Sertifikasiya imtahanından kəsilən müəllimlərin taleyi necə olacaq? - AÇIQLAMA

Sertifikasiya imtahanından kəsilən müəllimlərin taleyi necə olacaq? - AÇIQLAMA

Ötən gün Təhsil İnstitutu ibtidai sinif müəllimləri üçün təkrar sertifikatlaşdırma imtahanında istifadə olunmuş ixtisas suallarını təqdim edib və eyni zamanda həmin suallara neçə nəfərin cavab vermədiyi və ya səhv cavablandırdığı da qeyd edilib. Sosial şəbəkələrdə sualların çətinliyi ilə bağlı müzakirələr gedir. Bəziləri minlərlə müəllimin cavab verə bilmədiyi sualların çox sadə və primitiv olduğunu deyir. Bəziləri isə doğrudan çətin olduğunu iddia edir və imtahandan keçə bilməyən müəllimlərin bundan sonrakı taleyi ilə bağlı narahat olur. 

 

Bəs məsələnin əsl məğzi nədən ibarətdir?

 

Mövzu ilə bağlı Sfera.az-a açıqlamasında təhsil eksperti Kamran Əsədov bildirib ki, müəllimlər öz üzərilərində işləmirlər:

 

“İlk növbədə qeyd edim ki, sertifikasiya Azərbaycanda müəllimlərin bilik və bacarıqlarına uyğun əməkhaqqını müəyyənləşdirən bir qaydadır. Dünyanın bütün inkişaf etmiş ölkələrində sertifikasiya həyata keçirilir. Sertifikasiya bu günə qədər keçirilən qiymətləndirmələr arasında ən alisidir. Əlbəttə, Azərbaycan təhsil sistemində bu gün kifayət qədər müəllim var. Təkcə elə 4432 ümumi orta təhsil müəssisəsində 150 min müəllim çalışır. Etiraf edək ki, tədrisin təşkilində müxtəlif imkanları səfərbər edən və passiv olan müəllimlər eyni əməkhaqqını alırlar. Lakin sertifikasiya mütləq şəkildə çalışan müəllimlə digərlərini fərqləndirməyə imkan verən prosesdir. Əlbəttə ki, biz 2022-ci ildə bu proses başlayanda gözləyirdik ki, hər bir fənn üzrə minimum 10-12 faiz müəllim sertifikasiyadan keçə bilməyəcək. Çünki buna qədər 2014-2018-ci illərdə keçirilən diaqnostik imtahanlar bilavasitə bunu deməyə əsas verir ki, təəssüflər olsun, müəllimlər öz üzərilərində işləmirlər”. 

 

Ekspertin sözlərinə görə, həmin 4 min müəllimin yerinə gənc kadrlara da şans vermək lazımdır:

 

“Bildiyimiz kimi, sertifikasiya imtahanı nəticəsində artıq 4 minə yaxın müəllim öz işini itirib. Bu o demək deyil ki, biz o insanların yenidən təhsil sistemində işləmək hüququnu məhdudlaşdırırıq. Sertifikasiyadan kəsilən müəllimlər adi qaydada növbəti ildən etibarən Müəllimlərin İşə Qəbulu (MİQ) vasitəsilə işə qəbul ola bilərlər. Bununla yanaşı, Elm və Təhsil Nazirliyi humanizm prinsipini irəli sürərək həmin şəxslərin məktəblərdə digər sosial pedaqoq yerlərində çalışmasında maraqlıdır. Çünki onların məktəblə bağlı təcrübələri və bilikləri var. Birmənalı şəkildə 20-30 illik müəllimlik stajı olan kadrların sertifikasiyaya cəlb olunması normaldır. Müasir dövrün tələbləri var. BMT-nin 2030-cu illə bağlı hədəflərindən biri ixtisaslı və peşəkar müəllimlərin yetişdirilməsini irəli sürür. Məqsəd dəyişən dünyada yeni kontingentin formalaşmasıdır. Biz bu məsələyə “4 min insanı itirdik” kimi baxmamalıyıq. Onların yerinə daha hazırlıqlı və bacarıqlı şəxsləri  MİQ-dən daxil edəcəyik. Kimsə desə ki, gənclər sinfi idarə edə bilmir, bu, yanlış düşüncədir. Biz o gənclərə də şans verməliyik. 20-30 il müəllim kimi fəaliyyət göstərən biri bu müddətdə ən azından 20-30 dəfə o dərslikləri təkrarlayıb. İllər ərzində dərsliklər dəyişsə də, mövzular dəyişməyib. Həmin müəllimlər sertifikasiyada öz keçdikləri mövzulardan imtahan veriblər. Əlbəttə ki, biz demirik, həmin müəllimləri tam çıxaraq, onların yanındayıq”. 

 

K.Əsədov qeyd edib ki, digər ölkələrdə daha sərt qaydalar var. Azərbaycan humanizm göstərib, keçən il kəsilənlərə bir daha şans verməsinə baxmayaraq, 1 il ərzində onlar üzərlərində çalışmayıb, əyri yollara əl ataraq kimlərisə tapıblar ki, bal yazdırsınlar:

 

“Bu, yaxşı yanaşma tərzi deyil. Bu gün əsas hədəf daha yaxşı Azərbaycan müəllimini formalaşdırmaqdır ki, onlar uşaqlara dərs keçsinlər. Heç bir təhsil sisteminin səviyyəsi müəllimin bilik səviyyəsindən üstün deyil. Bu gün bizim müəllimlərimiz 1.6 milyon şagirdə dərs deyir. Bu o deməkdir ki, həmin 4 minə yaxın müəllim nə qədər şagird yetişdirib. Biz bu gün buraxılış və qəbul imtahanlarnın nəticələrindən şikayət edirik, uşaqlarımızın göstəricilərindənrazı deyilik. Çünki onlara dərs deyən müəllimlərin özlərinin kompetensiyaları yüksək deyil. Təsəvvür edin, ən strateji iki ixtisas var: ibtidai sinif müəllimliyi (uşaqların təməlini qoyur) və onlara öz ana dilini öyrədən Azərbaycan dili və ədəbiyyatı müəllimləri. Onlar arasında bu qədər müəllim minimal balı toplaya bilmirsə, onların dövlət məktəbində qalmağında maraqlı olmamalıyıq”. 

 

Ekspert sonda vurğulayıb ki, sertifikasiya bundan sonra daha çətin keçirilməlidir:

 

“Sertifikasiya prosesi davam etməlidir. Bu imtahan ləğv olunmayacaq. Növbəti illərdə imtahanlar daha da sərt və çətin keçirilməlidir. Sertifikasiya daha bilikli və bacarıqlı uşaqların yetişməsinə gətirib çıxaracaq, çünki onlara daha peşəkar müəllimlər dərs deyəcək”.

 

Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR