AdRiver
“Qazancım deyilənlərdən çox-çox yüksəkdədir” - Qurban Qurbanovdan 1 milyonluq maaşı ilə bağlı açıqlama

“Qazancım deyilənlərdən çox-çox yüksəkdədir” - Qurban Qurbanovdan 1 milyonluq maaşı ilə bağlı açıqlama

 Azərbaycan millisinin baş məşqçisi Qurban Qurbanov AFFA İcraiyyə Komitəsinin iclasından sonra mətbuat konfransı keçirib.
 
Sfera.az Qafqazinfo-ya istinadən jurnalistlərlə olan müsahibəni təqdim edir:

- Gürcüstan millisini seçməyiniz təsadüfidir?

- Gürcüstanla oyun olacaq. Amma ondan əlavə bir matç da olacaq.

- Neçə ildir yazırıq ki, millinin oyunlarını Bakıdan kənara çıxarmaq lazımdır. Sizin dönəminizdə bu mümkün olacaq?
- Bölgələrdəki stadionları düzəltmək lazımdır. Həmin bölgələrin komandaları da çempionatda oynamalıdır. Mən sizin dediyinizin tərəfdarıyam. Bu gələcəkdə ola bilər.

- Millətlər Liqasına qədər neçə yoldaşlıq görüşü keçirəcəksiniz?
- Çox istəyərdim ki, kifayət qədər oyun keçirək. Komanda tapmaq çətindir. Amma çox sayda oyun keçirmək haqqında düşünəcəyik.

- Milliləşdirmə siyasətinə necə münasibət göstərəcəksiniz?
- Öz futbolçularımız varsa, istifadə edəcəyik. Olmasa, yaxşılarını axtaracağıq.

- Aşağı yaş qruplarında məşqçi seçimlərini nəyə əsasən etdiniz?
- Bu məsələdə çox çətinlik çəkdik. Rəşad Sadıqov mənim futbol fəlsəfəmi bilir. Gənc məşqçilərə üstünlük verdik. Onların potensialı var. Futbolçularla yanaşı, məşqçilər də yetişməlidir. Vüqar Məmməd neçə illərdir milli komandalarda çalışır. Ramin Quliyev Roman Qriqorçukun köməkçisi olub və təcrübəsi var. Zaur Həşimov bizimlə işləyib, "Zirə"də köməkçi məşqçi olub. 

- Son günlər sizin millidən 1 milyon manat maaş alacağınız yazılır...
- Məni millidə pul maraqlandırmır. Millidə qürurla çalışmaq istəyirəm. Maddi şeylər önəmli deyil. Fikrim Azərbaycan futboluna xidmət etməkdir. Hamı mənə dəyər verir. Bu dəyər sayəsində mənim qazancım deyilən rəqəmlərdən qat-qat yüksəkdədir. 

- Millinin əvvəlki heyətində çox dəyişiklik olacaq?

- Hər bir futbolçunun milliyə düşmək şansı olacaq. Rəqibdən asılı olaraq, dəyişikliklər ola bilər. Bəlkə də, hər oyunda 4-5 dəyişiklik edildi. Köhnələrdən 4-5 nəfər də çağırılmaya bilər.

- Daha bir neçə köməkçiniz ola bilərmi?

- Bəli, 1 və ya 2 yeni köməkçi də ola bilər.

- Oyunçu seçimi zamanı onun hansı çempionatda oynamasına fərq qoyacaqsınız?

- Təəssüf ki, bəzi futbolçularımız klublarında əsas heyətdə oynamırlar.

- Futbolçuların ölkə xaricinə çıxması baxımından bir sistem qurmağı düşünmürsünüz?

- Bu, böyük mövzudur. Bunlar mütləq olmalıdır. Amma desək ki, dərhal qaydasına qoyacağıq, alınmayacaq. Futbolçudan əvvəl yetişdiriləsi insanlar var. Məsələn, məşqçi, həkim, hətta masajçı. Bu insanların sağlam olması çox vacibdir. Bu gün nə idman həkimimiz, nə fizioterapevtimiz var. AFFA rəhbərliyi ilə bundan sonra daha tez-tez görüşlərimiz olacaq. 8-10 yaşlı uşaqları sağlam insanlara tapşırmalıyıq. Onların həkimləri özləri sağlam, savadlı olmalıdır. Bundan sonra bu barədə daha çox düşünəcəyik. Bu insanların yetişməsi üçün kurslarımız olacaq. Görüləsi işlər çoxdur.

DİGƏR XƏBƏRLƏR


---