AdRiver
Sevgisini Xocalıda dəfn edən müğənni: “Yandırdım ki, erməninin əlinə keçməsin” - VİDEO

Sevgisini Xocalıda dəfn edən müğənni: “Yandırdım ki, erməninin əlinə keçməsin” - VİDEO

Evlərini, məzun olduğu məktəbi tez-tez yuxusunda görür. Amma bu yuxuların çin olacağı günün də uzaqda olmadığına inanır. Bir gün o yerlərə dönəcəyini, ilk olaraq, atasının məzarının yanına qaçacağını deyir.

Sfera.az xəbər verir ki, Xocalıdan olan müğənni Rəna Xudiyeva Yeniçağ.az-ın redaksiyasına qonaq olub.

Hər kəlməbaşı qəhərlənən, Xocalının sözlə rəsmini çəkən Rənanın müsahibəsini təqdim edirik.
 
 

– Xocalıdan çıxdığın son günü necə xatırlayırsan?

– İllər keçdikcə o gün, o faciə mənə daha da yaxın gəlir.

– Heç yuxuna girirmi o yerlər?

– Yuxuma girir və həmin gün elə bilirəm gedib, Xocalını gəzib gəldim.

– O yerləri yuxuda necə görürsən, dağılmış, viran olmuş, yoxsa elə əvvəlki kimi?

– Əslində, Xocalıdakı evimiz dağılıb. Şəhid olan qardaşım ordan döyüşə-döyüşə çıxmışdı. O, bizə dedi ki, ermənilər evimizi dağıdıb. Amma mən yuxuda evimizi əvvəlki kimi görürəm. Sevdiyim əşyaları axtarıram, amma tapa bilmirəm. Yadımdadır ki, evimizdə keçmişdən qalma mis qab-qazanlar vardı, elə bilirəm gedib yenə onları tapacam. Ən çox da oxuduğum orta məktəbi görürəm. Xocalının sonuncu məzunlarından idim.

– Elə bir əşyan varıydımı, deyəsən, "kaş Xocalıdan çıxanda özümlə gətirəydim”…

– Orta məktəbdə xatirə dəftərləri yazırdım. Hətta ədəbiyyat müəllimim mənə deyirdi ki, Rəna, sənin gözəl səsin var, avazına qurban olum, amma sən yazar olacaqsan.

– Şeirlər yazırdın?

– Yox, onlar içimdən gələn yazılar idi ki, qalaq-qalaq dəftərlərə köçürürdüm. Onları gizlincə saxlayırdım.

– Niyə gizlincə?

– Şəhid olan qardaşımdan çox çəkinirdim. Utanırdım ki, birdən yazdıqlarımı oxuyar. O qabaqcadan bizi Xocalıdan çıxartmaq istəyirdi ki, nəsə olsa, düşmən əlinə keçməyək. Buna görə o yazılarımın çoxunu ağlaya-ağlaya yandırdım ki, erməninin əlinə keçməsin.

– İçərisində sevgi məktubları vardı?

– Vardı. O yazıların bir hissəsini seçib, özümlə götürdüm, amma çoxunu yandırdım. Çünki hamısını çıxartmaq mümkün deyildi.

– Xocalıya gedəndə ilk baş çəkəcəyin yer hara olacaq? Yəqin ki, bunu illərdir ürəyində götür-qoy edirsən…

– Biz xocalılar da tez-tez bu sualı bir-birimizə veririk. Mən həmişə deyirəm ki, Xocalıya gedən kimi, ayaqyalın atamın qəbri üstünə qaçardım (qəhərlənir). Fikirləşirəm ki, Xocalıya ayağımı basan kimi həyəcandan ürəyim partlayar, ölərəm. Fevral biz xocalılara düşmən kəsilən aydır. O yerlər üçün çox darıxıram. Müğənni kimi cəbhə bölgələrində konsertlər verəndə, soruşurdum ki, bax, burdan Xocalıya nə qədər məsafə olar? Göstəriblər ki, bu, Murov dağıdır, onun o biri tərəfi Xocalıdır. Quşlara bəxtəvərlik vermişəm ki, onlar gedib o yerləri gəzib gəlir, amma mən gedə bilmirəm.

– Hansı mahnını oxuyanda, gözünü yumub, özünü Xocalıda hiss edirsən?

– Niyaməddin Musayevin filmdə oxuduğu bir mahnı var e, "Anama deyin, balası gəlir”… Bunu da deyim biləsiniz ki, Xocalıda ilk musiqi təhsilli müğənnilərdən biri olmuşam. Xocalıda səhnəyə çıxıb, oxuyanda özümü dünyanın ən xoşbəxti sayırdım. O vaxt Xocalıda müharbə başlayanda, biz hələ evimizdən çıxmamışdıq. Tankla məni Xankəndinə müsabiqəyə aparıblar. Gedib qalib oldum.

– Ölümdən qorxurdunmu?

– Qorxaq qız deyildim. Evimizin yaxınlığında Dəmiryol körpüsü vardı, mərmilər atılanda hamı qaçıb, o körpünün altında gizlənirdi. Mən otururdum evdə, deyirdim, "niyə gedib orda gizlənməliyəm ki? Öləcəyəmsə, elə evimizdə ölüm”.

