SSRİ-nin ən ötkəm qadın naziri niyə intihar etmişdi? – Xruşovun sevgilisi, yoxsa xilaskarı?

SSRİ-nin ən ötkəm qadın naziri niyə intihar etmişdi? – Xruşovun sevgilisi, yoxsa xilaskarı?
1950-ci illərdən sonra SSRİ-nin siyasi elitasında tanınmış simalardan biri də Yekaterina Furtseva olub. Əslində, kənardan çox xoşbəxt və şanslı görünən Furtsevanın həyatı o qədər də rahat olmayıb. Sfera.az bu sirli xanım siyasətçinin həyat yoluna işıq salmağa çalışıb.

1910-cu ildə Tverdə anadan olan Yekaterina Furtseva atasını erkən yaşlarında itirib. O, anasına kömək etmək üçün yeddiillik təhsildən sonra əmək fəaliyyətinə başlayıb, toxuculuq fabrikində işləyib. Ağır həyat tərzi ilə barışmayan Furtseva uğurlu gələcəyi üçün bütün gücündən istifadə edib və ali təhsil almağı qarşısına məqsəd qoyub.

 
İşlədiyi toxuculuq fabrikinin komsomol təşkilatının fəallarından biri sayılan Furtseva axşam məktəbində tam orta təhsilini başa vurduqdan sonra, elə komsomol təşkilatının göndərişi ilə Lomonosov adına Kimya Texnologiyaları İnstitutuna daxil olub. Ali təhsil aldıqdan sonra o, fəaliyyətini komsomol və partiya orqanlarına bağlayıb.

Artıq 1935-ci ildə Yekaterina Furtseva Ümumittifaq Komsomol Təşkilatının mərkəzi aparatında işləyib. Sovet-alman müharibəsi başlayanda o, Moskvadakı zavod və fabriklərin Kuybışevə təxliyyə olunmasında fəal iştirak edib. Çevikliyi, iş bacarığı, fəallığı nəzərə alınaraq 1941-ci ildə, əvvəlcə onu Kuybışev şəhər Partiya Komitəsinin katibi, 1942-ci ildə isə Moskva şəhər Frunze rayon Partiya Komitəsinin birinci katibi təyin ediblər.

Furtsevanın Nikita Xruşovla tanışlığı və yaxın münasibəti 1949-cu ildə Xruşovun Moskva vilayət Partiya Komitəsinin birinci katibi vəzifəsinə təyinatından sonra başlayıb. Bu tanışlıq Furtsevanın siyasi karyerasında mühüm rol oynayıb. Belə ki, Xruşov qısa xidməti münasibətlərdən sonra Furtsevanı Moskvaya ikinci katib təyin edib.

Furtsevanın siyasət yollarında yanan "yaşıl işıqlar” bununla yekunlaşmayıb. Stalinin vəfatından sonra hakimiyyəti ələ keçirən Xruşov kadr "islahat”larında Furtsevaya böyük etimad göstərib, ona Moskva şəhər Partiya Komitəsinin birinci katibi vəzifəsini həvalə edib.


Paytaxtın 44 yaşlı birinci katibi Mərkəzi Komitədə ən ötkəm məmurlardan biri sayılıb. Siyasi Büro üzvü olaraq ölkə üçün taleyüklü məsələlərdə xanım siyasətçi əsas söz sahiblərindən biri olub.
 
Yekaterina Furtseva Stalin komandasından qalan məmurların Xruşova qarşı təzyiqlərinin qarşısının alınmasında xüsusi fəallıq göstərib və sözsüz ki, bunun müqabilində yeni vəzifə "bonus”ları qazanıb.

