Hansı universitet daha çox təqaüd verir? - RƏQƏMLƏR

Azərbaycanda ali təhsil müəssisələri arasında abituriyent uğrunda rəqabət təkcə təhsil proqramları ilə deyil, tələbələr üçün təqdim olunan əlavə təqaüd və həvəsləndirmə paketləri ilə də diqqət çəkir.
Son illərdə bir sıra universitetlər dövlət tərəfindən ödənilən təqaüdlərlə yanaşı, öz vəsaitləri hesabına da yüksək bal toplayan, akademik göstəriciləri ilə seçilən və sosial həssas qruplara aid tələbələr üçün müxtəlif maliyyə dəstəyi proqramları həyata keçirirlər.
Sfera.az bu istiqamətdə araşdırma apararaq ölkənin aparıcı ali təhsil müəssisələrinə sorğular ünvanlayıb. Universitetlərin təqdim etdiyi məlumatlardan məlum olur ki, bəzi ali məktəblər aylıq 300 manata qədər əlavə təqaüd verir, bəziləri isə yüksək nəticə göstərən tələbələrin təhsil haqqını tam qarşılayır. Bundan başqa, xüsusi adlı təqaüdlər, sosial yardımlar, yataqxana güzəştləri və tərəfdaş şirkətlər tərəfindən ayrılan maliyyə dəstəyi də tətbiq olunur.
Azərbaycan Universiteti

Azərbaycan Universitetindən Sfera.az-ın sorğusuna cavab olaraq bildirilib ki, hazırda yaz semestrinin imtahan sessiyasının nəticələrinə əsasən bakalavriat və magistratura səviyyələri üzrə ümumilikdə 430 tələbəyə dövlət büdcəsi hesabına təqaüd təyin olunub. Onlardan 315 nəfəri dövlət sifarişi, 115 nəfəri isə ödənişli əsaslarla təhsil alan tələbələrdir. Universitet yüksək nəticə göstərən ödənişli tələbələr üçün də xüsusi güzəştlər tətbiq edir. Belə ki, qəbul imtahanında 600 və daha yüksək bal toplayaraq ödənişli əsaslarla qəbul olunan tələbələr, orta müvəffəqiyyət göstəriciləri 95 və yuxarı, qiymətləri isə A və B olduqda təhsil haqqından tam azad edilirlər. Orta göstəricisi 85-94,9 arasında olan tələbələr üçün isə təhsil haqqına 50 faiz güzəşt tətbiq olunur. Bununla yanaşı, universitet tərəfindən təsis edilən "Şəhid Fəxrəddin Qurbanlı adına Təqaüd" də davam etdirilir. Həmin təqaüd universitetə ən yüksək balla qəbul olan tələbəyə təqdim edilir və ümumi məbləği 500 manat təşkil edir.
Azərbaycan Kooperasiya Universiteti

Azərbaycan Kooperasiya Universitetindən verilən məlumata görə isə artıq on ildən çoxdur ki, Elmi Şuranın qərarı ilə ödənişli əsaslarla təhsil alan və bütün akademik göstəriciləri əla olan tələbələr növbəti tədris ilində təhsil haqqından tam azad olunur. Bununla yanaşı, həmin tələbələrə universitet tərəfindən əlavə təqaüd də verilir.
Universitetdə yalnız tələbələr deyil, müəllim və əməkdaşlar üçün də müxtəlif həvəsləndirmə proqramları mövcuddur. "İlin tələbəsi", "İlin müəllimi", "İlin dekanı", "İlin kafedra müdiri" kimi nominasiyalar üzrə qaliblər seçilir və xüsusi mükafatlarla təltif olunurlar. Universitetdən bildirilib ki, dövlət təqaüdlərindən əlavə, akademik göstəriciləri yüksək olan tələbələr üçün universitetin daxili təqaüd proqramı da fəaliyyət göstərir.
Azərbaycan Dövlət Aqrar Universiteti

Azərbaycan Dövlət Aqrar Universiteti isə xüsusilə kənd təsərrüfatı ixtisaslarını seçən tələbələr üçün əlavə maliyyə stimulları tətbiq edir. Universitetdə 400-600 bal arası nəticə göstərən tələbələrə aylıq 150 manat, 600 və daha yüksək bal toplayanlara isə aylıq 250 manat əlavə təqaüd verilir. Bundan başqa, ingilis dilli ixtisaslara qəbul olan tələbələr aylıq 70 manat, sessiyanı əla qiymətlərlə başa vuran tələbələr isə aylıq əlavə 100 manat alırlar.
Azərbaycan Dövlət İqtisad Universiteti

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) də builki qəbuldan etibarən yeni həvəsləndirmə mexanizmi tətbiq olunur. Belə ki, 600-649 bal toplayaraq UNEC-i seçən tələbələrə bir semestr ərzində aylıq 150 manat, 650 və daha yüksək bal toplayanlara isə aylıq 300 manat əlavə təqaüd veriləcək. UNEC-də bununla yanaşı, uzun illərdir tətbiq olunan "Top 15" proqramı da davam edir. Hər kurs üzrə ən yüksək akademik nəticə göstərən 15 tələbə dövlət təqaüdündən əlavə universitet tərəfindən hər semestr aylıq 200 manat xüsusi təqaüd alır.
Universitetdən bildirilib ki, xarici dildə tədris olunan ixtisaslar və ya xüsusi kateqoriyalara aid tələbələr üçün ayrıca maliyyə dəstəyi proqramı mövcud deyil. Yataqxanalar isə hazırda məcburi köçkünlərin istifadəsində olduğundan tələbələrin yerləşdirilməsi mümkün olmur. Gələcəkdə yeni yataqxananın istifadəyə verilməsi nəzərdə tutulur.
Azərbaycan Memarlıq və İnşaat Universiteti

