Ceyhun Hacıbəyli haqda nə bilirik?- Bu gün doğum günüdür

Ceyhun Hacıbəyli haqda nə bilirik?- Bu gün doğum günüdür
Azərbaycanın görkəmli ictimai-siyasi xadimi olan Ceyhun Hacıbəylinin 128 yaşı tamam olur.

Azərbaycanın müstəqil dövlət kimi tanınmasında böyük xidmətləri olan bu görkəmli şəxsiyyətin yubiley mərasimi, təəssüflər olsun ki, geniş ictimaiyyət tərəfindən yada salınmır. Halbuki C. Hacıbəylinin vətən və millət qarşısında gördüyü çox böyük işlər var.

Görkəmli mətbuat xadimi olan Ceyhun Hacıbəyli 1891-ci ildə fevral ayının 3-də Şuşada anadan olmuşdur. İlk təhsilini Şuşada N. Vəzirovun müdir olduğu məktəbdə, orta təhsilini isə Bakıda almışdır.

1908-ci ildə, yanvarın 12-də qardaşı Ü. Hacıbəylinin "Leyli və Məcnun” operasının H. Z. Tağıyev teatrında tamaşaya qoyulmasında onun da xidmətləri olub.

C. Hacıbəyli bir müddət Əlibəy Hüseynzadənin müdir olduğu "Səadət” məktəbində çalışmış, sonradan təhsilini davam etdirmək üçün Peterburqa getmiş, universitetin hüquq fakultəsinə daxil olmuşdur. Sonradan o, Fransaya getmiş və Sorbon universitetində oxumuşdur.

Azərbaycana qayıtdıqdan sonra o, müxtəlif qəzetlərdə Azərbaycan və rus dillərində məqalələrlə çıxış etmişdir.

C. Hacıbəyli eyni zamanda "Müsəlmanlıq”, "İzvestiya”, "İttihad”, "Azərbaycan” qəzetlərinin redaktoru olmuşdur.

Azərbaycan Xalq Cümhuriyyəti dövründə (1918-1920-ci illər) o, bir müddət "Azərbaycan” qəzetində redaktor vəzifəsində çalışmış, sonradan isə Azərbaycan nümayəndə heyətinin tərkibində Parisə getmiş, orada ciddi fəaliyyət göstərmişdir. 1920-ci ilin aprelin 27-də Azərbaycan bolşeviklər tərəfindən işğal edildikdən sonra bir daha geri qayıtmamış, Fransada mühacirət həyatı yaşamışdır.

Avropada o, ictimai-siyasi fəaliyyətini davam etdirmiş, Azərbaycanın qədim tarixi, mədəniyyəti, ədəbiyyatı və incəsənəti ilə qərb oxucularını tanış etmişdir. C. Hacıbəyli Parisdə nəşr olunan müxtəlif jurnallarda çıxış edərək, çoxlu sayda yazılarını nəşr etdirmişdir.

Bu yazılarında o, sovet totalitarizminin, Stalin rejiminin antidemokratik olmasını tənqid etmiş və ölkənin nəhəng bir həbs düşərgəsinə çevrildiyini pisləmişdir.

Eyni zamanda o, filoloji və tarixi mövzularda – xüsusən Azərbaycanın Rusiya tərəfindən işğalına aid və qədim Azərbaycan şəhərləri ilə də bağlı yazılar çap etdirmişdir.

C. Hacıbəyli 1962-ci ilin oktyabr ayının 2-də vəfat etmiş, Parisin Sen-Klu məzarlığında dəfn edilmişdir.

Qeyd edək ki, 1920-ci ilin 27 Aprel işğalından sonra Türkiyədə və Avropada məskunlaşan azərbaycanlı mühacirlər həmin ölkələrdə ciddi fəaliyyət göstərdilər. Onlar bu ölkələrdə həm siyasi təbliğatla məşğul olur – təşkilatlar yaradır, qəzetlər, jurnallar çap edirdilər, həm də müvafiq dövlət strukturlarına Azərbaycan probleminin həlli baxımından təsir etməyə çalışırdılar. Digər tərəfdən isə azərbaycanlı mühacirlər beynəlxalq qurumlara müraciətlər edir, SSRİ dövlətinin işğalçılıq siyasətini tənqid edirdilər. Belə şəxsiyyətlərdən biri də məhz Ceyhun Hacıbəyli idi. Onun digər xidmətlərindən biri də Avropada Azərbaycan Mühacirət Mətbuatının yaranmasına verdiyi dəstək idi.

