Bu qərar müəllimlərin sosial təminatını gücləndirəcək - AÇIQLAMA

Bu qərar müəllimlərin sosial təminatını gücləndirəcək - AÇIQLAMA
Kateqoriya məlum deyil
T

Elm və Təhsil Nazirliyi mərhələli şəkildə 20 min tam ştatlı müəllim vəzifəsinin yaradılacağını açıqlayıb. Nazir Emin Əmrullayev bildirib ki, yeni sistemdə tam ştatlı müəllimlərin aylıq əməkhaqqısı ölkədə orta əməkhaqqıdan iki dəfə yüksək olacaq.

 

Hazırda orta əməkhaqqı təxminən 1050 manatdır və bu halda tam ştatlı müəllimlərin maaşı 2100 manatı ötəcək.

 

“Tam ştatlı müəllimlər həftəlik 30–36 saat işləyəcək, bunun 18-24 saatı birbaşa dərs prosesinə ayrılacaq. Qalan vaxt isə şagirdlərlə fərdi iş, metodik hazırlıq, layihə əsaslı təhsil və məktəbdaxili koordinasiya işlərinə sərf olunacaq".

 

Nazir qeyd edib ki, bu sistem yalnız iri məktəblərə tətbiq olunacaq, kiçik məktəblər isə saathesabı dərs modeli ilə fəaliyyətini davam etdirəcək. Hazırda ölkədə orta aylıq əməkhaqqı təxminən 1050 manat təşkil edir. Bu halda tam ştatlı müəllimlərin maaşı 2100 manatı ötəcək.

 

Cəmiyyətdə əsas suallardan biri isə budur: Hazırki imkanlarla bu cür sistemi yaratmaq çətin olmayacaq? Və bu islahat real olaraq icra edilə biləcəkmi?

 

Məsələ ilə bağlı təhsil eksperti Kamran Əsədov Sfera.az-a geniş açıqlama verib. Ekspert bildirib ki, bu model müəllim nüfuzunu artırmağa yönəlmiş islahatlardan biridir:

 

 

“Tam ştatlı müəllim modeli ölkədə təhsil sisteminin institusional dayanıqlığını gücləndirməyə, müəllim nüfuzunu artırmağa və məktəbdaxili pedaqoji prosesin keyfiyyətini yüksəltməyə yönəlmiş ciddi struktur islahatlardan biridir. Son illərdə müəllimlərin sosial rifahının artırılması, iş şəraitinin yaxşılaşdırılması və maaşların mərhələli şəkildə yüksəldilməsi siyasəti ilə üst-üstə düşən bu addım, müəllim peşəsinin cəmiyyət tərəfindən nüfuzunu artırmağa xidmət edir. OECD və digər beynəlxalq təhlillər göstərir ki, tam ştatlı müəllim modelində şagird nəticələri orta hesabla 12-18% yüksəlir. Bunun səbəbi müəllimin dərsdənkənar fəaliyyətə daha çox vaxt ayıra bilməsi, fərdi dəstək verməsi və layihə əsaslı tədris prosesində iştirak etməsidir”.

 

Mütəxəssis bildirib ki, əgər tam ştat modeli xərcləri artıra bilsə, uzun müddət sistem xərclərini azaldacaq:

 

“Qısa müddətdə tam ştat modeli xərcləri artıra bilsə də, orta və uzun müddətdə sistem xərclərini azaldır. Saathesabı dərs ödənişlərinin pərakəndə tətbiqi, əlavə müqavilə və əlavələr aradan qalxır, vahid əmək haqqı paketi formalaşır. Beləliklə, maliyyə şəffaflığı və sabitliyi təmin olunur. Tam ştatlı müəllimlərin məktəbdə tam iş günü qalması idarəetmə, şəffaflıq və kollektiv əməkdaşlığı artırır. Bu model məktəblərdə kurikulumun tətbiqi, şagirdlərlə fərdi iş, sınaq qiymətləndirmələri və akademik mədəniyyətin formalaşması baxımından vacibdir. OECD-nin hesabatına əsasən, müəllimlərin dərsdənkənar fəaliyyətə ayırdığı vaxt birbaşa məktəbin nəticələrinə təsir edir”.

 

Kamran Əsədov kənd məktəblərində tam ştat modelinin tətbiq edilməməsinin bərabərsizlik yaradacağını bildirib:

 

“Kənd məktəblərində şagird sayı az, dərs bölgüsü qeyri-bərabər olduğundan tam ştat modeli tətbiq edilmir. Bu isə həm pedaqoji bərabərsizliyi, həm də maliyyə yükünü azaldır, çünki sistem yalnız potensialı olan iri məktəblərdə həyata keçirilir. Son 5 ildə Elm və Təhsil Nazirliyi müəllim əməyinə diqqəti sistemli şəkildə artırıb: sertifikasiya, maaş artımı, stimullaşdırıcı əlavələr, region müəllimlərinə dəstək, məktəb infrastrukturu və texniki təminatın yaxşılaşdırılması, kadr yerləşdirilməsində şəffaflıq. Tam ştat modeli isə bu siyasətin məntiqi davamı olaraq həm maliyyə, həm idarəetmə, həm də keyfiyyət baxımından tətbiq edilə bilər. Bu, Azərbaycan müəlliminin sosial təminatını və institusional nüfuzunu yüksəldən yeni mərhələdir”.

 

Bəsti Rəfizadə

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR