İlham Əliyev İran Prezidenti ilə görüşdü - YENİLƏNİB

İlham Əliyev İran Prezidenti ilə görüşdü - YENİLƏNİB
Noyabrın 28-də Aşqabadda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisi ilə görüşü olub.

Sfera.az  xəbər verir ki, görüş İqtisadi Əməkdaşlıq Təşkilatının XV Zirvə Toplantısı çərçivəsində baş tutub.

Prezident İlham Əliyev: Salaməleyküm.

Prezident Seyid İbrahim Rəisi: Salaməleyküm. Necəsiniz?

Prezident İlham Əliyev: Sağ olun, çox yaxşıyam.

Prezident Seyid İbrahim Rəisi: Əhvalınız yaxşıdır, necəsiniz?

Prezident İlham Əliyev: Çox sağ olun, yaxşıyam. Şadam Sizi görməyimə.

Prezident Seyid İbrahim Rəisi: Mən də Sizinlə İƏT dövlət başçılarının Sammitində görüşümdən çox xoşhalam. İƏT-ə üzv ölkələrin dövlət başçılarının Sammiti bizim üçün çox yaxşı bir fürsət oldu ki, Sizinlə də görüş imkanı yarandı. Sizin rəsmi şəxslərin, həm Baş nazirin müavininin, həm də xarici işlər nazirinin İranın xarici işlər nazirinin müavini ilə çox yaxşı təmasları oldu, Baş nazirin müavininin Tehrana çox uğurlu səfəri baş tutdu. Mənə verilən məlumata görə, bu görüşlərdə çox müsbət müzakirələr aparılıb. Mən əminəm ki, belə əlaqələr, təmaslar, müzakirələr iki ölkənin münasibətlərinin inkişafına töhfələr verəcək. Ölkələrimiz arasında münasibətlərdə qarşıya çıxan məsələlər belə təmaslar və səfərlər çərçivəsində öz həllini tapa bilər.

Azərbaycan Respublikası ilə münasibətlərimiz təkcə qonşuluq münasibətləri deyildir, bizim ürəklərimizin münasibətidir, iki ölkənin xalqlarının ürəkləri bir döyünür. Bizim tarix və sivilizasiya birliyimiz vardır. Bütün bunlar bizi daha da möhkəm birləşdirir. Biz heç vaxt imkan verməməliyik ki, digərləri bizim münasibətlərimizə müdaxilə etsinlər. Biz öz məsələlərimizi özümüz həll etməliyik, münasibətlərimizi irəliyə aparmaq, qarşılıqlı faydalı əməkdaşlığı daha da dərinləşdirmək üçün birgə işləməliyik. İndiyə qədər olan təcrübə də bunu göstərir ki, biz həmişə öz məsələlərimizi özümüz müzakirə edəndə onların bir çoxunun həllinə nail olmuşuq və qarşıdakı maneələri dəf etmişik. Mən bunu Sizə dəqiqliklə və əminliklə söyləyirəm ki, Azərbaycan Respublikasının müstəqilliyini ilk tanıyan və dəstəkləyən ölkələrdən biri İran İslam Respublikası olub.

Qarabağ məsələsinə münasibətdə də İran İslam Respublikasının mövqeyi şəffaf və birmənalı idi. İranda İslam inqilabının ali rəhbərindən tutmuş, dövlət strukturlarındakı bütün məmurlarının hamısının mövqeyi bundan ibarət idi ki, Azərbaycan Respublikasının ərazi bütövlüyünə xələl gətirilməməlidir və Azərbaycan Respublikasının ərazi bütövlüyü təmin olunmalıdır. Biz əminik ki, Azərbaycan Respublikasının Baş nazirinin müavininin və Azərbaycan Respublikasının xarici işlər nazirinin iranlı həmkarları ilə apardıqları danışıqlar, müzakirələr ölkələrimizin münasibətlərini daha da dərinləşdirəcək, irəliyə aparacaq və əlaqələrimiz möhkəmlənəcək. Buyurun, biz Sizin xidmətinizdəyik.

Prezident İlham Əliyev: Çox sağ olun, hörmətli cənab Prezident, mən Sizi səmimiyyətlə salamlayıram. Çox şadam ki, görüş üçün belə gözəl fürsət yaranıb. Bu, bizim Sizinlə birinci görüşümüzdür. Əminəm ki, bu görüş İran-Azərbaycan əlaqələrinin inkişafına çox güclü təkan verəcəkdir.

