Dövlət qulluğu imtahanında Sİ-dən istifadə olunacaq? - AÇIQLAMA

ABŞ federal hökuməti dövlət sektorunda işə qəbul prosesini sürətləndirmək üçün namizədlərin ilkin seçimində və müsahibələrində süni intellektdən istifadə etməyə hazırlaşır.
Təxminən 1,9 milyon işçisi olan federal hökumət ilkin işə qəbul mərhələlərində süni intellekt texnologiyasını sınaqdan keçirməyə başlayacaq. Pilot proqram iki il müddətinə həyata keçiriləcək “Texniki qüvvə” təşəbbüsü çərçivəsində reallaşdırılacaq. Proqramın əsas məqsədi özəl sektordan texnologiya sahəsində mütəxəssisləri dövlət qulluğuna cəlb etməkdir.
Maraqlıdır, Azərbaycanda dövlət qulluğuna qəbul prosesinin müəyyən mərhələlərində süni intellektdən istifadə etmək mümkündürmü? Bu, qəbul nəticələrində fərq yarada bilərmi? Həmçinin, süni intellekt dövlət qulluğuna qəbul zamanı insan faktorunu nə qədər obyektiv əvəz edə bilər?
Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən süni intellekt mütəxəssisi Ümid Salay bildirib ki, dövlət qulluğuna qəbulun bəzi mərhələlərində süni intellektdən istifadə etmək mümkündür, amma burada bəzi şərtlərə əməl etmək lazımdır:

“Aİ qərar verən tərəf yox, qərarı dəstəkləyən sistem kimi qurulmalıdır. ABŞ federal hökumətinin bu istiqamətdə addımlar atması qlobal bir tendensiyanın göstəricisidir və eyni sual Azərbaycan üçün də getdikcə aktuallaşır. Əsas məsələ texnologiyanın mövcudluğu deyil, onun hansı mərhələdə və necə tətbiq olunmasıdır. Azərbaycanda qəbul əsasən test imtahanı və müsahibə üzərindən gedir. Test mərhələsi artıq standartlaşdırılıb və rəqəmsallaşıb, ona görə Aİ-nin əlavə dəyəri daha çox digər mərhələlərdə görünür: müsahibəyə hazırlıq, sənədlərin ilkin yoxlanması, namizədlərin təcrübə və bacarıqlarının vəzifə tələbləri ilə tutuşdurulması, çoxsaylı müraciətin sistemləşdirilməsi. Eyni vəzifəyə yüzlərlə müraciət olan hallarda Aİ komissiyaya ilkin, strukturlaşdırılmış analiz təqdim edərək ciddi vaxt qazandıra bilər”.
Mütəxəssis bu prosesin qəbul nəticələrində fərq yarada biləcəyini qeyd edib, amma süni intellektin namizəd seçməsinin düzgün olmadığını vurğulayıb:
“Əsas üstünlük insan faktorunun bəzi zəif tərəflərini azaltmaqdır. İnsan müsahibə götürəndə istər-istəməz ilk təəssüratdan, şəxsi simpatiyadan, yorğunluqdan və ya əvvəlki namizədlərin yaratdığı müqayisə effektindən təsirlənə bilər. Aİ isə eyni meyarı yüzüncü namizədə də birincisinə tətbiq etdiyi kimi tətbiq edə bilər. Aİ ona verilən data və qiymətləndirmə meyarları qədər obyektivdir. Əgər əvvəlki qəbul məlumatlarında qərəz varsa və sistem həmin data ilə öyrədilirsə, Aİ bu qərəzi daha sürətli təkrarlaya bilər. Ona görə obyektivlik AI-nin özündən yox, onun necə qurulmasından asılıdır. Bir məqamı xüsusi vurğulamaq istəyirəm. Mən Aİ-yə namizədin üz ifadəsinə, səs tonuna və ya kameradakı davranışına baxıb "bu adam uyğundur" qərarı verdirməzdim.
Belə yanaşma həm texniki cəhətdən mübahisəlidir, həm də qərəz riski daşıyır. Aİ daha çox cavabın məzmununu, vəzifə tələbləri ilə uyğunluğunu və əvvəlcədən açıq elan olunmuş meyarları analiz etməlidir. Bunun yanında sistem şəffaf olmalı, namizəd prosesin hansı mərhələsində AI-nin iştirak etdiyini bilməli və mübahisəli hallar üçün insan tərəfindən yenidən baxılma imkanı qalmalıdır. Mənim baxışım budur ki, dövlət qulluğunda məqsəd insan faktorunu tamamilə aradan qaldırmaq deyil, insan qərarını daha sistemli, ölçülə bilən və şəffaf etməkdir. Yəni doğru model "Aİ insanı əvəz edir" yox, "Aİ insanın qərarvermə keyfiyyətini artırır" modelidir. Son qərarın hüquqi və etik məsuliyyəti isə dövlət sektorunda mütləq insanda qalmalıdır”.
Bəsti Rəfizadə
Sfera.az