1957-ci ildə isə Furtsevanın Xruşova nümayiş etdirdiyi sədaqət onun Kremldəki mövqelərini daha da möhkəmləndirib. Belə ki, həmin il Molotov, Kaqanoviç, Malenkov, Bulqanin, Voroşilov və Şepilov Xruşovu SSRİ rəhbərliyindən kənarlaşdırmağa cəhd ediblər. Mərkəzi Komitənin növbəti iclasında tribunaya çıxan Molotov müzakirə olunacaq məsələni kənara qoyaraq Xruşovun yarıtmaz siyasi fəaliyyəti haqda çıxış edib. O cümlədən, yuxarıda adları çəkilənlər də çıxışlarını bu mövzunun üzərində qurublar.  Xruşov deyilənlərlə razılaşmayaraq bu məsələnin yalnız plenumda müzakirə edilməsinin mümkünlüyünü söyləyib:
 
"Məni bu vəzifəyə plenum seçib, bu vəzifədən də plenum azad edə bilər”.

 
İclas çox gərgin, mübahisəli keçib. Furtseva anlayıb ki, iclasın son qərarı plenumun üzvlərinin dəvət olunması ilə nəticələnəcək. Mübahisələrin davam etdiyi bir məqamda Furtseva qəfil ayağa qalxaraq tualetə getmək üçün icazə istəyib. Kişilər üçün tualet iclas zalının lap yaxınlığında yerləşib, qadınlar üçün isə binanın tamam əks istiqamətində olub. Ora gedib qayıtmaq üçün ən azı 10 dəqiqə vaxt lazım olduğunu hamı bilib. Bunu nəzərə alan Furtseva zaldan çıxan kimi öz otağına tələsib və Xruşovun tərəfdarlarına tez zəng edərək məsələni agah edib, onları təlimatlandırıb. Beləliklə, plenum üzvləri yığışdıqdan sonra məsələ müzakirə olunub, Xruşovu "təslim” etmək mümkün olmayıb.
 
Müasirləri həmin plenumda xanım siyasətçinin fəallığını və hərəkətlərini əsl siyasi möcüzə adlandırıblar. Həmçinin Furtsevanın həmin plenumda Xruşov əleyhinə çıxanları "antipartiya qrupu” adlandırması da Kremlin siyasi həyatında ən cəsarətli addımlardan biri sayılıb. Bu hadisədən sonra Furtesavanı "Xruşovun xilaskarı” adlandırıblar.

Nikita Xruşov bütün xarici ölkələrə səfərlərində Yekaterina Furtsevanın da nümayəndə heyətinin tərkibinə  salınmasını protokpl xidmətinə bir cümlə ilə agah edib:
 
"Bütün xarici səfərlərdə nümayəndə heyətinə Furtsevanı da əlavə edin. O mənə həmişə lazımdır...”


Həmin dövrdə Xruşovla Furtseva arasında sevgi münasibətlərinin olması haqda çox söhbətlər gəzib. Hətta bu söhbətlər Xruşovun ailəsində də müzakirə mövzusuna çevrilib. Çoxları Kremldə Furtsevanı "Xruşovun sevgilisi” kimi qəbul edib. Amma bu söhbətlər heç vaxt öz təsdiqini tapmayıb. Onların arasında vahid komanda üzvləri kimi sırf işgüzar münasibətlərin olması daha çox təsdiqlənib. Sonda cazibədar xanım siyasətçinin başqaları ilə sevgi oyunları bu şayələrə son qoyub.

Furtseva birinci dəfə Bitkov adlı təyyarəçi ilə ailə həyatı qurub. Çütlüyün bir qız övladları dünyaya gəlib. Bitkov müharibədən qayıtdıqdan sonra Furtsevaya başqa bir qadınla sevgi münasibətində olduğunu etiraf edib. Bunun qarşılığında Furtsevanın etirafı daha "sərt” səslənib. O, Bitkova xəyanət etdiyini bildirib, qızlarının atasının heç də Bitkov olmadığını söyləyib. Beləliklə, ailə birliyi dağılıb. 1954-cü ildə Furtseva ikinci dəfə Fryubinlə ailə həyatı qurub. Bu nikahdan Fryubin daha çox "qazanıb”. O, Furtsevanın sayəsində əvvəlcə Çexoslovakiyaya səfir göndərilib, sonra SSRİ xarici işlər nazirinin müavini vəzifəsinə təyin edilib. Amma bu sevda da uzun çəkməyib, Fryubin Fursevanın qızını qəbul edə bilməyib və o, Furtsevaya görə atdığı birinci ailəsinin yanına qayıdıb.


