilməsi gözəldir, amma icarə bazarının 70 faizi kölgədə olduğu halda təkcə dərəcənin endirilməsi heç nəyi həll etmir. Nağdsız dövriyyə limitinin 200 mindən 400 min manata qaldırılması da müəyyən fayda verəcək, amma ümumi iqtisadi sistem dəyişmirsə, bu, sadəcə kosmetik düzəlişdir. Biz bu formada qəbul olunan layihənin ölkə üzrə minlərlə kiçik biznesi bağlayacağını, regionlarda tənəzzülü dərinləşdirəcəyini və vergi daxilolmalarını azaldacağını güman edirik. Buna görə də sənəd yenidən işlənməli, kiçik sahibkarın, muzdlu işçinin və regionların maraqları nəzərə alınmalıdır. Əks halda bu paket vergi islahatı deyil, vergi yükünün artırılması olacaq. Bu baxımdan təmsil etdiyim Milli Cəbhə Partiyası bu dəyişikliklərə müsbət yanaşmır".
Firuzə Əliyeva
Sfera.az






