Universitetlərdə təhsil haqları artdı - Yeni QİYMƏTLƏR

Yeni tədris ilinin başlamasına az qaldığı bir vaxtda abituriyentləri və valideynləri ən çox düşündürən məsələlərdən biri təhsil haqlarında olan dəyişikliklərdir. Ötən illə müqayisədə 2026/2027-ci tədris ilində Azərbaycanın bir sıra dövlət və özəl ali təhsil müəssisələrində ödənişli əsaslarla təhsil alanlar üçün qiymət artımı qeydə alınıb. Aparılan müqayisə göstərib ki, artımlar əsasən 100 manatla 500 manat arasında dəyişib.
Sfera.az xəbər verir ki, artımın daha qabarıq hiss olunduğu təhsil ocaqlarından biri Azərbaycan İdman Akademiyasıdır.
Akademiyada ötən il 2000-2500 manat təşkil edən illik təhsil haqqı bu il 2500-3000 manat diapazonunadək yüksəlib ki, bu da 500 manatlıq artım deməkdir.
Bakı Mühəndislik Universitetində (BMU) ötən il təhsil haqqı ixtisasdan asılı olaraq 1500-2200 manat arasında idisə, yeni mövsümdə bəzi istiqamətlər üzrə 100-500 manat arası bahalaşma müşahidə olunub və qiymətlər 1700-2500 manat aralığına qalxıb.
Azərbaycan Texniki Universitetində (AzTU) də rəqəmlər yuxarı doğru dəyişib. Ötən il bəzi texniki və mühəndislik ixtisaslarında illik ödəniş 2100-2300 manat civarında idisə, bu il həmin göstərici 2400-2600 manat həddinə çatdırılıb.
Özəl ali məktəblər sektorunda da bənzər mənzərə hökm sürür.
"Azərbaycan" Universiteti ötən ilki 2200-2500 manatlıq qiymətləri bu il 300-500 manat artıraraq 2500-3000 manata qaldırıb. Odlar Yurdu Universitetində keçən il 2000-2500 manat olan ixtisaslar bu il 2200-3000 manat intervalında təklif edilir. Bakı Biznes Universitetində isə ötən tədris ilində 2000 manat olan bir sıra məşhur ixtisasların təhsil haqqı bu il 300 manat artaraq 2300 manata çatıb.
Mədəniyyət və regional təhsil ocaqları da prosesdən kənarda qalmayıb. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) və Lənkəran Dövlət Universitetində ötən illə müqayisədə 200-300 manatlıq artım qeydə alınıb. Bakı Avrasiya Universiteti və Azərbaycan Kooperasiya Universitetində də qiymətlər 100-300 manat aralığında yüksəlib. Sumqayıt Dövlət Universiteti və Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) isə artım nisbətən az olub. İllik ödənişlər orta hesabla 100 manat artırılıb.
Qeyd edək ki, qiymətlər yüksəlsə də, tətbiq edilən yeni tariflər yalnız bu il ali məktəblərə yeni qəbul olan 1-ci kurs tələbələrinə şamil edilir. Yuxarı kurslarda təhsil alan tələbələrin müqavilə şərtləri və illik ödəniş məbləğləri olduğu kimi saxlanılır.
Bəsti Rəfizadə






