87 min abituriyent, 61 min plan yeri: İxtisas seçimindən sonra NƏ BAŞ VERƏCƏK?

87 min abituriyent, 61 min plan yeri: İxtisas seçimindən sonra NƏ BAŞ VERƏCƏK?
Kateqoriya məlum deyil
T

11-ci sinif üzrə buraxılış imtahanı nəticələrinin açıqlanması şagirdlər üçün yalnız akademik deyil, psixoloji baxımdan da həssas mərhələ hesab olunur.

Xüsusilə, gözlədiyi nəticəni əldə etməyən şagirdlərdə məyusluq, özünəinamın azalması və gələcəklə bağlı narahatlıq yarana bilər.

Psixoloq Almara Məlikova Sfera.az-a açıqlamasında bildirib ki, “Bu qədər hazırlaşdın, bu balı yığdın?”, “Filankəs səndən yüksək nəticə göstərdi” kimi ifadələrin uşağın məyusluğuna utanc və günahkarlıq hissini də əlavə edəcək. Bu səbəbdən, valideynlərin daha təmkinli davranmasını tövsiyə edib.

Psixoloq Kerol Dvekin inkişaf yönümlü düşüncə yanaşmasına da diqqət çəkən psixoloq qeyd edib ki, uğursuz nəticə insanın dəyişməz qabiliyyətinin göstəricisi deyil. Əksinə, bu, hansı istiqamətdə inkişaf etməli olduğumuzu göstərən bir təcrübədir.

A.Məlikovanın fikrincə, buna görə valideyn uşağın “Aşağı bal toplamışamsa, deməli, uğursuzam” düşüncəsinin formalaşmasına imkan verməməlidir. Mütəxəssis söyləyib ki, uşağı digər şagirdlərlə müqayisə etmək əvəzinə onun zəhmətini qiymətləndirmək, nəticənin səbəblərini sakit şəkildə təhlil etmək və diqqəti “Niyə belə oldu?” sualından “Bundan sonra nə edə bilərik?” sualına yönəltmək daha doğrudur:

“Valideyn övladına izah etməlidir ki, bir imtahan, bir bal və hətta bir universitet seçimi insanın bütün gələcəyini müəyyən etmir. Akademik göstəricilərlə yanaşı, insanın əzmkarlığı, sosial və emosional bacarıqları, özünü inkişaf etdirməsi və çətinliklərdən sonra yenidən davam edə bilməsi də gələcək uğurunda mühüm rol oynayır”.

Psixoloq nəticədən sonra şagirdin uzun müddət özünə qapanması, özünü dəyərsiz hesab etməsi, ümidsizləşməsi və gündəlik həyatından uzaqlaşmasının da diqqətdən kənarda saxlanılmamalı olduğunu bildirib:

“Bunu sadəcə “imtahan stressidir” deyərək keçmək olmaz. Belə hallarda psixoloqla əlaqəni kəsməməyi və peşəkar psixoloji dəstək almağı valideynlərə xüsusilə tövsiyə edirəm. İmtahan uşağın biliyinin müəyyən bir mərhələdəki nəticəsidir, onun şəxsiyyətinin və dəyərinin qiyməti deyil. Valideynin vəzifəsi uşağı nəticəsinə görə mühakimə etmək yox, nəticə nə olursa-olsun yanında dayanaraq növbəti yolu birlikdə tapmasına kömək etməkdir”.

Xatırladaq ki, ali təhsil müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi 22 avqust tarixində başa çatıb. Məlumata görə, 87 139 abituriyent ixtisas seçimi edib. Lakin ümumilikdə 61 516 plan yeri var. Beləliklə, ixtisas seçimi edən abituriyentlərin sayı plan yerlərinin sayını 25 623 nəfər üstələyir.

İradə Elsevər

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR