Əminə Məlikovadan vahid məktəbli formasına dəstək: “Milli geyim keçmişlə bu gün arasında körpüdür”

Əminə Məlikovadan vahid məktəbli formasına dəstək: “Milli geyim keçmişlə bu gün arasında körpüdür”
Kateqoriya məlum deyil
T

"Vahid məktəbli formasının tətbiqi şagirdlər arasında bərabərliyin gücləndirilməsinə, məktəb qaydalarına hörmət hissinin formalaşmasına və uşaqların diqqətinin təhsilə yönəldilməsinə kömək edir. Bununla yanaşı, milli geyim elementlərindən istifadə Azərbaycan mədəniyyətinin və ənənələrinin gələcək nəsillərə ötürülməsi baxımından əhəmiyyətlidir".

Bu sözləri Azərbaycan Milli Xalça Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi, sənətşünas Əminə Məlikova Sfera.az-a açıqlamasında təhsilin dünyəviliyi və vahid məktəbli geyim forması ilə bağlı fikirlərini danışarkən bildirib.

O qeyd edib ki, vahid məktəbli formasını dəstəkləyir və Nazirlər Kabinetinin müvafiq qərarını alqışlayır. Əminə Məlikovanın sözlərinə görə, geyimlə bağlı ümumi tələblər uşaqların diqqətini təhsilə yönəltməyə, məktəb qaydalarına hörmət hissini formalaşdırmağa və ailələrin maddi imkanları arasındakı fərqlərin daha az nəzərə çarpmasına kömək edir:

“Məktəb hər bir uşağın özünü kollektivin bir üzvü kimi hiss etməli olduğu ümumi təhsil məkanıdır. Eyni zamanda, bu tələblər uşaqların və valideynlərin hisslərinə həssaslıqla yanaşılaraq, sakit və hörmətli şəkildə izah edilməlidir. Valideynlər və pedaqoqlar uşaqlara qaydaların mahiyyətini anlamaqda kömək etməli, müəllimlər isə müəyyən edilmiş tələblərə hörmətlə yanaşmaqda nümunə göstərməlidirlər”.

Uzun illər Azərbaycan mədəniyyətinin təbliği ilə məşğul olduğunu və kəlağayının qadınların gündəlik həyatına qayıtmasına öz töhfəsini verdiyini qeyd edən Əminə Məlikova milli ənənələrin qorunmasına xüsusi önəm verdiyini bildirib:

“Hazırda gənclərin öz köklərini daha yaxından tanımağa, milli geyim elementlərindən istifadə etməyə maraq göstərməsi sevindirici haldır. Mədəni irs gündəlik həyatın bir hissəsinə çevrildikcə yaşamağa davam edir”.

Əminə Məlikova Azərbaycan milli geyiminin parçaları, çoxqatlı quruluşu, baş geyimləri və bəzəkləri ilə olduqca zəngin olduğunu diqqətə çatdırıb.

O bildirib ki, milli geyim dəstindən gündəlik həyatda istifadə etmək hər zaman rahat olmasa da, hər bir qadının belə bir geyimə sahib olmaq imkanı olmasını istərdi:

“Milli geyimdə keçirdiyimiz hissləri sözlə ifadə etmək çətindir: əvvəlki nəsillərlə xüsusi bir bağlılıq duyuruq. Kəlağayı isə bu bağlılığı müasir geyimimizdə də yaşatmaq üçün gözəl bir vasitədir”, – deyə o qeyd edib.

O, qərarda tarixə, mədəniyyətə və milli-mənəvi dəyərlərə həsr olunmuş məktəb tədbirlərində Pedaqoji Şuranın qərarı ilə milli geyimlərdən və ya onların elementlərindən istifadəyə imkan verilməsini də alqışladığını deyib:

“Gündəlik məktəb həyatında vahid geyim formasına riayət etmək, müvafiq mədəni tədbirlərdə isə uşaqları milli geyim və onun mənası ilə tanış etmək ardıcıl yanaşmadır. Bu yanaşma həm məktəbdə ümumi qaydalara hörmət, həm də mədəniyyətə, ənənələrə və bir-birinə ehtiram hissinin aşılanmasına xidmət edir”.

İradə Elsevər

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR