\"2017-ci ildə iqtisadi sabitləşmə olacaq, 2018-ci ildən isə...\"

\
Bir çox məsələlər baxımından 2016-cı il bizim üçün çox əlamətdar oldu. Cari, 2017-ci il Azərbaycanda iqtisadi sabitləşmə ili kimi yadda qalacaq, 2018-ci ildən etibarən isə ölkədə ciddi iqtisadi artım müşahidə olunacaq və bu da əsas etibarilə qeyri-neft sektorunun inkişafı hesabına baş verəcək.
 

Bu barədə Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, politoloq Hikmət Babaoğlu 2016-cı ilin yekunlarının şərhi və növbəti illə bağlı proqnozlarını Milli.Az-a açıqlayarkən deyib.

Millət vəkilinin sözlərinə görə, əslində, 2016-cı il bütövlükdə 2001-ci ildən sonra dünya miqyasında, qlobal müstəvidə, beynəlxalq münasibətlər sistemində baş verən 15 illik hadisələrin yekunu kimi yadda qaldı: "Bu proseslərin məntiqi nəticəsi olaraq dünyada qlobal iqtisadi böhranın, beynəlxalq münasibətlər sistemində beynəlxalq təşkilatların funksionallığını itirməsinin şahidi olduq. Ötən il 2001-ci ildən başlayan və ərəb baharı adlandırılan hadisələrin dönüş nöqtəsi kimi, eləcə də beynəlxalq münasibətlər sistemində yeni regional mərkəzlərin, güc mərkəzlərinin və çoxqütblü dünyanın yaranmasına ümidlərin cücərməsi ilə yadda qaldı.

Azərbaycan isə beynəlxalq münasibətlər sisteminin bir aktorudur. Qloballaşan dünyada baş verən hadisələr milli dövlətlərə də öz təsirini göstərir. Bu mənada dünyada süni və ünvanlı şəkildə yaradılan iqtisadi problemlər Azərbaycan iqtisadiyyatına da mənfi təsir göstərdi. Neftin qiymətinin süni şəkildə ucuzlaşdırılması, imperialist mərkəzlərin Yaxın Şərqi işğal edərək oradan öz neft tələbatlarını pulsuz təmin etmələri neftin dünya bazarında real qiymətini dəfələrlə aşağı saldı. Bu da Azərbaycanın və regionun iqtisadiyyatına təsirsiz ötüşmədi. Beləliklə, biz 2016-cı ildə Azərbaycan iqtisadiyyatında yeni mərhələnin başlandığını gördük".

H.Babaoğlu qeyd edib ki, ötən il, əsasən, iqtisadi islahatlar ili, eləcə də konstitusiya islahlatlarının, həmçinin idarəetmədə, pul-maliyyə sektorunda islahatların aparıldığı il kimi islahatlarla yadda qaldı: "Bunların hamısı deməyə əsas verir ki, bütövlükdə 2016-cı il Azərbaycanda kompleks islahatlar ili və gələcəkdə Azərbaycanın iqtisadi inkişafını təmin edəcək hüquqi bazanın yaradılması ili oldu".

Politoloqun fikrincə, 2016-cı il Azərbaycan üçün bir sıra hadisələrlə əlamərdar olub: "Ötən il Azərbaycanın idman həyatında da əlamətdar oldu. Ölkədə Formula 1 yarışları keçirildi, idmançılarımız beynəlxalq yarışlarda böyük uğurlar əldə etdilər.

2016-cı ilin ən yaddaqalan hadisələrindən biri aprelin 1-dən 4-dək Ermənistan-Azərbaycan münaqişə zonasında qoşunların təmas xəttində baş verən döyüşlər oldu. Bu hadisələr Azərbaycan Ordusunun bəlkə də miqyası etibarilə kiçik, amma mənəvi və hərbi-prixoloji baxımdan çox böyük qələbəsı ilə, Talışda və Lələ Təpə yüksəkliklərindəki uğuru ilə yadda qaldı. Şübhəsiz ki, bu, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində də yeni bir şərt və mərhələ formalaşdırdı. Bu, Azərbaycanın hərbi-siyasi gücünün göstəricisi idi.

Bundan başqa, ölkənin sosial, iqtisadi, mədəni həyatında mühüm addımlar atıldı. Ötən il multikulturalizm ili elan olunmuşdu. Azərbaycanın həyat tərzinin, cəmiyyətmizin səciyyəvi xüsusiyyətlərinin, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində çox böyük addımlar atıldı, bu istiqamətdə çox böyük işlər görüldü. Hər kəs bir daha dərk etdi ki, Azərbaycanda çoxsaylı etnik, sosial qruplar, müxtəlif dini məzhəblərin nümayəndələri bir yerdə yaşaya bilirlərsə, deməli, işğalçı Ermənistanın manipulyativ şəkildə dünya ictimaiyyətinə çatdırmağa çalışdığı "azərbaycanlılarla ermənilər bir arada yaşaya bilməzlər" fikri əsassızdır.

Azərbaycanda "Bakı prosesi" adlandırılan 5-cı Beynəlxalq Humanitar Forum keçirildi. Bu platforma bir daha göstərdi ki, Azərbaycan Respublikası və onun həyata keçirdiyi siyasət regionda əməkdaşlığa və tərəfdaşlığa xidmət edir. Burada "humanitar Davos" adlandırılan platformada bir daha dünyadakı mövcud problemlər və onların həlli yolları təcrübəli dövlət, ictmai və elm xadimlərinin iştirakı ilə müzakirə edildi. Bu, həm Azərbaycan cəmiyyətinə, həm də dünyaya ismarıc verdi ki, mövcud problemlər, əslində, həllolunandır və əgər cəhd edilərsə, buna müxtəlif vasitələrlə nail olmaq mümkündür.

Milli Məclisdə Azərbaycanın ictimai-siyasi, iqtisadi, mədəni, elmi, sosial həyatını, müxtəlif sektorları tənzimləyəcək çoxsaylı qanunlar qəbul edildi. Ötən il Azərbaycan mediası üçün əlamətdar oldu. Çünki mediamız 1994-cü ilin atəşkəsindən sonra ilk dəfə qələbə xəbərini verə bildi. Arzu edirəm ki, Azərbaycan mediası növbəti illərdə də bu cür xəbərləri yaymaq şansı əldə etsin. Konstitusiyada aparılan dəyişikliklər zamanı bir daha söz və mətbuat, insan azadlıqlarının qorunması ilə bağlı məsələlərin təkmilləşdirilməsinin şahidi olduq. Eyni zamanda Azərbaycanın milli təhlükəsizliyinin təmin olunması ilə bağlı ciddi konstitusion əsaslar yaradıldı. Hazırkı mərhələdə ən başlıca problemlərdən olan təhlükəsizlik məsələsinin konstitusiyada yeni şərtlərə uyğun nizamlanması həyata keçirilən konstitusion islahatların əsas komponentlərindən biridir.

Azərbaycanda iqtisadiyyatın şaxələnməsi və qeyri-neft sektorunun inkişafı ilə bağlı ciddi islahatlar aparıldı, regional sənaye mərkəzlərinin yaradılması ilə bağlı investisiyalar qoyuldu. Azərbaycanda ilk dəfə olaraq farmasevtika, dərman istehsalı ilə bağlı addımlar atıldı. O cümlədən, adını çəkmədiyimiz digər məsələlər 2016-cı ilin əlamətdar il olduğunu söyləməyə əsas verir".

Millət vəkili hesab edir ki, atılan bütün bu addımlar və həyata keçirilən islahatlar 2017-ci il və ondan sonrakı mərhələyə hesablanıb: "Biz bu islahatların nəticəsini 2017-2018-ci illərdən sonra görməyə başlayacağıq. Çünki bu islahatlar istər idarəetmədə, istərsə də iqtisadiyyatda mövcud reallıqlar nəzərə alınmaqla həyata keçirilir və növbəti illərdə iqtisadi inkişaf üçün çox ciddi zəmin yaradacaq. Biz bilirik ki, hətta ən bədbin proqnozlara görə belə Azərbaycanda iqtisadiyyatın 1 faiz böyüməsi gözlənilir. Bu, çox ciddi məqamdır. Əgər mövcud beynəlxalq iqtisadi şərtləri nəzərə alsaq, bütün bunlar növbəti mərhələdə Azərbaycanın daha da yüksək inkişafına gətirib çıxaracaq".


OXŞAR XƏBƏRLƏR

Çempionlar Liqası: "Real" doğma meydanda "Bavariya"nı QƏBUL EDƏCƏK

Bu gün, mayın 8-də dünyanın ən nüfuzlu klub turniri olan Çempionlar Liqasının ikinci yarımfinalının cavab oyunu keçiriləcək. Sfera.az xəbər verir ki, İspan...

Bolqarıstan Prezidenti Ulu Öndərin məzarını ZİYARƏT ETDİ

Bolqarıstan Prezidenti Rumen Radev mayın 8-də Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydə...

“Virtual Qərbi Azərbaycan” platforması TƏQDİM EDİLDİ

Mayın 8-də Bakı Kitab Mərkəzində “Virtual Qərbi Azərbaycan” platformasının təqdimatı olub.   Sfera.az xəbər verir ki, təqdimatd...

Azərbaycan lideri bolqarıstanlı həmkarını COP29-a DƏVƏT ETDİ

Prezident İlham Əliyev Bolqarıstan Prezidenti Rumen Radevi bu il Azərbaycanın ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəfl...

Müəllim işləmək istəyənlərin DİQQƏTİNƏ! 

2024-2025-ci tədris ili üçün keçiriləcək dövlət ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsinə start ver...

Azərbaycan və İsrail XİN arasında məsləhətləşmələr OLDU

Bakıda Azərbaycan xarici işlər nazirinin müavini Fariz Rzayev və İsrail Xarici İşlər Nazirliyinin (XİN) siyasi direktoru Aliza Bin-Nun arasında görüş olub. &...