– İlk sevgini də yəqin Xocalıda yaşadın…

– Yaşadım və sevgimi də əlimlə dəfn edib gəldim.
 


Məlahətli səsin var, amma nədənsə gündəmdə yoxsan, niyə?

– Müğənni var səhnəyə toydan gəlir. Amma mən ağlım kəsəndən səhnədə olmuşam. Sənətimdən yetərincə sevgi, hörmət qazanmışam, bu, mənə bəs edir.

– Amma qazanc da lazımdır axı…

– Sənətimi heç vaxt axsatmıram. Bilirsiniz ki, reklam üçün maddi vəsait lazımdır. Hansısa bəstəkara pul ödəməlisən, mahnı almalısan, onu oranjeman etdirməlisən və s. Amma mən bu sənətdən o qədər pul qazanmıram ki, onu reklamıma xərcləyə bilim. Reklama yetəcək qədər pul qazanmıram. Bir misal çəkim: mənə həsr olunmuş bir şeir var, istədim onu musiqiyə çevirim, oxuyum. Amma hansı bəstəkara müraciət etdimsə, pul istədilər.

– Nə qədər?

– 1000 manat. Hansı ki, məndə o qədər pul olmayıb.

Sənətdə populyar olmaq üçün səsin olması bəs edir?

– Yox, önəmli deyil. Səslə bərabər, insanın xarakterində də bir açıq-saçıqlıq olmalıdır ki, özünü gündəmə gətirəsən. Nə olsun səsim, sənətim var, mən özümə hörmət edən sənətçiyəm. Bu gün soyunmaqla, kiminsə sevgilisi olmaqla özünü gündəmə gətirən sənətçilər var. Müğənnilər var ki, heç səsi də yoxdur, amma sponsorlarının hesabına hər gün efirdədir. Hərçənd, bunu efirdə etiraf etmirlər. Təəssüf ki, Avropadan fərqli olaraq, Azərbaycanda prodüserlər yalnız sevgililərinə maliyyə xərcləyirlər. Cox istərdim ki, həmin sponsorlar layihələrə vəsait ayırsınlar.

– Sənin də qarlı gündə açıq-saçıq fotoların yayıldı…

– Çoxları elə bildi ki, mən bunu gündəmə gəlmək üçün paylaşdım. Qışa uyğun olmayan, ev geyimində olan fotolar idi. Saytlar bu fotoları məndən icazəsiz yaydılar. Fotoların altında şərhlər yazdılar. Bəziləri yazdılar ki, cəsarətli xanımdır, bəziləri də yazdılar ki, buna bax, utanmır…

– Cəmiyyətin qınağından qorxan xanımlardansan?

– Hər zaman özümə qoyduğum sərhədlər olub və buna görə bir çox şanslarımı əlimdən verdim. Düşündüm ki, bunu etsəm, mənə yaxşı baxmazlar, qarabağlıyam, adıma söz gələr, insanlar məni düzgün başa düşməz və s. Bir sözlə, cəmiyyətin qınağına tuş gəlməkdən hər zaman ehtiyat edirəm.

– Bəzən bu komplekslərdən bezmirsən?

– Çox bezirəm, peşman oluram.

– Hansı müğənniləri bəyənirsən?

– Zülfiyyə Xanbabayeva ilə Röyanı çox bəyənirəm.

– Bir qızın var, istərdinmi sənətini davam etdirsin?

– Yox, onu müğənnilikdən uzaq tuturam.
 


– Səsi var?

– Yoxdu, amma yaradıcı qızdır. Yaşından böyük düşüncələri var.

– Ailə quranda seçiminə müdaxilə edəcəksənmi?

– Yəqin ki… Yer üzündə mənə doğma bir anam olub, bir özüm. Bundan sonra da bir özüm, bir qızım, bir Allahım var.

– Bildiyimə görə həyat yoldaşınızdan ayrılmısız. Qızın atası ilə görüşür?

– O, mükəmməl atadır. Ayrılıq bizim aramızdadır… Qızımın hər işində bir araya gəlirik, məsləhətləşirik. Mən atasız böyümüşəm. Qızımın atası ilə münasibətlərinə qarşı çıxmaram, cıxa da bilmərəm. Sizə bir söz deyim? Bəzən qızımla atasının münasibətinə həsəd aparıram.

– Xocalıda ananızın bişirdiyi hansı yeməyin qoxusu hələ də burnundadır?

– Bayaq dedim, Xocalıdakı evimizdə mis qazanlarımız vardı. Anam ildə bir neçə dəfə mis qazanlarda hədik bişirərdi. Tək yeməklərin qoxusu deyil, Xocalının təbiətinin də ətri hələ burnumdadır. Mart ayı gələndə kol dibini axtarırdım, bənövşə açan kimi dərib yeyirdim. Çox yerlərdə oldum, amma Xocalının bənövşəsinin qoxusunu heç yerdə duymadım.
 
 


DİGƏR XƏBƏRLƏR


---