Azərbaycanda inflyasiyanı cilovlamaq üçün bu addım atılacaq

Azərbaycanda inflyasiyanı cilovlamaq üçün bu addım atılacaq
Azərbaycanda bu il qeydə alınan yüksək inflyasiyanı cilovlamaq üçün nağd pul kütləsinin aşağı səviyyədə tutulması önəmlidir. Mövcud vəziyyət göstərir ki, qarşıdakı aylarda bahalaşma sürəti bir qədər də güclənəcək və belə bir şəraitdə pul kütləsinin genişlənməsi qiymət artımlarını dəstəkləyən əlavə amilə çevriləcək. 

Sfera.az bildirir ki, bu il qiymət artımlarını dəstəkləyən çoxsaylı səbəblər var və belə mürəkkəb vəziyyətdə Mərkəzi Bank qiymət sabitliyini təmin etmək üçün sərt maliyyə tədbirləri görməyə məcburdur. Sərt tədbirlərdən biri də dövriyyədə olan nağd pul kütləsinin azaldılmasıdır. 

Nağd pul dedikdə daha çox pul bazası nəzərdə tutulur. Hazırda pul bazasının ÜDM istehsalına nisbəti 19,6 faizdir. İlin əvvəlində nisbət 17,65 faiz idi. Əgər bazanın həcmində artım davam edərsə, onun 2014-cü ilin iyul-avqust dövründəki kimi 22,5 faizlik daha yüksək səviyyəyə çatması ehtimalı var. 

Pul bazasının bu cür artması iqtisadi aktivliyi gücləndirməklə əlavə inflyasiya təzyiqi yaradır və bu halda tələb inflyasiyası güclənir. 2021-ci ilin yanvarından sonra baza 1,4 milyard manata qədər artaraq 14,17 milyard manata yüksəlib. İyulla müqayisədə avqustda baza bir qədər (41 milyon manat) azalsa da, artım imkanlarını qoruyur.
Pul bazası azaldılmaqla ilk növbədə tələb zəiflədilə bilər. 

Qeyd edək ki, yaranma səbəblərinə görə inflyasiya 2 cür olur - tələb inflyasiyası və təklif inflyasiyası. Tələb inflyasiyası əmtəə və xidmətlərə tələbin izafi artımı nəticəsində yaranır ki, burada da pul kütləsinin genişlənməsi böyük rol oynayır. Dövriyyədəki pulun miqdarı təklif olunan malların miqdarı ilə müqayisədə daha yüksək templə artdıqda tələb inflyasiyası baş verir. 

Hazırda ölkəmizdə inflyasiyanın yüksək olmasının başlıca səbəblərindən biri məhz tələb amilləri ilə bağlıdır. Buna görə də tələbin bir qədər cilovlanmasına, zəiflədilməsinə ehtiyac var. Bu məqsədlə pul bazasının azaldılmasından istifadə edilməlidir. 

Pul bazasının azaldılması üçün kredit qoyuluşunun azaldılması vacibdir. Bank sisteminin əlavə pul yaratmaq qabiliyyətindən biri də kredit qoyuluşudur. Buna pul multiplikatoru deyilir. Pul ilkin mərhələdə Mərkəzi Bank tərəfindən emissiya yolu ilə yaradılır, sonradan banklar onu daha da artırırlar. 

Kommersiya bankları cəlb etdikləri depozitləri kredit şəklində digər iqtisadi subyektlərə verirlər. Krediti götürən iqtisadi subyektlər onu mal və xidmətlərin alınmasına yönəldirlər. Mal və xidməti satan müəssisələr isə əldə etdiyi vəsaiti banklara depozit kimi yerləşdirirlər. Sonra bu depozitlər yenidən kredit kimi verilir. Zəncirvari davam edən prosesdə Mərkəzi Bankın yaratdığı pul bir neçə dəfə artmış olur.

İndiki vəziyyət pul bazasının azaldılmasını zəruri edir. Ancaq unutmayaq ki, pul iqtisadiyyat üçün qan rolunu oynayır. Qan azlığı insanı zəiflətdiyi kimi, pulun azlığı iqtisadiyyatda zəiflik, passivlik yaradır. Buna görə də pul azlığının yaradılması yalnız yüksək inflyasiya riski aradan qalxana qədər davam etdirilməsi məqsədəuyğundur. 

Vasif 
Sfera.az





OXŞAR XƏBƏRLƏR

İlham Əliyev: "Almaniya-Azərbaycan əlaqələri sürətli inkişaf dövrünü yaşayır"

Son vaxtlar mənim Almaniyaya səfərlərim müntəzəm xarakter alıb. Deyə bilərəm ki, son müddət ərzində Almaniya-Azərbaycan əlaqələri sürətli inkişaf dövrünü yaşayı...

“Qazprom” qiymətləri artırmaq istəyir, Ermənistan Bakıdan qaz ala bilərmi? - AÇIQLAMA

“Azərbaycan çox rahat şəkildə Ermənistanı qazla təmin edə bilər”.   Bunu Sfera.az-a açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli deyib. ...

Olaf Şolts İlham Əliyevə iqlim dəyişiklikləri ilə mübarizəsinə görə TƏŞƏKKÜR ETDİ

Azərbaycanın enerji sektorunda, xüsusilə külək, günəş enerjisi sahəsində 2030-cu ilə qədər faiz göstəricisini artıracağı çox gözəl xəbərdir.   Sfera....

Olaf Şolts: "Münaqişə ancaq sülh yolu ilə həll olunmalıdır"

Münaqişə ancaq sülh yolu ilə həll olunmalıdır. Son görüşdə hər ikiniz məni açıq olan sualların sülh yolu ilə həllini tapacağına əmin etdiniz.   Sfera...

İlham Əliyev və Olaf Şolts mətbuat konfransı KEÇİRİRLƏR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts aprelin 26-da Berlində mətbuat konfransı keçirirlər...

İlham Əliyev və Kansler Olaf Şoltsun Berlində geniş tərkibdə görüşü BAŞA ÇATDI - YENİLƏNDİ

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin aprelin 26-da Berlində Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts ilə geniş tərkibdə görüşü baş...