1960-cı ildə SSRİ-nin mədəniyyət naziri təyin olunan Yekaterina Furtsevanın siyasi fəaliyyətində yeni era başlayıb. O, bu sahədə bir çox yeniliklərə imza atıb. Xüsusilə, xarici ölkələrə qastrol məsələsində mədəniyyət və incəsənət nümayəndələrinin "KQB” qadağalarına xanım nazir birdəfəlik son qoyub.
 
Elə Müslüm Maqomayevin Milanın "La Skala” teatrında təcrübəyə getməsində qarşıya çıxan maneələri də Furtseva aradan qaldırıb. Həmin dövrdə istənilən bir müğənni üçün Milan opera teatrına getmək çox müşkül məsələ sayılıb. O vaxtlar xaricə göndərilənlərin tərcümeyi-halı şəffaf və qüsursuz olmalı idi. Müslüm Maqomayevin tərcümeyi-halında isə "boşanıb”, "komsomolçu olmayıb” kimi qeydlər onun səfərinin üstündən xətt çəkmək üçün yetərli sayılıb. Buna baxmayaraq, o, maneələri keçə bilib. Və təbii ki, bu maneələr Furtsevanın sayəsində keçilib.


İşində son dərəcə ciddi və tələbkar olan Furtseva şəxsi həyatında bir o qədər  sərbəst, əyləncəyə meylli qadın olub. Gecə yarıyadək davam edən məclislər onun həyatında adi hala çevrilib. İçkiyə meyilli olan Fureseva bəzən səhərə qədər dostları və rəfiqələri ilə bütün gecəni qədəh toqquşdurmaqla keçirib. Amma bu həyat tərzi onun xoşbəxt taleyindən irəli gəlməyib. Anası vəfat etdikdən, qızı ailə qurub onun yanından köçdükdən sonra tənhalıq Furtsevanı sıxıb. O isə bu sıxıntıların "qisasını” alkoqollu işkilərdən alıb. Sonluq isə acınacaqlı yekunlaşıb.
 
1974-cü ilin oktybrın 24-də Yekaterina Furtseva müəmmalı şəkildə vəfat edib. Rəsmilərin imzaladığı nekroloqda ölümün səbəbi ürək tutması göstərilsə də, sonradan məlum olub ki, 63 yaşlı mədəniyyət naziri öz mənzilində, vanna otağında intihar edib.
 
İlham Cəmiloğlu
Sfera.az
 
 
 

OXŞAR XƏBƏRLƏR

Prezident: "Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqlarını yüksək qiymətləndiririk"

Biz Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqlarını yüksək qiymətləndiririk.   Sfera.az xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İl...

Prezident: "Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb"

Müharibədən cəmi 3 il yarım vaxt keçib, artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb və bu proses davam etdirilir.   Sfera.az xəbər verir...

İlham Əliyev və Olaf Şolts mətbuat konfransı BAŞA ÇATDI - YENİLƏNDİ

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Almaniya Federativ Respublikasının Kansleri Olaf Şoltsun aprelin 26-da Berlində keçirilən birgə mətbuat ko...

Prezident: "Təbii qaz təchizatçısı olan Azərbaycan Avropa üçün yaşıl enerji təchizatçısı da olacaq"

2027-ci ilin sonuna qədər 9 günəş və külək elektrik stansiyası istismara veriləcək. Onların enerji potensialı 2 qiqavata bərabərdir. 2030-cu ilə qədər isə əlavə...

55 saat 24 saniyə davam edən müsahibə ilə REKORD QIRDI

Dünyanın ən uzun müsahibəsi 55 saat davam edib və Ginnesin Rekordlar Kitabına düşüb.   Sfera.az xəbər verir ki, nigeriyalı qadın Klara Çizoba K...

Olaf Şolts: "Qalıq yanacağın miqdarının azaldılması iqlim dəyişikliklərilə mübarizədə mühüm məsələdir"

Qalıq yanacağın miqdarının azaldılması iqlim dəyişikliklərilə mübarizədə mühüm məsələdir.   Sfera.az xəbər verir ki, bunu Almaniya Federativ Respubli...