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) isə 2025-2026-cı tədris ilindən yüksək bal toplayan tələbələr üçün əlavə universitet təqaüdləri tətbiq edilir. Universitetdən bildirilib ki, qəbul imtahanında 500-dən yuxarı bal toplayan tələbələrə aylıq 150 manat, 600-dən yuxarı bal toplayanlara isə dövlət təqaüdündən əlavə aylıq 250 manat ödənilir.
AzMİU bu ildən daha bir yeniliyə də imza atıb. Belə ki, Memar Əcəmi Naxçıvaninin 900 illiyi münasibətilə "Memar Əcəmi Naxçıvani adına Təqaüd" təsis olunub. Memarlıq ixtisası üzrə yüksək akademik göstərici nümayiş etdirən iki tələbənin hər birinə 500 manat məbləğində xüsusi təqaüd veriləcək. Universitetin əməkdaşlıq etdiyi tikinti və memarlıq şirkətləri də tələbələrin maliyyə baxımından dəstəklənməsində iştirak edirlər. "Kristal Abşeron", "PMD Projects" və digər tərəfdaş şirkətlər müxtəlif ixtisaslar üzrə seçilən tələbələr üçün xüsusi təqaüdlər ayırırlar. AzMİU-da sosial həssas qrupa aid tələbələr universitet yataqxanasında ödənişsiz yerləşdirilir. Eyni zamanda Tələbə Həmkarlar İttifaqı vasitəsilə ehtiyacı olan tələbələrə 50, 100 və 200 manat məbləğində birdəfəlik maddi yardımlar göstərilir. Universitet həmçinin İT, xarici dil və müxtəlif yaradıcılıq istiqamətləri üzrə əlavə kurslarda da həmin tələbələrin iştirakını dəstəkləyir.
Odlar Yurdu Universiteti

Odlar Yurdu Universitetindən bildirilib ki, universitetdə dövlət akademik təqaüdündən əlavə daxili və ya xüsusi təqaüd proqramı tətbiq edilmir. Həmçinin 2026-2027-ci tədris ili üzrə yüksək balla qəbul olunan tələbələr üçün əlavə aylıq təqaüd də nəzərdə tutulmayıb. Bununla belə, universitet qəbul balına uyğun olaraq təhsil haqqı güzəştləri tətbiq edir. Belə ki, 550-700 bal toplayan abituriyentlər 100 faiz təhsil haqqı güzəşti, 500-549 bal toplayanlar 20 faiz, 450-499 bal toplayanlar isə 15 faiz təhsil haqqı güzəşti əldə edirlər. Universitetdən bildirilib ki, akademik göstəricilərinə görə tələbələrə əlavə təqaüd və ya pul mükafatı verilməsə də, yüksək nəticə göstərən tələbələr Odlar Yurdu Universitetinin "Master Yurdu" Magistr Hazırlıq Mərkəzində magistraturaya qəbul imtahanlarına ödənişsiz hazırlıq keçmək imkanından yararlana bilirlər. Bundan əlavə, xarici dildə tədris olunan ixtisaslara qəbul olan və ya xüsusi kateqoriyaya aid tələbələr üçün ayrıca maliyyə dəstəyi proqramı mövcud deyil. Universitetin tətbiq etdiyi həvəsləndirici mexanizmlərdən biri də ödəniş qaydası ilə bağlıdır. Belə ki, 2026-2027-ci tədris ili üzrə qəbul olunan tələbələr qeydiyyat zamanı ümumi təhsil haqqının cəmi 20 faizini ödəyirlər, qalan məbləğ isə tədris ili ərzində bərabər hissələrlə mərhələli şəkildə ödənilir.
Araşdırmadan görünür ki, hazırda təqdim olunan ən yüksək aylıq əlavə təqaüd 300 manat olmaqla UNEC-də tətbiq edilir. Təhsil haqqından tam azadolma imkanları isə Azərbaycan Universiteti və Azərbaycan Kooperasiya Universitetində yüksək akademik göstərici nümayiş etdirən ödənişli tələbələr üçün nəzərdə tutulub. Ən geniş sosial dəstək paketlərindən biri isə AzMİU tərəfindən təqdim edilir.
Son illər ali təhsil müəssisələri arasında tələbələrin cəlb edilməsi istiqamətində rəqabət daha da güclənib. Universitetlər artıq yalnız təhsil proqramları ilə deyil, əlavə təqaüdlər, təhsil haqqı güzəştləri, sosial dəstək paketləri və tərəfdaş şirkətlərin təqdim etdiyi maliyyə imkanları ilə də fərqlənməyə çalışırlar. Bu isə həm yüksək nəticə göstərən abituriyentlərin seçim imkanlarını artırır, həm də tələbələrin təhsil müddətində maliyyə yükünün azalmasına mühüm töhfə verir.
Firuzə Əliyeva
Sfera.az
