Yeni iqtisadi rayonların əsas göstəriciləri – Hansı rayonun ərazisi və əhalisi nə qədərdir?

13:01 / 09.07.2021
2073
Azərbaycanda
iqtisadi rayonların yeni bölgüsünün aparılmasından sonra regionlar üzrə ərazi
sahəsinə, əhali sayına və ümumi məhsul istehsalına dair göstəricilərdə dəyişiklik
baş verib.
Sfera.az-ın
2019-cu ilə aid olan genişləndirilmiş statistik məlumatlara əsasən apardığı
hesablamaya görə, ərazi baxımından ən böyük iqtisadi rayon Qarabağ iqtisadi
rayonudur. Ərazi cəhətdən digər böyük iqtisadi rayonlar Şəki-Zaqatala, Şərqi Zəngəzur
və Qazax-Tovuz rayonlarıdır. Sahəsi kiçik olan iqtisadi rayonlar isə Bakı,
Abşeron-Xızı və Gəncə-Daşkəsəndir.
Əhali sayına baxımından
ən böyük iqtisadi rayon Bakıdır. Bakı əhalinin çoxluğuna görə digər rayonlardan
kəskin fərqlənir. Ölkə əhalisinin 21,1 faizi Bakıda daimi qeydiyyata alınıb.
Bakıdan sonra
əhali sayı baxımından ən böyük regionlar Lənkəran-Astara, Qarabağ və
Qazax-Tovuzdur.
Əhalisi az
olan iqtisadi rayonlar Dağlıq Şirvan, Şərqi Zəngəzur və Naxçıvandır.
Bakı, ümumi məhsul
buraxılışının dəyərinə görə də digər regionlardan kəskin fərqlənir. 2019-cu ildə
91 milyard manatlıq məhsul istehsalının 67 faizi Bakının payına düşür. Bakını Abşeron-Xızı,
Naxçıvan və Mərkəzi Aran iqtisadi rayonları izləyir.
Ən az məhsul
buraxılışı olan iqtisadi rayonlar isə Şərqi Zəngəzur, Dağlıq Şirvan, Qarabağ iqtisadi
rayonları olub.
Şərqi Zəngəzurda
istehsalın zəif olmasının səbəbi bu iqtisadi zonaya daxil olan rayonların işğal
altında qalmasıdır. Qarabağ iqtisadi rayonuna daxil olan ərazilərin bir hissəsinin
işğala məruz qalması da iqtisadi göstəricilərə mənfi təsir edib.

Vasif