Prezident Seyid İbrahim Rəisi: Mütləq elə olacaqdır.

Prezident İlham Əliyev: İran İslam Respublikası ilə əlaqələrə biz çox böyük önəm veririk. Bizim xalqlarımız qardaş xalqlardır. Əsrlər boyu bir yerdə yaşamışıq. Qohumluq əlaqələri də kifayət qədər genişdir. Xalqlarımızı ortaq tarix, ortaq mədəniyyət birləşdirir. Bu, çox gözəl zəmindir. Biz bu zəmin üzərində ikitərəfli əlaqələrin müasir tarixini yazırıq.

X X X

Görüşdə ölkələrimiz arasında münasibətlərin yüksək səviyyədə olduğu qeyd edildi, mehriban qonşuluq və dostluq əlaqələrinin mövcudluğu bildirilib.

Söhbət zamanı Azərbaycan ilə İran arasında Şimal-Cənub nəqliyyat dəhlizi, həmçinin Zəngəzur nəqliyyat dəhlizi çərçivəsində əməkdaşlıq məsələləri müzakirə olunub. Zəngəzur dəhlizinin reallaşması nəticəsində İranın da bundan faydalanacağı və bu nəqliyyat qovşağından istifadə edə biləcəyi imkanları vurğulanıb.

Görüşdə Azərbaycanın İkinci Qarabağ müharibəsində qazandığı tarixi Qələbədən sonra regionda geosiyasi vəziyyətin dəyişdiyi bildirilib, bölgə ölkələrinin regional məsələlərin həllində iştirakının vacibliyi diqqətə çatdırılıb.

Eyni zamanda, ölkələrimiz, habelə Azərbaycan, Rusiya və İran arasında enerji qovşağının yaradılması məsələləri müzakirə edilib. Həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, iqtisadi-ticari əlaqələr ətrafında geniş fikir mübadiləsi aparılıb.

Söhbət zamanı İran-Azərbaycan əlaqələrinin tarixi xarakter daşıdığı və xalqlarımız arasında dostluq münasibətlərinin mövcud olduğu bir daha vurğulanıb.

Sonda Azərbaycan və İran prezidentlərinin iştirakı ilə "İran İslam Respublikasının ərazisindən təbii qazın tranzit şərtlərini müəyyənləşdirən Saziş” imzalanıb.
  
 
 
 17:56
 
Noyabrın 28-də Aşqabadda Azərbaycan Prezidenti İlham Əliyevin İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisi ilə görüşü olub.
 
Sfera.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb. 

OXŞAR XƏBƏRLƏR

İlham Əliyev: "Bizim yaşıl enerji layihələrimiz xarici investorlar tərəfindən maliyyələşdirilir"

Bizim yaşıl enerji layihələrimiz xarici investorlar tərəfindən maliyyələşdirilir. Biz, sadəcə, bu sərmayələr üçün müvafiq münbit iqlim yaradırıq.   S...

“İsrail birinci mərhələdə 20 girovu azad etməyə hazırdır” - “The Times of Israel”

“İsrail razılaşmanın birinci mərhələsində 20 girovu azad etməyə hazırdır”.   Sfera.az xəbər verir ki, bu barədə “The Times of Israe...

Prezident: "Bizim yaşıl gündəliyimiz COP-dan əvvəl də inkişaf edirdi"

Bizim yaşıl gündəliyimiz COP-dan əvvəl də inkişaf edirdi.   Sfera.az xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ap...

XİN: "Avropa Parlamentinin Azərbaycanla bağlı qətnaməsi əsassızdır"

Avropa Parlamentini bir daha Azərbaycanın daxili işlərinə və məhkəmə proseslərinə müdaxiləni dayandırmağa çağırırıq.   Sfera.az xəbər verir ki, bunu ...

Prezident: "Enerji, qaz və neftlə zəngin ölkələr iqlim dəyişikliyi ilə mübarizədə öndə getməlidirlər"

Faydalı qazıntı ilə zəngin ölkə olaraq Azərbaycan OPEC+ platformasının üzvüdür və bu da əlavə üstünlük verir.   Sfera.az xəbər verir ki, bu fikri Azə...

İki ildə 72 kiloqram arıqlayan qadın pəhriz reseptini AÇIQLADI - FOTO

ABŞ sakini iki ildə 72 kiloqram arıqlayıb.   Sfera.az xəbər verir ki, bu barədə "New York Post" məlumat yayıb.   Viskonsin ştatı...