Bu mənada Ə. Fətəlibəylinin C. Hacıbəyliyə yazdığı 17 may 1952-ci il tarixli məktubda "Azərbaycan” jurnalının olan nəşri ilə bağlı problemlərə də toxunulur: "Əzizim Ceyhun bəy! Sizin məktubu aldım. Sizin yazdığınız hər şeyi yerinə yetirəcəm. "Azərbaycan”ın birinci nömrəsinin rus hissəsinin redaktəsinə öz adımı və məqaləmi daxil edəcəyəm. "Ərizəni” redaksiyanın imzası ilə, yəni mənim B. Karayusuf və Əhməd Xəzər adı altında buraxırıq. İsmayılın imzası da silinməlidir, çünki o, Rəsulzadənin məktubuna cavab verərək yazırdı ki, bəyannamə imzalanmayıb, sadəcə qəbul olunub. Tezliklə türk dilində "Türkeli” çıxmalıdır. (Rus dilində artıq çıxıb, həmçinin "Azad Qafqaz” da çıxmışdı). Mən artıq Kanatbayla danışmışdım və o, ərizəni həm rus dilində, həm də türk dilində çap etdirdi. Əgər Siz lazım bilsəniz, biz bunların hamısını "Azərbaycan”ın 2-ci nömrəsində də təkrar edə bilərik. Siz burada olanda biz beş dəqiqə ərzində jurnal məsələsini həll etdik və mən bizim qərarımızda qalıram. Sözsüz bizim jurnal türk, fransız və ingilis dillərində çıxmalı idi. Sizin təqdim etdiyiniz və mənim tezliklə təsdiq etdiyim layihə D. L. tərəfindən dağıdılmışdı. Onun bütün oyunları haqqında mən Sizə sonrakı məktubumda yazmışam. Onun hesabatı sadədir: ermənilər 3000 marka alırlar və bunun hesabına onlar hər həftə xəbərçi çıxardırlar və 6 nəfər yaşayır. Kanatbay – 4000 marka; iki dildə jurnal çıxardırlar və bütün komitə bunun hesabına yaşayır; Avtorxanov – 5000 marka, jurnal və bütün qəbilə bunun hesabına yaşayır.

Qeyd edək ki, "Azərbaycan” jurnalın Baş redaktorları Ceyhun Hacıbəyli və Əbdürrəhman Fətəlibəyli-Düdənginski idi. Jurnal iki dildə nəşr edilridi: Azərbaycan və rus. Qeyd edək ki, jurnalın hər iki redaktoru həm də rus təhsilli idilər. Ceyhun bəy Sankt-Peterburqda, Əbdürrəhman bəy isə Moskvada rus dilində təhsil almışdılar.

Parisə gələr-gəlməz yenə "Azərbaycan” adında fransızca olaraq aylıq bir bülleten nəşr edərək, Avropa ictimaiyyətini məmləkət və millətimizə dair türlü məlumat verərək aydınlaşdırdıq. Bu bülleteni 11 nüsxə çıxara bildik.

Gərək biz və gərəkcə vətəndə qalanlarımız üç ay müddətin uzanması sonucunda günləri çox uzun görürdük. Bilmirdik ki, bir çoxumuz gözəl vətənimizi bir daha görməyəcəyik.

Şimaldan gələn qara dalğa torpağımızı silib süpürdü. Nəcib Azərbaycan – türk milləti yabançı bir düşmən əlinə keçdi. 27 nisan faciəsinin təfərrüatı gələcək Azərbaycan tarixində qara bir səhifə tutacaq. O faciənin təhlilinə vətəndə başlamaq üzrə indilik açıq yaramızı qurdalamağı özümüzə rəva görmədiyimizdən sükut edirik.

Məqsədimiz milli birliyi qurmaqdır və birlik mühacirətdə başlamalıdır. Bütün azərbaycanlıları istisnasız olaraq bu bu birliyə dəvət edirik.

Zatən Azərbaycan başlanğıcda həmin birliyin simvolu idi. "Azərbaycan” bir firqənin, bir sinfin və ya bir təşkilatın orqanı deyildi. "Azərbaycan” milli bir orqan idi və felən rəsmi hökumət mövqeyini rəy və mülahazatını izhar edəcəyinə, öz yolunu sərbəsrcəsinə cızıb öz qənaətini bəyan edirdi.

Bu xüsusda, vaxtında nəşriyyat işləri ilə məşğul olan nazirlərimizdən rəhmətlik Nəsib bəyin geniş nəzəriliyini, təbiətinin nazikliyini və ona məxsus xüsusiyyətini hörmətlə analım. Özü partiya üzvü olduğu halda hökumətin rəsmi orqanını partiyaçı olmayan bir şəxsə həvalə etməsi həddi-zatında bir simvolik jest idi. Onun üçün millət firqənin önündə gedirdi. Halbuki indiki firqəçilər bəzən firqə təəssübünü o qədər irəli götürdülər ki, milləti adəta unutdular.

