I sinfə qəbulu müsabiqə ilə aparılan təhsil müəssisələri – SİYAHI

2024-2025-ci tədris ili üçün ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbulu 1 may tarixindən başlayır.
Maraqlıdır, hansı ümumi təhsil müəssisələrinin 1-ci sinfinə qəbul müsabiqə yolu ilə aparılır?
Mövzu ilə bağlı Sfera.az-a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.
Bildirilib ki, Bakı Avropa liseyi, Respublika İncəsənət gimnaziyası, Bülbül adına orta ixtisas musiqi məktəbinin həm Azərbaycan, həm də rus bölməsi üzrə 1-ci siniflərinə uşaqların qəbulu müsabiqə yolu ilə aparılır. Uşaqların qəbulu zamanı heç bir prioritet üzrə üstünlük nəzərə alınmır.
““Ankara məktəbi” məktəb-lisey, İ.Hacıyev adına “Tərəqqi” texniki-humanitar liseyi, İ.Əfəndiyev adına Elitar gimnaziya, Bakı Slavyan Universiteti nəzdində məktəb-lisey kompleksi, T.Həsənov adına 23 nömrəli tam orta məktəb, 132-134 nömrəli Təhsil Kompleksi, T.İsmayılov adına 6 nömrəli məktəb-lisey, “Zəngi” liseyi və 160 nömrəli klassik gimnaziyanın rus bölməsinin 1-ci siniflərinə prioritetlər üzrə üstünlüyü olmayan uşaqların qəbulu müsabiqə yolu ilə aparılır.
Bakı Avropa liseyi, Respublika İncəsənət gimnaziyası və Bülbül adına orta ixtisas musiqi məktəblərinin tədrisi Azərbaycan dilində aparılan I siniflərinə qəbul uşaqların xüsusi hazırlıqlarının yoxlanılması məqsədilə təşkil olunan müsabiqə komissiyalarının rəyi əsasında həyata keçirilir.
Qeyd olunan təhsil müəssisələrinin rus bölməsi üzrə birinci siniflərinə qəbul isə həmin dil üzrə şifahi nitq bacarıqlarının yoxlanılması məqsədilə təşkil olunan müsahibə və uşaqların xüsusi hazırlıqlarının yoxlanılması məqsədilə təşkil olunan müsabiqə komissiyalarının rəyi əsasında aparılır”,- məlumatda qeyd olunub.
Firuzə Əliyeva