Dövlət qulluğu sertifikatının qüvvədəolma müddəti azaldılır

“Dövlət qulluğu sertifikatı”nın qüvvədəolma müddətinin 5 ildən 2 ilə endirilməsi təklif olunur.
Sfera.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Dövlət Qulluğu Məcəlləsinin layihəsində əksini tapıb. Layihəyə əsasən, test imtahanından müvəffəqiyyətlə keçən şəxslərə “Dövlət qulluğu sertifikatı” veriləcək. Sertifikatın qüvvədə olduğu hər il ərzində şəxs 5 vəzifə üzrə müsabiqənin müsahibə mərhələsində iştirak etmək üçün ödənişsiz qeydiyyatdan keçə biləcək.
Beşdən artıq vəzifə üzrə iştirak üçün isə ödəniş tələb olunacaq.
Qeyd edək ki, hazırda qüvvədə olan qanunvericiliyə əsasən, “Dövlət qulluğu sertifikatı” 5 il müddətinə verilir. Yeni Məcəllə qüvvəyə minənədək əldə edilmiş və qüvvədə olan sertifikatlar isə müddəti başa çatanadək etibarlı sayılacaq. Müzakirələrdən sonra layihə səsverməyə çıxarılaraq I oxunuşda qəbul edilib.
Firuzə Əliyeva
Sfera.az