Biz heç bir firqə əleyhinə deyiliz. Həddi-buluğa yetmiş bir millət içərisində türlü cərəyanlar ola bilir. Biz bu cərəyanların gəlişməsini və vətənimizə faydalı olmasını yurdumuzun quruluşundan sonra ancaq düşünə bilirik. Mühacirətdə bizi düşündürməsi lazım gələn və bizi düşündürən ancaq və ancaq gözəl yurdumuzun qurtuluşu olmalıdır.

Bu qurtuluşu qolaylaşdırmaq və bu məqsədlə uğraşmaq hər bir Azəri cocuğu və ya fərdi üçün müqəddəs bir vəzifədir. Bu yolda hər bir vəsilədən istifadə etməliyik, çünki millətimiz böyük bir təhlükə içində yaşayır.

Sonuncu müharibə zamanında "Azərbaycan”ı namuslu gənclərimiz: Məcid Qarsalan və dostları əhya etmək istədilər. Cəbhə ilə idarə arasında, tüfənglə qələmi eyni zamanda daşıyan övladımız bu yolda yaxşılığa çalışdı və müəyyən müvəffəqiyyətlərə nail oldu. Böyük babasının prinsiplərini istimal edərək heç vaxt itirmədi. Yurdumuzdan gələn bu gəncləri və verdikləri qurbanları, tökdükləri qanları hörmətlə analım.

Hər halda Milli Birlik Məclisi heç bir firqə üçün çalışmır. Onun yalnız bir hədəfi və və bir məfkurəsi var: Yurdumuzun qurtuluşu! Azəri Türklərini bu gün bir-birindən ayıran proqram məsələsi deyil, onları ayıran psixoloji bir amildir ki, təəssüf ki, əlaqəli zəvat o nöqtəni anlamırlar və anlamamazlıqla da Azəri-Türklərini müxtəlif zümrələrə bölürlər.

27 nisan fəlakətinin amillərini unutmayaq. Gözəl vətənimizi firqəçiliyin hızlanması yıxdı, uçuruma sürüklədi. Firqə təəssübü bir millətin birliyini daima pozar.

Təbii bir firqə daxilində namuslu, istedadlı ünsürlərin də mövcud olduğu inkar edilə bilməz. Biz bütün vətəndaşlarımıza hörmət və sevgi bağlarıyla bağlıyız.

Onun üçün bu gün gərək firqəçi və gərəksə müstəqil və firqəsiz Azəri-Türklərinin hamısını üç rəngli bayrağımız altında toplanıb hamımız bərabər bir yerdə vətənimizin qurtarılması uğrunda çalışmağa dəvət edirik. Azərbaycan davam edir”.

Ceyhun Hacıbəylinin bu məqaləsinin son cümləsini də belə redaktə ilə oxuculara təqdim etmək istərdim – xalqımızın qəlbində C. Hacıbəyli adlı bir şəxsiyyət yaşamaqda davam edir!

Nəsiman Yaqublu

OXŞAR XƏBƏRLƏR

ABB ABŞ-yə ilk bankçılıq missiyasında iştirak etdi - FOTO

Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımovun rəhbərliyi, Azərbaycan Banklar Assosiasiyasının və ABŞ-Azərbaycan Ticarət Palatasının təşkilatçılığı ilə ölkəm...

Prezident: "Azərbaycan Avropa üçün uzun illər bundan sonra da əhəmiyyətli tərəfdaş kimi olacaq"

Avropada təbii qaza - yeni mənbələrdən olan qaza tələb artır. Əgər 2021-ci ildə biz Avropa İttifaqı ölkələrinə 8 milyard kubmetr qaz təchiz etmişdiksə, bu il bu...

Prezident: "COP29 qarşıdurma arenası olmayacaq"

Neft və qazla zəngin olan ölkələr haqqında hansısa miflər yaradılmamalıdır. Bu ölkələr iqlim məsələlərinin həlli üçün çox böyük səylər göstərmişdir. Bu gün BƏƏ ...

Prezident: "Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqlarını yüksək qiymətləndiririk"

Biz Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqlarını yüksək qiymətləndiririk.   Sfera.az xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İl...

Prezident: "Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb"

Müharibədən cəmi 3 il yarım vaxt keçib, artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb və bu proses davam etdirilir.   Sfera.az xəbər verir...

İlham Əliyev və Olaf Şolts mətbuat konfransı BAŞA ÇATDI - YENİLƏNDİ

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Almaniya Federativ Respublikasının Kansleri Olaf Şoltsun aprelin 26-da Berlində keçirilən birgə mətbuat ko...