10 sentyabr Dünya İntiharla Mübarizə Günüdür.
Sfera.az xəbər verir ki, 2003-cü ildən etibarən hər il bu tarixdə beynəlxalq tədbirlər həyata keçirilir. Günün məqsədi intihar hallarının qarşısını almaq, cəmiyyətlərdə maarifləndirmə aparmaq və psixoloji dəstəyin əhəmiyyətinə diqqət çəkməkdir.
Ümumdünya Səhiyyə Təşkilatı və Beynəlxalq İntiharla Mübarizə Assosiasiyasının təşəbbüsü ilə keçirilən bu günün 2024–2026-cı illər üçün devizi “Changing the Narrative on Suicide” (İntiharla bağlı hekayəni dəyişmək)dir. Mövzunun əsas mahiyyəti stiqmanı azaltmaq, intihar barədə açıq və empatik müzakirələri təşviq etmək, həmçinin psixoloji dəstəyə çıxışı asanlaşdırmaqdır.
Rəsmi məlumatlara görə, hər il dünyada təxminən 700 min nəfər intihar səbəbindən həyatını itirir. Bu isə hər 40 saniyədə bir insanın intihar etdiyini göstərir. Mütəxəssislər bildirirlər ki, düzgün profilaktika və vaxtında psixoloji yardım göstərilməklə intiharların əhəmiyyətli hissəsinin qarşısını almaq mümkündür.
Qeyd edək ki, Beynəlxalq İntiharla Mübarizə Günü münasibətilə müxtəlif ölkələrdə maarifləndirici aksiyalar, yürüşlər, elmi konfranslar və sosial kampaniyalar keçirilir. Azərbaycanda da son illərdə bu istiqamətdə maarifləndirici layihələr həyata keçirilir, psixoloji yardım mərkəzlərinin fəaliyyətinə diqqət artırılır.
Firuzə Əliyeva
Sfera.az