Mənzildə baş verən partlayışa görə \"Azəriqaz\"ın əməkdaşı ittiham olunur

Mənzildə baş verən partlayışa görə \

Nəsimi rayonu, Füzuli küçəsi 53 ünvanında yerləşən yaşayış binasındakı mənzillərin birində partlayış baş verib. 

Sfera.az aznews.az-a istinadən bildirir ki, iki gün əvvəl baş verən hadisəyə qaz sızması səbəb olub. Təşvişə düşən sakinlərin bir qismi binanı tərk edib. Məsələ ilə bağlı aidiyyəti qurumlara müraciət ediləndən sonra təhlükəli vəziyyətin qarşısı alınsa da, hadisənin baş vermə səbəblərini heç kim araşdırmır. Sakinlərin sözlərinə görə, hadisə "Azəriqaz"ın Nəsimi Rayon şöbəsininElsəvər adlı nümayəndəsinin məsuliyyətsizliyi ucbatından baş verib. Belə ki, o, sözügedən ünvanın qaz xəttini bağlayıb. Bir neçə saatdan sonra isə sakinlərə məlumat vermədən qaz xəttini açıb. Bu isə binada yaşayanların həyatına təhlükə yaradıb. 

Sakinlərin təqsirli bildiyi "Azəriqaz"ın nümayəndəsi Elsəvər aznews.az-a açıqlamasında günahsız olduğunu bildirib. Onun sözlərinə görə, 20 gün əvvəl həmin mənzilə texniki baxışa görə bildiriş qoyulub: "Bildirişə isə reaksiya verilməyib. Biz evlərə ona görə gedirik ki, sızmanın qarşısını alaq. Onların evinə baxış keçirərkən aydın oldu ki, hamamda su qızdırıcısı yararsızdır. Biz bununla bağlı ev sahibini məlumatlandırdıq. Bildirdik ki, bunu bu şəkildə istifadə etmək olmaz, təhlükəlidir. Və ancaq hamama gedən qaz xəttini bağladıq. Amma axşam ev sahibi qazı açıb və hamamdan istifadə edərkən partlayış olub. Nəticədə su qızdırıcısı sıradan çıxıb". 

Qurum nümayəndəsi onu da əlavə edib ki, məsələ ilə bağlı 104 xidmətinə məlumat verilib: "Oradan gəlib xəttə baxış keçiriblər". 

"Azəriqaz"ın İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi İbrahim Kərbəlayev isə aznews.az-a açıqlamasında bildirib ki, sözügedən ünvanda belə bir fakt qeydə alınmayıb: "Hadisə ilə maraqlandım. "Azəriqaz"da belə bir fakt qeydə alınmayıb. Orada qaz məhdudiyyəti olmayıb". 

200 nəfərin yaşadığı binada baş verən partlayış, bununla bağlı bütün aidiyyəti qurumlara edilən rəsmi müraciət qurumun mətbuat xidmətinə gedib çatmasa da (?) sakinlər baş verən hadisəyə görə, "Azəriqaz"ın əməkdaşını suçlayırlar. Qurum əməkdaşlarının məsuliyyətsizliyi ucbatından dəfələrlə buna oxşar hadisənin baş verdiyini, lakin hələlik heç kimin cəzalandırılmadığını bildirirlər. 


OXŞAR XƏBƏRLƏR