Mühəndislik, biznes və İT: Macarıstanda bu ixtisaslara maraq böyükdür
"Macarıstanla Azərbaycan arasında təhsil sahəsində əməkdaşlıq son illərdə əhəmiyyətli dərəcədə genişlənib. Hazırda iki ölkə arasında tələbə mübadiləsi, universitetlərarası əməkdaşlıq və birgə təhsil proqramları üzrə əlaqələr inkişaf etdirilir".
Sfera.az xəbər verir ki, bunu Macarıstanın Azərbaycandakı səfiri Tamaş Torma 10-11 oktyabr tarixlərində Hilton Bakı mehmanxanasında keçiriləcək “Study in Europe – Avropada Təhsil” sərgisinə həsr olunan media brifinqində deyib.
Səfir bildirib ki, Macarıstan 650 ildən artıqdır yüksək keyfiyyətli ali təhsil ənənəsinə malikdir. Onun sözlərinə görə, ölkədə hazırda 64 ali təhsil müəssisəsi, həmçinin lisenziya əsasında fəaliyyət göstərən dörd xarici universitet var.
Tamaş Torma Azərbaycanla Macarıstan arasında təhsil əlaqələrinin son illərdə əhəmiyyətli dərəcədə inkişaf etdiyini vurğulayıb:
“Stipendium Hungaricum Anlaşma Memorandumu kimi razılaşmalar əsasında yüzlərlə tələbənin Macarıstanda təhsil almasına və akademik mübadilənin inkişafına imkan verən güclü çərçivə formalaşdırmışıq. Təhsil sahəsində tərəfdaşlıq ikitərəfli, sosial və mədəni əməkdaşlığımızın əsas elementlərindən biridir”.
Səfir Macarıstan universitetlərinin ingilis dilində yüksək keyfiyyətli təhsil imkanları təqdim etdiyini bildirib. O, azərbaycanlı tələbələrin əsasən mühəndislik, biznes və informasiya texnologiyaları kimi sahələrə üstünlük verdiyini deyib.
Onun sözlərinə görə, Macarıstanda təhsil almış azərbaycanlı məzunların ölkədə müxtəlif yüksək vəzifələrdə çalışması əldə etdikləri bilik və diplomların əmək bazarında rəqabətqabiliyyətli olduğunu göstərir.
Tamaş Torma iki ölkə arasında universitetlərarası əməkdaşlığın da genişləndiyini diqqətə çatdırıb. O, xüsusilə kənd təsərrüfatı və əczaçılıq sahələrində əməkdaşlığı qeyd edib.
Diplomat Macarıstanın yalnız təhsil imkanları ilə deyil, təhlükəsizliyi və zəngin sosial-mədəni həyatı ilə də tələbələr üçün cəlbedici olduğunu bildirib.
“Azərbaycanlı tələbələr Macarıstana inteqrasiya etməyi xüsusilə asan hesab edirlər və özlərini burada evdəki kimi hiss edirlər”, - deyə səfir vurğulayıb.
O qeyd edib ki, Azərbaycan Dillər Universitetində macar dili və Macarıstan üzrə təhsil imkanları mövcuddur. Eyni zamanda Budapeştdəki universitetlərdən birində macar tələbələr Azərbaycan dilini öyrənirlər.
Tamaş Torma Azərbaycan-Macarıstan Məzunlar Assosiasiyasının da fəal fəaliyyət göstərdiyini və hər iki ölkənin səfirliklərinin assosiasiya ilə sıx əlaqə saxladığını bildirib.
Səfir Bakı ilə Budapeşt arasında birbaşa hava əlaqəsinin olduğunu da diqqətə çatdırıb. Onun sözlərinə görə, iki paytaxt arasında həftədə dörd uçuş həyata keçirilir.
Tamaş Torma azərbaycanlı tələbələri 10-11 oktyabr tarixlərində Hilton Bakı mehmanxanasında keçiriləcək “Study in Europe” sərgisini ziyarət etməyə çağırıb
Firuzə Əliyeva






