Zaur Baxşəliyevdən məktəbli geyiminə REAKSİYA: "Dedi ki, məktəbə məni sən apar"
Tanınmış teleaparıcı Zaur Baxşəliyev məktəb illəri ilə bağlı xatirələrini bölüşüb. O, 53 nömrəli tam orta məktəbə səfəri zamanı şagirdlərin vahid məktəbli geyimində olmasını müsbət qiymətləndirib.
Sfera.az xəbər verir ki, aparıcı sosial şəbəkə hesabında paylaşdığı videoda məktəbə qohumu Əliyə verdiyi sözə görə getdiyini bildirib. Onun sözlərinə görə, futbolda uğur qazanan Əliyə məktəbə şəxsən aparacağına söz verib.
Zaur Baxşəliyev məktəbin dəhlizində şagirdləri gördükdən sonra öz məktəb illərini xatırladığını və həmin günlər üçün darıxdığını qeyd edib.
Aparıcı bildirib ki, illər keçsə də, məktəbin əsas missiyası dəyişməyib. Onun fikrincə, məktəb uşaqlara bilik verməklə yanaşı, onların şəxsiyyət kimi formalaşmasında da mühüm rol oynayır.
Zaur Baxşəliyev vahid məktəbli geyiminin sosial fərqlərin ön plana çıxmasının qarşısını almağa kömək etdiyini vurğulayıb. O qeyd edib ki, bu zaman şagirdlər geyim və aksesuarlara görə deyil, biliklərinə görə qiymətləndirilə bilərlər.
Aparıcı uşaqların fərqli arzularının və istedadlarının olmasını məktəb həyatının gözəlliyi kimi dəyərləndirib. Onun sözlərinə görə, şagirdləri ortaq dəyərlər birləşdirsə də, hər birinin öz düşüncəsi və gələcək hədəfləri var.






