Nazir: “PISA-dakı 400 balı qəbul imtahanındakı 400 bal kimi qəbul etməməliyik”

Nazir: “PISA-dakı 400 balı qəbul imtahanındakı 400 bal kimi qəbul etməməliyik”
Kateqoriya məlum deyil
T

PISA nəticələrindəki ballar Azərbaycanda keçirilən qəbul imtahanlarının nəticələri ilə eyni məna daşımır.

Sfera.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev PISA 2025 – Şagirdlərin Qiymətləndirilməsi üzrə Beynəlxalq Proqramının nəticələrinin təqdimatı zamanı deyib.

Nazir bildirib ki, PISA-da tətbiq olunan qiymətləndirmə şkalası qəbul imtahanlarında istifadə edilən 700 ballıq sistemdən tamamilə fərqlidir.

“Qəbul imtahanlarındakı 700 balı müqayisə etsək, bu ballar o bal deyil, tamamilə başqa bir baldır. Buradakı 400 balı qəbul imtahanındakı 400 bal kimi qəbul etməməliyik. Tamamilə fərqli göstəricilərdir, fərqli şkalalardır”, – Emin Əmrullayev vurğulayıb.

O qeyd edib ki, PISA-da istifadə olunan şkala normal paylanma prinsipi əsasında formalaşdırılıb. Bu sistemdə 500 bal şərti orta göstərici hesab olunur. Nazirin sözlərinə görə, oxu savadlılığı üzrə 2000-ci ildə, riyazi savadlılıq üzrə 2003-cü ildə, təbiət elmləri üzrə isə 2006-cı ildə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına (OECD) üzv ölkələrdə 15 yaşlı şagirdlərin nəticələri əsasında orta göstərici 500 bal olaraq müəyyənləşdirilib.

Şagirdlərin nəticələri də bu göstəriciyə nisbətdə qiymətləndirilir. E.Əmrullayev Azərbaycanın PISA qiymətləndirməsində müxtəlif illərdə iştirak etdiyini də bildirib.

Onun sözlərinə görə, ölkənin əvvəlki iştirakları kağız əsaslı qiymətləndirmə formatında həyata keçirilib, 2018-ci ildən isə Azərbaycan PISA-da kompüter əsaslı formatda iştirak etməyə başlayıb. Nazir qeyd edib ki, 2022-ci ildə qiymətləndirmədə Bakı şəhəri iştirak edib. 2025-ci ildə isə Azərbaycanın bütövlükdə ölkə üzrə PISA-da iştirakına şərait yaradılıb.

Emin Əmrullayevin sözlərinə görə, Bakı üzrə 2018, 2022 və 2025-ci illərin nəticələrini müqayisə etmək mümkün olacaq. Azərbaycanın ölkə üzrə nəticələri ilə bağlı daha geniş müqayisələrin aparılması isə qarşıdakı qiymətləndirmələrdən sonra mümkün olacaq.

Firuzə Əliyeva

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR