Avropalılar Bakı ilə təmasları artırıb — SƏBƏBLƏR
Son dövrlər Avropanın aparıcı dövlətlərinin Azərbaycanla diplomatik təmasları intensivləşib. Rəsmi Bakının həm Avropa, həm də Asiya ölkələri üçün artan strateji əhəmiyyəti bu marağı daha da gücləndirir. Azərbaycanın enerji resursları və Şərqlə Qərbi birləşdirən tranzit imkanları ölkəni beynəlxalq münasibətlər sistemində mühüm mövqeyə çıxarır.
Bəs Avropanın böyük dövlətləri Azərbaycanla əlaqələri genişləndirməklə hansı maraqları təmin etməyə çalışırlar?
Politoloq Elçin Xalidbəyli Sfera.az-a açıqlamasında bildirib ki, son dövrlər Cənubi Qafqazın, xüsusilə Azərbaycanın qlobal güclər üçün strateji əhəmiyyəti xeyli artıb.
Onun sözlərinə görə, bunun əsas səbəblərindən biri yaxın gələcəkdə Azərbaycanın dünyanın mühüm tranzit qovşaqlarından birinə çevrilməsi perspektividir:
“Asiya ilə Avropanı birləşdirəcək, eyni zamanda digər regionlara çıxış imkanları yaradacaq Zəngəzur dəhlizi Azərbaycanın beynəlxalq əhəmiyyətini artırır. Bu səbəbdən vaxtilə Azərbaycana qarşı qərəzli mövqe sərgiləyən bəzi dövlətlər də Bakı ilə münasibətlərini yaxşılaşdırmağa və əməkdaşlığı genişləndirməyə çalışırlar”.

O bildirib ki, hazırda Azərbaycanın ABŞ, Böyük Britaniya, Çin və Avropa İttifaqının bir sıra aparıcı ölkələri ilə strateji tərəfdaşlıq münasibətləri mövcuddur:
“Həmçinin Avropa İttifaqı ilə enerji təhlükəsizliyi sahəsində strateji tərəfdaşlıq sənədi imzalanıb.
Bütün bunlar Azərbaycanın həm Avropa, həm də Asiya ölkələri üçün əhəmiyyətini nümayiş etdirir. Onun fikrincə, bundan sonra da Cənubi Qafqazda geosiyasi və geostrateji maraqları olan dövlətlər Azərbaycanla münasibətlərini inkişaf etdirməyə çalışacaqlar.
Regionda hər hansı dövlətin maraqlarını Azərbaycanın siyasi iradəsini nəzərə almadan reallaşdırması mümkün deyil. Beynəlxalq güclər Cənubi Qafqazdakı mövqelərini möhkəmləndirmək üçün Bakı ilə daha sıx əlaqələr qurmağa çalışırlar".
İradə Elsevər






