Siyavuş Novruzov: "Qərarların icrasında problem var"
Məhkəmə qərarlarının icrası zamanı vətəndaşların mülkiyyət və borc məsələləri ilə bağlı üzləşdiyi problemlərin aradan qaldırılması üçün qanunvericiliyə yenidən baxılması təklif olunub.
Sfera.az xəbər verir ki, deputat Siyavuş Novruzov Milli Məclisin iclasında çıxışı zamanı bu məsələyə diqqət çəkib.
Deputat bildirib ki, Azərbaycanda məhkəmə sistemində islahatlar aparılır, qərarların qəbulu daha operativ və keyfiyyətli xarakter alır, amma qərarların icrası sahəsində problemlər qalmaqdadır:
“Əslində, vacib məsələ məhkəmə qərarlarının icrasıdır. Vətəndaşın banka borcu olduqda, həmin qərar icraya yönəldiləndə dərhal həyata keçirilir. Amma vətəndaşın mülkiyyət məsələləri, alqı-satqı ilə bağlı qərarların icrası illərlə uzanır və bu, insanlar üçün ciddi problemlər yaradır”.
O vurğulayıb ki, bəzi hallarda borcların ödənilməsi üçün elə məbləğlər müəyyənləşdirilir ki, onların tam ödənilməsi yüz illərlə vaxt tələb edə bilər. Halbuki borclunun əmlakını müəyyənləşdirmək və borcun ödənilməsini təmin etmək imkanları mövcuddur.
Deputatın sözlərinə görə, bəzi şəxslər müxtəlif yollarla, o cümlədən dələduzluq yolu ilə vətəndaşların əmlakını ələ keçirir, lakin sonradan dəymiş zərərin ödənilməsi ilə bağlı problemlər yaranır:
“Bu baxımdan hesab edirəm ki, gələcəkdə "İcra haqqında" qanuna yenidən baxılmalı, müvafiq əlavələr və dəyişikliklər edilməlidir ki, vətəndaşlarımız bu cür problemlərlə üzləşməsinlər”.
Siyavuş Novruzov çıxışında, həmçinin Yeni Azərbaycan Partiyasının VIII qurultayında Prezident İlham Əliyevin səsləndirdiyi fikirlərə toxunub. O, deputatların yerlərdə vətəndaşlarla görüşlər keçirməsinin və aktual məsələləri ictimaiyyətlə müzakirə etməsinin vacibliyini vurğulayıb. Parlamentdə bu mövzularla bağlı dəyirmi masa keçirilməsini də təklif edib.
Bəsti Rəfizadə
Sfera.az





