“Valideynlər öz gərginliyini məktəbdə atır" - Kamran Əsədov

Tərtərdə 11-ci sinif şagirdinin sinif yoldaşının valideyni tərəfindən döyülməsi faktı cəmiyyətdə ciddi narahatlıq doğurub. Son dövrlərdə ölkə məktəblərində şagirdlərə qarşı zorakılıq hallarının, istər müəllim tərəfindən, istərsə də valideyn və ya digər şəxslər tərəfindən artdığı müşahidə olunur.
Belə halların qarşısını almaq üçün təhsil müəssisələrində hansı tədbirlər görülməlidir? Eyni zamanda hadisələrin təkrarlanmaması üçün məktəblərdə daha sərt nəzarət mexanizmləri, psixoloji xidmətlər və valideyn-məktəb əməkdaşlığı necə gücləndirilə bilər?
Mövcud suallarla bağlı Sfera.az-a açıqlama verən təhsil eksperti Kamran Əsədov ilk növbədə qeyd edib ki, Tərtərdə baş verən hadisə-11-ci sinif şagirdinin sinif yoldaşının valideyni tərəfindən döyülməsi təkcə bir məktəbin problemi deyil, ümumi təhsil mühitində sosial-psixoloji sistemin zəifləməsinin, ailə-məktəb münasibətlərinin pozulmasının bariz göstəricisidir:

“Bu kimi hadisələr son illərdə təəssüf ki, daha tez-tez qeydə alınır və artıq təsadüfi hal yox, sistemli boşluqların nəticəsi kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikasının Təhsil haqqında Qanunun 30-cu maddəsinə əsasən, “təhsil müəssisəsində tərbiyə və tədris prosesinə kənar müdaxilə, müəllim və şagirdə qarşı zorakılıq halları yolverilməzdir”. Eyni zamanda Uşaq hüquqları haqqında Qanunun 9-cu maddəsi uşağın “fiziki və psixoloji zorakılığa, təhqirə, alçaldılmaya məruz qalmasının qəti şəkildə qadağan” olunduğunu təsbit edir. Yəni bu kimi hadisələr təkcə mənəvi deyil, həm də hüquqi cinayətdir. Amma qanunların mövcudluğu yetərli deyil. Problem bu müddəaların praktik müstəviyə çevrilməməsindədir”.
Ekspert hazırkı vəziyyəti təhlil etdikdə məktəblərdə zorakılığa qarşı mexanizmlərin reaktiv xarakter daşıdığını və hadisə baş verdikdən sonra araşdırma aparıldığını, amma önləyici tədbirlərin sistemli şəkildə işləmədiyini bildirib:
“Elm və Təhsil Nazirliyi son illərdə bu istiqamətdə bir sıra mühüm addımlar atıb: “Məktəbdə təhlükəsizlik qaydaları haqqında təlimat”, “Məktəb psixoloji xidmətinin gücləndirilməsi proqramı”, “Uşaqlara qarşı zorakılığın qarşısının alınması strategiyası” kimi sənədlər qəbul edilib. Nazirliyin bu addımları müsbət və strateji xarakter daşıyır, lakin hələ bütün məktəblərdə bu mexanizmlərin real tətbiqi təmin olunmayıb.
Statistik göstəricilər vəziyyətin ciddiliyini təsdiqləyir. Son üç ildə apardığım araşdırmaya görə, məktəblərdə zorakılıqla bağlı 400-dən çox hadisə qeydə alınıb, onların 70 faizi isə müəllim-şagird və valideyn-şagird münasibətlərində baş verib. Bu artım bir tərəfdən cəmiyyətin aqressiv davranış modelinin təhsilə sirayət etdiyini, digər tərəfdən məktəbin psixoloji mühitinin zəiflədiyini göstərir”.
K.Əsədov məktəblərdə zorakılığın qarşısının alınması üçün ilk növbədə psixoloji xidmət sisteminin köklü şəkildə gücləndirilməli olduğunu vurğulayıb.
O qeyd edib ki, hazırda ölkə üzrə 4500-ə yaxın məktəbin yalnız təxminən 60 faizində psixoloq fəaliyyət göstərir:
“Bir çox hallarda isə bir psixoloq eyni anda bir neçə məktəbdə işləməyə məcburdur. Bu vəziyyətdə nə fərdi konsultasiya mümkündür, nə də profilaktik iş. Halbuki müasir təhsil sistemlərində xüsusilə Finlandiya, Kanada və Yaponiya təcrübəsində hər məktəbdə sosial işçi və psixoloq tandemi fəaliyyət göstərir. Bu tandem şagird, ailə və müəllim arasında əlaqəni tənzimləyir, zorakılıq əlamətləri hələ ilkin mərhələdə aşkarlanır. Azərbaycanda da bu model mərhələli şəkildə tətbiq olunmalıdır. Eyni zamanda, məktəb-valideyn münasibətləri müasir kommunikasiya prinsipləri əsasında qurulmalıdır. Valideyn yalnız hesabat dinləyicisi yox, təhsil prosesinin tərəfdaşı olmalıdır. Əks halda, bu cür hallarda valideynlər məktəbə tənqidçi və cəza yönümlü yanaşır”.
Onun fikrincə, məktəblərdə mütəmadi olaraq valideynlər üçün “emosional tərbiyə”, “münaqişə həlli”, “müəllim-şagird dialoqu” kimi maarifləndirici təlimlər keçirilməlidir:
“Elm və Təhsil Nazirliyinin “Məktəb-ailə əməkdaşlığı” modeli bu baxımdan mühüm addımdır, lakin onun tətbiqi daha çox inzibati deyil, praktik xarakter daşımalıdır.
Məktəbdə nəzarət və təhlükəsizlik mexanizmləri də yenilənməlidir. Hazırda bəzi məktəblərdə nəzarət kameraları formal olaraq quraşdırılır, lakin real izləmə və təhlil mexanizmi yoxdur. Zorakılıq hadisələrinin bir çoxu məktəbin həyətyanı ərazisində və ya dərs bitdikdən sonra baş verir. Buna görə məktəblərdə təhlükəsizlik işçilərinin və sosial patrul sistemlərinin tətbiqi zəruridir. Finlandiyada bu məsələ “school safety officer” mexanizmi ilə həll olunur – hər məktəbdə zorakılığın qarşısını alan xüsusi hazırlıqlı şəxs fəaliyyət göstərir. Azərbaycanda bu model pilot olaraq tətbiq olunsa, real nəticə verə bilər”.
Əsədov məktəblərdə zorakılığın artmasının səbəblərindən birinin ictimai aqressiyanın artması və sosial stressin göstəricisi olduğunu deyib:
“Valideynlər çox zaman öz gərginliyini məktəbdə, müəllim və şagird üzərində çıxır. Bu, ailə psixologiyasının zəifləməsindən və sosial mədəniyyətin dəyişməsindən irəli gəlir. Ona görə də bu problemin həlli yalnız məktəblə məhdudlaşmamalıdır. Dövlət səviyyəsində maarifləndirmə kampaniyaları, valideynlər üçün təlim proqramları və sosial-psixoloji dəstək xətləri yaradılmalıdır. Elm və Təhsil Nazirliyinin son illərdə bu istiqamətdə gördüyü işlər təqdirəlayiqdir. Nazirliyin təşəbbüsü ilə “Məktəbdə sosial mühit” layihəsi çərçivəsində yüzlərlə psixoloq və sosial işçi hazırlanıb, məktəblərdə davranış pozuntularının erkən aşkarlanması üçün pilot monitorinq sistemi tətbiq edilib. Eyni zamanda, Nazirliyin psixoloji xidmət bölmələri regional idarələrdə yaradılıb, bu da yerlərdə operativ reaksiya mexanizmini təmin edir. Bu, müasir idarəetmə baxımından çox vacib və səmərəli addımdır”.
Müsahib əlavə edib ki, bununla belə, daha ciddi nəticələr üçün qanunvericilik səviyyəsində məktəbdə zorakılığa qarşı sanksiyalar sistemi sərtləşdirilməlidir:
“Valideynin və ya kənar şəxsin məktəb ərazisinə icazəsiz daxil olması, müəllim və ya şagirdə fiziki və ya psixoloji təzyiq göstərməsi halları inzibati deyil, cinayət məsuliyyəti daşımalıdır. Bu cür cəzalar təkcə hadisəyə reaksiya deyil, həm də cəmiyyət üçün xəbərdarlıq funksiyası daşıyacaq.
Hesab edirəm ki, Tərtərdəki hadisə tək bir məktəbin problemi deyil, təhsil mühitinin psixoloji və sosial təhlükəsizliyinin zəifliyinin göstəricisidir. Problemin həlli yalnız inzibati tədbirlər deyil, emosional təhlükəsizlik mədəniyyətinin formalaşmasıdır. Elm və Təhsil Nazirliyinin son illərdə bu istiqamətdə atdığı addımlar psixoloji xidmətin gücləndirilməsi, ailə-məktəb əməkdaşlığının inkişafı, sosial müdaxilə mexanizmlərinin yaradılması çox müsbət və strateji xarakter daşıyır. Amma bu siyasətin real nəticə verməsi üçün universitetlərdə psixoloq hazırlığı gücləndirilməli, məktəblərdə hər bir uşağın səsini eşidən sistem qurulmalıdır. Yalnız bu halda təhsil müəssisəsi tədris yeri olmaqla yanaşı, emosional təhlükəsizlik məkanı funksiyasını da daşıyacaq və cəmiyyət zorakılığın deyil, anlayışın və qarşılıqlı hörmətin mədəniyyətini formalaşdıracaq”.
Fidan Hacızadə
Sfera.az






