Moskva və Kiyev nədə razılaşmır? - ŞƏRH
Rusiya-Ukrayna müharibəsinin dayandırılması istiqamətində diplomatik təmaslar davam etsə də, tərəflərin əsas məsələlər üzrə mövqeləri arasında ciddi fərqlər qalır.
Atəşkəsin hansı şərtlərlə əldə olunması, işğal altındakı ərazilərin gələcəyi, Ukraynanın təhlükəsizlik təminatları və Rusiyaya qarşı tətbiq edilən sanksiyalar danışıqların ən mürəkkəb istiqamətlərindəndir.
Xüsusilə Moskvanın bütün mübahisəli məsələlərin vahid paket çərçivəsində razılaşdırılmasını istəməsi, Kiyevin isə təhlükəsizlik və ərazi bütövlüyü ilə bağlı tələbləri bu prosesi daha da çətinləşdirir.
Yaxın vaxtlarda üçtərəfli danışıqların növbəti raundunun keçirilməsi nəzərdə tutulsa da, tərəflərin ortaq mövqeyə gələ bilmədiyi məsələlər müzakirələrin nəticəsi ilə bağlı suallar yaradır.
Bəs Moskva və Kiyev hansı əsas şərtlərdə razılığa gələ bilmir? Rusiyanın atəşkəsdən əvvəl bütün məsələlərin paket şəklində həllini tələb etməsi danışıqlara necə təsir göstərir? Ukraynanın ərazi bütövlüyü və təhlükəsizlik təminatları ilə bağlı mövqeyi nəzərə alınarsa, növbəti görüşlərdə real irəliləyiş əldə etmək mümkündürmü?
Politoloq Natiq Miri Sfera.az-a açıqlama verib və bildirib ki, danışıqların əsas çətinliklərindən biri Rusiyanın atəşkəsə dair yanaşmasıdır. Onun sözlərinə görə, Moskva əvvəlcə atəşkəsin elan olunmasını, daha sonra ayrı-ayrı məsələlərin müzakirəsini qəbul etmir:

“Rusiya bütün mübahisəli məsələlərin vahid paket şəklində razılaşdırılmasını və yalnız bundan sonra atəşkəsə keçilməsini istəyir. Bu yanaşma danışıqların irəliləməsini çətinləşdirir. Çünki məsələlərin mərhələli şəkildə müzakirəsi və razılaşdırılması daha real diplomatik imkanlar yarada bilər. Lakin hərbi əməliyyatların intensiv şəkildə davam etməsi istənilən mərhələdə danışıqların pozulması riskini artırır.
Rusiyanın bu mövqeyinin arxasında qış mövsümündən siyasi və hərbi təzyiq vasitəsi kimi istifadə etmək niyyəti dayanır. Ukraynanın enerji infrastrukturlarına, yaşayış məntəqələrinə və digər mülki obyektlərinə endirilən zərbələr ölkəni həm iqtisadi, həm də humanitar baxımdan çətin vəziyyətə salmağa hesablanıb”.
Ekspert vurğulayıb ki, tərəflərin razılığa gələ bilmədiyi əsas məsələlərdən biri Ukraynanın gələcək təhlükəsizlik təminatlarıdır. Bildirib ki, Kiyev NATO-ya üzvlük mümkün olmadığı təqdirdə, alyansın kollektiv müdafiə prinsipinə uyğun təhlükəsizlik təminatlarının ABŞ və Avropa dövlətləri tərəfindən verilməsini istəyir:
“Bununla yanaşı, danışıqlarda Avropanın gələcək təhlükəsizlik arxitekturası da mühüm yer tutur. Rusiya NATO-nun 1997-ci ildən sonra alyansa üzv olan Şərqi Avropa ölkələrində hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb edir. Bu isə Moskvanın Ukrayna məsələsi ilə yanaşı, Avropadakı təhlükəsizlik sisteminin də yenidən formalaşdırılmasını gündəmə gətirdiyini göstərir.
Rusiyanın digər tələbləri arasında Qərbin tətbiq etdiyi iqtisadi sanksiyaların ləğvi, Ukrayna ordusunun sayının və silahlanmasının məhdudlaşdırılması, eləcə də Qərb ölkələrinin Ukraynaya hərbi dəstəyinin dayandırılması var”.
Ərazi məsələsinin də danışıqların ən ciddi mübahisə predmetlərindən biri olduğunu deyən ekspert qeyd edib ki, Moskva Donbasın Ukraynanın nəzarətində qalan hissəsinin də Rusiyaya verilməsini tələb edir.
“Kiyev isə bu tələbi qəbul etmir. Bu ziddiyyətlər tərəflərin ortaq razılığa gəlməsini çətinləşdirən əsas amillərdəndir. Bütün bu tələblərin eyni paket daxilində razılaşdırılması yaxın perspektivdə sülh sazişinə nail olunmasını çətinləşdirir. Müharibənin yeni ilə qədər başa çatacağı ilə bağlı gözləntilər real görünmür. O cümlədən, Rusiyanın cəbhə xəttində əldə edə bilmədiyi nəticələri uzaqmənzilli dron və raket hücumları ilə kompensasiya etməyə çalışması da müharibənin diplomatik yolla həllini mürəkkəbləşdirir”, – ekspert bildirib.
İradə Elsevər
Sfera.az






