“Necə ola bilər ki, universitet məzunu yenidən repetitor yanına getsin?” - Professor Zahid Məmmədov

“Necə ola bilər ki, universitet məzunu yenidən repetitor yanına getsin?” - Professor Zahid Məmmədov

8 sentyabr Beynəlxalq Savadlılıq Günüdür. UNESCO tərəfindən 1967-ci ildən qeyd olunan bu əlamətdar günün məqsədi savadlılığın insanlar, icmalar və ümumilikdə cəmiyyət üçün faydasına diqqət cəlb etməkdir.

 

Bəs Azərbaycanda savadlılıq hansı səviyyədədir? Bu məsələ ilə bağlı hansı işlər görülməlidir?

 

Məsələ ilə bağlı Sfera.az-a açıqlamasında iqtisad elmləri doktoru, professor Zahid Məmmədov bildirib ki, savadın və maariflənmənin mənbəyi ali məktəblərdir:

 

“Savadın və maariflənmənin mənbəyi ali məktəblərdir. Mən həmişə ali məktəblərin çəkisini onun ətrafındakı iaşə obyektləri ilə deyil, kitab mağazaları ilə ölçürəm. Məsələn, İstanbul və Sankt-Peterburq Universitetlərinin ətrafı kitabxanalarla əhatələnib. Mən universitetlərin ətrafında repetitor görəndə saatlarla özümə gələ bilmirəm. Necə ola bilər ki, universitet məzunu yenidən repetitor yanına getsin? Sən özün savadlılığı təbliğ etmək yerinə, özün də kursa gedirsən. Bu məni həddindən artıq üzür.

 

Digər məsələ isə xarici universitetlərin təbliğatıdır. Buna milli təhlükəsizlik kontekstində baxılmalıdır. Bu gün inkişaf etmiş ökklələrdə universitetlərdə prioritet olaraq milli təhlükəsizliyin əsas kontekstləri tədris olunur. Burada başqa fikirlər, yad ünsürlərin təbliğatı qəbuledilməzdir. Biz Azərbaycan dilinin qorunması ilə əlaqədar nə edirik? Gecə-gündüz ingilis dilində tədris aparan universitetləri təbliğ edirik. Azərbaycanda ingilis dilində təhsil almağın təbliğatı gedir. Ulu öndər yazıçılar iittifaqında çıxışında demişdi ki, bəzi dilləri bilməyiniz faydalıdır, amma ilk növbədə Azərbaycan dilini mükəmməl bilməlisiniz. Öyrənilən xarici dillər isə Azərbaycan dilinin inkişafına xidmət etməlidir.

 

O gün ciddi telekanalların birində verilişə baxıram, aparıcı qonağını xaricdə təhsil aldığı üçün tərifləyir. Bəs bu xaricdə təhsil almış azərbaycanlı nə danışdı? Yarı Azərbaycan, yarı digər dillərdən istifadə edərək “education”nun inkişafı, “communication” etmək, “innovation” tətbiq etmək kimi cümlələr qurdu. Bunlara nəzarət edilmir. Nə baş verir?”

 

Professor təklif edib ki, rayon və kəndlərdə xalq məktəbləri açılmalıdır:

 

“Dünən televiziyada gördüm ki, bir nəfər kənddə məktəb olmadığına görə uşaqları yığıb dərs keçirdi. Xalqın maariflləndirilməsi və savadlılığın artırılması üçün rayon və kəndlərdə xalq məktəbləri açılmalıdır. Kurslar yaradılmalıdır. Yaşından və cinsiyyətindən asılı olmayaq hər kəs gəlib burada savad ala bilməlidir.  Bəzən ölkəmizə gələn xarici vətəndaşlar dilimizi öyrənmək istəyirlər. Niyə də dilimizi tədris etdiyimiz xalq məktəbləri olmasın? Amerikada artıq ləhcələr sıradan çıxır, hər kəsə öz dillərini öyrətdikləri müəssisələr fəaliyyət göstərir. Bizim bu işi qarşılıqsız, sevə-sevə edəcək onlarla təqaüdçü müəllimimiz var. Bundan başqa, o gün bir diazayner mənə deyirdi ki, mənə dərziliyi öyrədəcək birini tapmıram. Baxın, nə qədər yeni sahələr var. Bunlar kənd və rayonlarda tədris olunmalıdır”.

 

Z.Məmmədov sosial şəbəkələrin də savadlılığa təsirini xüsusi qeyd edib:

 

“Sosial şəbəkələrdə, xüsusən də “Tiktok”da yaranan pisliklər nədən qaynaqlanır? Təbii ki, hamısı savadsızlıqdan. Dünyada 3 növ insan var. Birincisi oxuduğunu anlayır, ikincisi izah ediləndə anlayır, üçüncüsü isə nə oxuduğunu, nə də izah ediləni anlayır. Birincisi ağıllı, savadlı və yaxşı, sonuncusu isə pis adamdır.

 

XXI əsrdə hələ də kiminsə çılpaq görüntülərinə “like” atır. Bir anlıq düşünün. Mənim 2018-ci ildə Polşada Qarabağla bağlı çıxışım var, Ermənistanı ifşa etmişəm. Mənim paylaşımımı 2 nəfər bəyənib, amma kimsə çılpaq fotosunu paylaşır, ona 2 milyon nəfər “like” atır. Rəşid Behbudovun “Ey Vətən” mahnısına 30 min, amma avara bir müğənninin mahnısına 35 milyon insan baxır. Bu nə göstəricidir? Bu savadsızlıq göstəricisi deyilmi? Ciddi şirkətlər belə reklam üçün meyxanaya üz tutublar.  Dəhşətdir...”

 

Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR